İsa Sadıqova qarşı cinayət işi (yenilənib)

İsa Sadıxov

Istefada olan polkovnik 2001-ci ildən mühacirətdədir
İstefada olan polkovnik İsa Nəzər oğlu Sadıxov beynəlxalq axtarışa verilib. Bu barədə məlumatı Vesti.az saytına hüquq-mühafizə orqanlarındakı mənbə verib.

Məlumata görə, Hərbi Prokurorluğun Xüsusi İstintaq İdarəsində İsa Sadıxov barəsində Cinayət Məcəlləsinin 341.3 (müharibə dövrü və ya döyüş şəraitində və ya hakimiyyət və ya qulluq mövqeyindən sui-istifadə, səlahiyyət həddini aşma) maddəsi ilə cinayət işi başlanıb. Hazırda bu iş üzrə araşdırma aparılır.

2001-ci ildən axtarışda olan və bu yaxınlarda Türkiyədə olan İsa Sadıxov bildirib ki, Azərbaycanda baş verən hadisələri diqqətlə izləyir və tezliklə Bakıya gəlmək niyyətindədir. Onun sözlərinə görə, Milli Şuraya da qoşula bilər.

Bundan başqa, İsa Sadıxov fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin itkin düşmüş qardaşı Mahir Abdullayevin hüquqlarını müdafiə komitəsinin üzvüdür.

Xatırladaq ki, İsa Sadıxov 1992-ci ildə müdafiə nazirinin müavini olub, Azərbaycanın qərbindəki hərbi əməliyyatlara rəhbərlik edib.

Öz növbəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunun mətbuat xidməti Amerikanın Səsinin sorğusuna cavabda bildirilib ki, Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki, Azərbaycan Respublikası Ali Məhkəməsi Hərbi Kollegiyasının 23 yanvar 1996-cı il tarixli hökmü ilə 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Cinayət Məcəlləsinin 244-cü maddəsinin “A” bəndi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilmiş Sadıqov İsa Nəzər oğlunun Cinayət Məcəlləsinin 341.3-cü (hakimiyyətdən sui-istifadə etmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin ibtidai araşdırması aparılır.

Bununla əlaqədar 25 fevral 1993-cü il tarixdə Qazax Qarnizonu Hərbi Prokurorluğu tərəfindən faktı üzrə 01 sentyabr 2000-ci il tarixinədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 255-ci maddəsinin “V” bəndi ilə cinayət işi başlanıb və istintaq aparılıb. 14 aprel 2012-ci il tarixdə cinayət işi üzrə icraatın dayandırılması haqqında 01 dekabr 2001-ci il tarixli qərar təzələnmiş və Cinayət Məcəlləsinin 341.3-cü maddəsinə tövsif edilmişdir.

Hazırda həmin cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.