Hadi Qaraçay: Güney gənci türk dilinin gücünə inanmağa başlayıb [Audio]

Hadi Qarachay

Sürgündə Güney Azərbaycan Qələm Əncüməninin üzvü Hadi Qaraçay Güneydə türkcə yazanların çoxunun siyasi fəallardan ibarət olduğunu qəbul etmir, ancaq bu dildə yazmağı özü-özlüyündə siyasi fəaliyyət kimi qiymətləndirir. Norveçdə mühacir həyatı yaşayan tanınmış şair Amerikanın Səsinə müsahibədə İran Azərbaycanında türkcə ədəbi əsərlərin yaradılmasında millətçilik və solçuluq kimi muxtəlif siyasi cərəyanların rolunu, habelə yüksəlməkdə olan milli duyğuların ədəbi yaradıcılıq üzərində buraxdığı təəssüratı müzakirə edib.

Your browser doesn’t support HTML5

Hadi Qaraçay Güney ədəbiyyatıl haqda


“Güneydə türkcə ədəbi əsər yaradanların əksəriyyəti siyasi fəallardan ibarətdir” fikrini Hadi Qaraçay düzgün saymır. “Keçmiş illərdə belə ola bilərdi, ancaq bu gün siyasi təşkilatlarda üzvlüyü siyasi fəal olmağın bir şərti kimi qəbul etsək, Güney Azərbaycanda türkcə yazanların çoxu siyasi fəal deyil,” deyə o, vurğulayır.

Amma şair hesab edir ki, İranda türkcə yazmaq və ədəbi əsərlər yaratmaq özü-özlüyündə siyasi fəaliyyətdir. Həmçinin o, siyasi görüşlər və düşüncələrin ədəbi əsərlərin məzmununa daxil edilməsinin bir problem təşkil etmədiyini irəli sürür. “Əsərlərdə siyasi məzmunlardan istifadə etmək özü-özlüyündə pis və ya yaxşı bir hal deyil. Önəmli olan o temanı necə bişirməkdir,” deyə o, söyləyir.

Cənab Qaraçayın sözlərinə görə, milli duyğuların genişlənməsi türkcə yazanların sayının çoxalması istiqamətində böyük miqyasda müsbət təsir buraxıb: “Uzun illər belə təbliğ olunmuşdu ki, türk dilində ədəbi əsərlər yaratmaq olmaz,” deyə İranda türk dili və ədəbiyyatına qarşı yürüdülən siyasətlərə toxunan Hadi Qaraçay əlavə edir ki, “ancaq Güney Azərbaycan gənci indi bir tarixi güvənliyi ələ keçirib və türkcənin güclü bir dil olduğuna inanmışdır.”

“Beçələr Banlayanda” və “Badamlıqlar” kitablarının müəllifi İranda fars dilində nəşr edilən əsərlərin türkcə əsərlərdən daha çox oxunduğunu güman etmir.
Cənab Qaraçay həmçinin millətçi və sol cərəyanların İran Azərbaycanında ədəbi yaradıcılığa buraxdığı izlər haqda fikirlərini Amerikanın Səsi ilə paylaşıb.