Rüfət Muradlı: Güneylilər Azərbaycan Respublikasındakı siyasi proseslərə qatılmalıdırlar [Audio]

Rüfət Muradlı

Azərbaycan Ümid Partiyasının sədr müavini Rüfət Muradlı Amerikanın Səsinə müsahibədə prezidentliyə namizədlərin seçki kampaniyalarında Güney məsələsinin gündəmə çıxarılmasını müzakirə edib. Namizəd İqbal Ağazadəni təmsil edən cənab Muradlı Ümid Partiyasının kampaniyasında Güney məsələsinin mühüm yer tutduğunu bəyan edib. O, habelə güneyli fəalların qarşıdan gələn seçkilərlə nə dərəcədə maraqlanmaları, onların Azərbaycan Respublikasında cərəyan edən siyasi proseslərdə və demokratiyanın inkişafında rol oynaması kimi mövzularla bağlı düşüncələrini paylaşıb.

Your browser doesn’t support HTML5

Rüfət Muradlı Azərbaycan seçkilərində Güneyin rolu haqda danışır


“Mən güneylilərin Qüzey Azərbaycanda cərəyan edən siyasi proseslərə biganə qalmaları ilə razı deyiləm. Onlar proseslərə qatılıb və siyasi məsələlərdə müsbət mənada münasibətlər və görüşlərini ortaya qoya bilməlidirlər,” deyə Ümid Partiyasının Xaricdə Yaşayan Həmvətənlər və Diaspora ilə iş üzrə sədr müavini bildirib.

Onun dediklərinə görə, hazırda həyata keçirilən seçki kampanyalarında İran Azərbaycanında cərəyan edən proseslər gündəmə gəlib. Cənab Muradlı o cümlədən son dönəmlərdə Güneydə baş vermiş həbslərə mənsub olduğu Ümid Partiyasının reaksiya verdiyini deyib.

“Hazırda Azərbaycan Respublikasında bir güneyli ilə hər hansı digər ölkənin vətəndaşı arasında fərq yoxdur. Misal üçün, güneyli Madaqaskar vətəndaşından artıq hüquqa malik deyil,” deyə cənab Muradlı Azərbaycan hakimiyyətinin Güneylə bağlı siyasətini tənqid edib. O, Ümid Partiyasının bu yönümdə proqramlarının “soydaşlıq” və “insanlıq” üzərində müəyyənləşdiyini qeyd edib.

Rüfət Muradlının fikrincə hazırda güneylilərin Azərbaycan Respublikasındakı siyasi proseslərdə iştirakı üçün şərait yoxdur: “Bir güneyli türk Qüzey Azərbaycan sərhədindən ölkəyə girdiyi andan başlayaraq pis rəftarlarla üzləşir. Məmurlara rüşvət vermək məcburiyyətində qalır... Azərbaycan hakimiyyəti onların fəaliyyətini əngəlləyir. Güneylilər basqılara məruz qalmaq və hətta deportasiya edilməkdən qorxduqları üçün çox fəaliyyətlərə qatıla bilmirlər.”

Cənab Muradlı Azərbaycan Respublikasında demokratiyanın inkişafı istiqamətində cərəyan edən siyasi proseslərdə güneylilərin iştirakını istəməyən qüvvələrin mövcudluğunu inkar etmir: “Siz öz problemlərinizi həll edin... Öncə ana dilinizdə təhsil haqqınızı alın, deyə bəziləri güneylilərə söyləyə bilər. Ancaq mən belə münasibəti düzgün görmürəm,” deyə o, vurğulayıb.