Əlbəttə, uğursuzluq heç də hər yerdə və həmişə dəbdə olmayıb. Dünyanın əksər yerlərində iflasa çox pis baxılır. Bu, zəiflik əlaməti kimi yozulur və əksər hallarda insanları ikinci şansdan məhrum edir. “Dünyanın bir çox yerlərində uşaqlara erkən yaşlardan öyrədilir ki, iflas özü ilə rüsvayçılıq gətirir və adam əlindən gələni etməlidir ki, başladığı iş iflasa uğramasın, müvəffəq olsun.” Müəllifin bu məqamda irəli sürdüyü nəzəriyyə kifayət qədər maraqlıdır. Onun fikrincə Qərb sivilizasiyasını bütün yerdə qalanlardan fərqləndirən məhz bu iflasa göstərilən tolerantlıq olub. “Bəli, iflasa dözümü olmayan cəmiyyətlərdən çıxmış bir çox mühacirlər iflasa-tolerant cəmiyyətlərə köçdükdən sonra çiçəklənirlər və durğunluğu arxada qoyurlar. İflas müvəffəqiyyəti buxovdan azad edir.”
Kevin Kelly
Kevin Kelly elm hada maraqlı müşahidə edir. Onun fikrincə elmi təcrübələrin bəşəriyyətə əxz etdiyi başlıca dərs odur ki, məğlubiyyət qəzaları yola verməyin bir üsuludur. “Elmdə baş verən xətalar kiçik saxlanılır, idarə olunur, sabit qalır və izlənilə bilir. Səhvlər bilərəkdən edilmir ancaq elə yola verilir ki, bu hər dəfə baş verəndə yeni nəsə öyrənilir.” Müəllif hesab edir ki, elm mənfi nəticələri istismar etməyin ən kamil yolunu tapıb. Əslində elmi metodun özü başdan başa bu xətaların üzərində qurulub. Laboratoriyada aparılan elmi təcrübələr dəfələrlə iflasa uğrayır, amma sonda aşkar edilən həqiqət sivilizasiyanı irəli aparır. Bu məqamda yada elektrik lampasını icad etmiş Tomas Edison düşür. Deyilənə görə lampanı inkişaf etdirməzdən öncə onun təcrübələri yüz dəfədən çox iflasa uğramış, amma alim inadkarlığından əl çəkməmişdi. “Mən dəfələrlə uğursuzluğa düçar olmuşam, elə ona görə də müvəffəq oluram,” deyə məşhur basketbolçu Maykl Cordan həyatdakı nailiyyətlərini izah edirdi.
“İflası açıq ürəklə qəbul etmək o deməkdir ki, nəyisə – ələlxüsus mürəkkəb nəyisə sındırmaq onu daha da yaxşı edir. Əksər hallarda kompleks sistemdən baş çıxarmağın yolu onu bir çox vasitələrlə iflasa uğratmaqdan və beləliklə də limitləri müəyyən etməkdən keçir.” Buna misal olaraq Kelly kompüter softveyrlərin inkişafını göstərir. Hər dəfə kompüter proqramı istifadəyə verilməzdən öncə mühəndislərə onu sistematik yolla dağıtmaq tapşırılır ki, möhkəmliyi, istifadəliliyi yoxlanılsın. Cihazı imtahana çəkməyin ən yaxşı yolu onu iflasa uğratmaq və sistemdə həqiqi qüsurları aşkar etməkdir. “Dahi mühəndislərin şakəri şeyləri sındırmaqdır ki, bu, çox vaxt mühəndis təxəyyülü olmayanları təəccübləndirir. Eləcə də alimlərin iflasa tolerantlığı kənar müşahidəçiləri təəccübləndirir. Amma mənfi nəticələri qəbul etmək vərdişi uğur qazanmağın ən başlıca vasitəsidir,” deyə Kevin Kelly fikrini tamamlayır.