Bloq: Konspirativ təxəyyül

  • Əsgər Möhsümoğlu


“İnsan beyni dünyanı hekayələr vasitəsilə qavrayır,” deyəHekayə Danışan Heyvan: Hekayələr bizi necə insan edirkitabının müəllifi Jonathan Gottschall izah edir. Onun sözlərinə görə bioloji varlıq olaraq bəşər övladları müşahidə etdikləri fenomen ətrafında hekayə qurmağa meyllidirlər. “Yer kürəsində hələ 5-6 adam mövcud olanda onlar bir-birlərinə hekayə danışırdılar. Üstündən on min illər keçmiş, insanların yer üzünü fəth etdikləri bir vaxt çoxumuz hələ də əsatirlərdən yapışıb buraxmaq istəmirik. Hər gün səhifələrdə, səhnədə və ekranlarda hekayələri izləməkdən doymuruq. Fərqi yoxdur – qətl hekayəsi, məhəbbət hekayəsi, müharibə hekayəsi, konspirasiya hekayəsi olsun, doğru yaxud yalan olsun, biz insanlar hekayələrin vurğunuyuq. Hətta bədənimiz dincəlmək üçün yatmağa gedəndə də yuxuda beynimiz oyaq qalaraq özü-özünə hekayələr nəql edir.”

İnsanların ətraf dünyanı anlamasını psixoloji baxımdan təhlil edən kitab insan beyninin hekayələrə bağlantısı barədə bir çox maraqlı məqamlara toxunur. Diqqətimi xüsusilə cəlb edən hissə konspirasiya nəzəriyyələrinə dair idi. “Son dərəcədə kreativ, sevərək işlənmiş süjet xəttinə malik olan konspirasiya nəzəriyyələri əslində mifdən başqa heç nə deyil. Amma bəzi insanlar belə şeylərə inanırlar. Konspirasiya nəzəriyyəçiləri həqiqi məlumatları təsəvvürlərində canlandırdıqları məlumatlarla qarışdıraraq rəvan səslənən, ürəyəyatan alternativ reallıq toxuyurlar.” Müəllif buna misal olaraq illüminatilər, yəhudilər və masonlar haqda əsrlər boyu dolaşan hekayələri misal gətirir. Həyatını gənc yaşlarda itirən az qala istənilən məşhur adamın ətrafında dərhal bir konspirasiya nəzəryyəsi yaranır. Marylin Monroe, Elvis, Şahzadə Diana, John F. Kennedy, Martin Luther King Jr. bu kateqoriyaya daxil olan şəxsiyyətlərdən yalnız bir neçəsidir.

2001-ci il, 11 sentyabr terror hücumu

Konspirasiya nəzəriyyələri Katrina qasırğası (hökumət qarədərilillərin yaşadıqları məhəllələri batırmaq üçün bəndlərə dinamit qoyub), flüorid vurulmuş içməli su təchizatı (beyinləri idarə etmək üçün), afrodiziaklı saqqız (israillilər fələstinli qızları yoldan çıxarmaq istəyir), təyyarələrin iz buraxan buxarı (irqi azlıqlar yaşayan məhəllələrdə insanlarda aqressiyanı artırır), Holokost (olmayıb), 51-ci zona (olub), aya enişi (olmayıb) əhatə edir. “Nəhəng sayda adamlar həqiqətən belə hekayələrə inanırlar,” Gotschall yazır. “Məsələn, 2006-cı ildə keçirilən sorğuya əsasən amerikalıların 36 faizi hesab edir ki, ABŞ hökumətinin 11 sentyabr terror hücumlarında əli olub – bunların çoxu Demokratlar və gənclərdir.” Müəllifin yazıdğına görə konspirativ düşüncə təkcə solçulara xas mərəz deyil. Obamanın mühafizəkar əleyhdarlarının üçdə biri inanır ki, Demokrat prezident gizlində müsəlmandır və Respublikaçıların 45 faizi hesab edir ki, Obama Birləşmiş Ştatlarda anadan olmayıb – və beləliklə, onun prezident olması konstitutsiyaya ziddir.

Konspirasiya nəzəriyyələrinin əsas müəllifləri və abunəçiləri professorlar, universitet tələbələri, menecerlər, jurnalistlər və dövlət məmurlarıdır.

Ən maraqlısı odur ki, konspirasiya nəzəriyyələri əhalinin ən savadlı kəsimi arasında özünə münbit zəmin tapır. Voodo Tarixləri kitabında David Aaronoviç yazır: “Konspirasiya nəzəriyyələri əsasən yüksək təhsilli orta sinif nümayənələrindən qaynaqlanır və onların arasında yayılır. Belə məlum olur ki, avam, keşişlərə tapınan kəndlilər yaxud proletariatın xürafatı bu cür nəzəriyyələrlə əvəzləməsi haqda cəmiyyətdə formalaşan təsəvvür büsbütün yanlışdır. Konspirasiya nəzəriyyələrinin əsas müəllifləri və abunəçiləri professorlar, universitet tələbələri, menecerlər, jurnalistlər və dövlət məmurlarıdır. Bir sözlə, konspiratorial düşüncə axmaq, dünyadan bixəbər adamların məşğuliyyəti deyil. Bu, müşahidə etdiklərində daim məna axtarmaq üçün çırpınan beyinin məhsuludur. Konspirasiya nəzəriyyələri insanları düşündürən başlıca suallara cavab tapır, dünyanın bütün qəzavü-qədərini izah edir.

“Konspirasiya nəzəriyyəçilərinin təfəkküründə təsadüfi pislik yoxdur. Konspiratorial adamın nəzərində pis şey özü-özünə baş vermir. Tarix bir-birinin ardınca baş verən hadisələr yığınağı deyil, yalnız sadəlövhlər və ağılsızlar belə düşünür. Bu səbəbdən də konspirasiya nəzəriyyələri – neçə şeytanı hekayəyə cəlb etmələrindən asılı olmayaraq – həmişə öz sadəliklərində təsəlli tapırlar. Pis şeylər abstrakt tarixi və sosial faktorlarla izah oluna bilməz. Şər əməllər ona görə baş verir ki, pis adamlar bizim xoşbəxtliyimizi məhv etmək üçün qəsdimizə durublar. Siz şərə qarşı mübarizə apara, və hətta şəri məğlub edə bilərsiniz. Yalnız bir şərtlə ki, gizlədilmiş hekayəni oxuya biləsiniz.”