Əzra Azəri: İran parlamenti uşaqların zorlanmasını qanuniləşdirir [Audio]

Əzra Azəri

İranlı kişilərin övladlığa götürdüyü 13 yaşdan böyük qız uşağı ilə evlənməsini mümkün edən qanun layihəsinin İran Parlamenti tərəfindən qəbul edilməsini bəzi qadın haqları fəalları “uşaqlara təcavüzün qanuniləşdirilməsi” kimi qiymətləndirir. İsveçdə mühacirətdə yaşayan güneyli qadın haqları fəalı Əzra Azəri Amerikanın Səsinə müsahibədə bu qanunun mahiyyəti, muxtəlif qadın haqları qruplarının məsələ ilə bağlı sərgilədiyi münasibəti və güney təşkilatlarının mövqeyini təhlil edib.

Your browser doesn’t support HTML5

Əzra Azəri İranın nikah qanunlarını şərh edir


Kimsəsiz Uşaqları Himayə adı ilə qəbul edilən qanun məhkəmə tərəfindən təsdiq edilməsi şərti ilə kişilərə övladığa götürdüyü uşaqlarla evlənməyə icazə verib. İran qanunlarında qızların evlənmə yaşı 13 olduğu üçün, yeni qanun bir kişinin 13 yaşında qızlığı ilə evlənməsinə imkan yaratmış olur,” deyə Əzra Azəri İran İslami Şura Məclisinin keçirdiyi yeni qanunu təsvir edir.

Fəqət, yeni qanunla bağlı İran qadın haqları qrupları tərəfindən vahid mövqe sərgilənmir. Bu qanuna etiraz etməyib, hətta onu müsbət bir addım kimi qiymətləndirən qruplar da mövcüddür. Xanım Azəri ikinci baxışı belə izah edir: “Onlar deyir ki, keçmişdə övladlıq ilə evlənmək qanuni olmasaydı da qadağan deyildi. Amma indiki qanun evlənməyi məhkəmənin təsdiqi ilə qəbul edir və ən azından məhkəmə onların hüquqlarını qoruya bilər.”

İran qanunlarında qızların evlənmə yaşı 18 olsaydı, dartışmaların mövzusu fərqli olardı. Ancaq, evlənmə yaşı 13 olduğu üçün bəziləri yeni qanunun qəbul edilməsinə uşaqlara təcavüzün qanuniləşdirilməsi kimi baxırlar.
“Onlar qadın haqlarını mənsub olduqları siyasi düşüncəyə fəda edirlər,” deyə ikinci görüşü irəli sürən qrupları tənqid edən güneyli fəal yeni qanunun zərərləri və ortaya çıxaracağı mənfi nəticələri izah edir: “İran qanunlarında qızların evlənmə yaşı 18 olsaydı, dartışmaların mövzusu fərqli olardı. Ancaq, evlənmə yaşı 13 olduğu üçün bəziləri yeni qanunun qəbul edilməsinə uşaqlara təcavüzün qanuniləşdirilməsi kimi baxırlar,” deyə Əzra xanım söyləyir.

O, həmçinin deyir ki, “xalq arasında kimsəsiz uşaqları övladlığa götürmək hər zaman ərdəm sayılmışdır. Lakin indiki qanun cəmiyyətdəki bu baxışa zərbə vurur, atalıq və qızlıq arasındakı əlaqə ilə bağlı cinsəl bir baxış yaradır.”

Əzra Azərinin dediklərinə görə, İran Parlamentinin çıxardığı yeni qanunun mənfi nəticələrindən biri də dul qadınlarla bağlıdır: “Qız uşağı sahibi olan dul bir qadın biri ilə evlənmək istəsə, hər zaman həyat yoldaşı və qızı ilə bağlı qayğı içində olacaq. Çünkü yeni qanunun törətdiyi atmosferdə qadının əri onun qızına da potensial bir həyat yoldaşı olaraq baxa bilər.”

Bəzi qadın haqları fəallarının fikrincə, yeni qanunun qadın haqlarına zidd olduğunu gizlətmək istəyənlər adətən özlərini “islahatçılar” kimi qələmə verən qüvvələr və prezident Həsən Ruhaniyə yaxın olan qruplardır. Xanım Azəri də eyni fikiri paylaşır: “Həsən Ruhani prezident olduqdan sonra bir ümidvarlıq fəzası yaratmaq istəyirlər. Onlar bundan öncə özlərini Əhmədinejada qarşı gördüklərini üçün hər şeyə etiraz etmək fursətindən istifadə edirdilər. Ancaq, indi özlərini hakimiyyətin yanında görürlər və buna görə də susurlar. Bu isə mədəni topluma yaraşmayan bir şeydir. Bu qruplar qadın haqlarını siyasi məsləhətlərə qurban verirlər,” deyə o, söyləyir.

Azərbaycan Milli Hərəkatının müsbət yönləri olsa da, bir çox mövzunu, o cümlədən qadın haqları və uşaq haqları məsələsini ələ ala bilmir. Bir də hərəkatda belə düşüncə var ki, Tehranda çıxarılan qanunlar bizi əlaqədar etməz. Amma, bu nə zamana qədər davam edəcək?
Güneyli qadın haqları müdafiəçisi Azərbaycan təşkilatlarının həmin qanunla bağlı ciddi münasibət sərgiləmədiklərini də müzakirə edir: “Azərbaycan Milli Hərəkatının müsbət yönləri olsa da, bir çox mövzunu, o cümlədən qadın haqları və uşaq haqları məsələsini ələ ala bilmir. Bir də hərəkatda belə düşüncə var ki, Tehranda çıxarılan qanunlar bizi əlaqədar etməz. Amma, bu nə zamana qədər davam edəcək? Mərkəzdə verilən qərarlar hər halda bizim toplumda da icra edilir. Milli hərəkatın bu növ siyasəti onun kütlədən qopmasına nədən olar.”

İsveçdə yaşayan təbrizli fəalın sözlərinə görə, güneydə konkret bir qadın hərəkatı olmadığı üçün Azərbaycan milli hərəkatının da bu istiqamətdə proqram və planları olmur. “Hərəkatın qadın haqları ilə bağlı proqramsız olması bunu istəmədiyindən deyil iş bilməməzlikdən asılıdır. Bu biz qadınların vəzifəsidir ki həm milli düşüncəni daşıyaq həm də qadınlarla bağlı məsələləri gündəmə gətirək,” deyə o, əlavə bildirir.