David Kramer: Həbslər və basqılar seçkilərlə bağlıdır [Video]

Your browser doesn’t support HTML5

Sual: Son həftələrdə Azərbaycanda həbs dalğası yaşanıb. Gənc fəallar və bir sıra siyasi fiqurlar həbs olunublar. Azərbaycanda baş verənlərə reaksiyanız nədir?

Cavab: Biz müxalifət fiqurları, sivil cəmiyyət nümayəndələri və insan haqları fəallarına qarşı çox narahatedici bir basqı görürük. Bu, seçkilər ərəfəsində Azərbaycan üçün yaxşı heç nə vəd etmir. Hətta seçkilər olmadan belə, baş verənlər Azərbaycanda son vaxtlarda misli görünməmiş xarakter alıb. Belə görünür ki, hökumət öz səlahiyyətlərindən sui istifadə edərək tamamilə lazımsız şəkildə hökumət əleyhdarlarını hədəf alır. Ümid edirəm ki, hakimiyyət bu növ basqılara son qoyacaq. Çünki bu davranış çox arzuedilməz nəticələrə gətirib çıxara bilər.

Sual: Prezident seçkiləri yaxınlaşır. Siz düşünürsünüzmü ki, bu həbslərin seçkilərlə əlaqəsi var?

Hökumət opponentlərini təqib etmək əvəzinə, diqqətini seçki kampaniyasına cəmləşdirməli və öz hekayəsini ictimaiyyətə təqdim etməlidir.
Cavab: Mən bu qənaətdəyəm ki, həbslər və basqılar seçkilərlə bağlıdır. Səsvermə oktyabra təyin olunub. Hökumət opponentlərini təqib etmək əvəzinə, diqqətini seçki kampaniyasına cəmləşdirməli və öz hekayəsini ictimaiyyətə təqdim etməlidir. Zənnimcə, seçkilər ərəfəsində bu hadisələrin baş verməsi təsadüf deyil. Buna şübhə yoxdur.

Sual: Freedom House uzun illərdir ki, dünya ölkələrində azadlığın indeksini tərtib edir. Azərbaycandakı situasiya, deyək ki, 5-10 il əvvəllə müqayisədə necədir?

Cavab: Ötən il ərzində vəziyyət pisləşib. Mətbuat azadlığı da pisləşib. Bundan əvvəl də vəziyyət yaxşı deyildi, amma indi daha da pisləşib. Ötən aylar və həftələrdə baş vermiş hadisələr hələ hesabatlarımızda yer almır. Bunlar bizim hesabatlarımız dərc edildikdən sonra baş verib. Əlbəttə ki, baş verənlər növbəti hesabatlarımızda öz əksini tapacaq. Amma mən çox irəli getmək istəmirəm.

Sual: Baş verənlər ABŞ-la münasibətlərə necə təsir göstərə bilər?

Biz maraqlıyıq ki, Azərbaycan demokratik istiqamətdə təkamül etsin. Təəssüf ki, Azərbaycan əks istiqamətdə hərəkət edir.
Cavab: Əlbəttə ki, baş verənlər münasibətlərə təsir göstərir və ən azı göstərməlidir. Mən burada iki ABŞ rəsmisinin adını xüsusi qeyd etmək istəyirəm. Səfir Riçard Morninqstar bu məsələlər barədə açıq danışıb və dəfələrlə hökumət rəsmiləri qarşısında məsələ qaldırıb. Həmçinin dövlət katibinin yardımçısı Tomas Melia da Azərbaycan mediasına müsahibələrində insan haqları və demokratiya haqda danışıb. Bunlar onun göstəricisidir ki, Obama administrasiyası Azərbaycandakı situasiyadan narahatdır. Azərbaycan Amerika üçün mühüm ölkədir. Onun enerji maraqları, təhlükəsizlik maraqları var. Biz həmçinin maraqlıyıq ki, Azərbaycan demokratik istiqamətdə təkamül etsin. Təəssüf ki, Azərbaycan əks istiqamətdə hərəkət edir.

Sual: Sivil cəmiyyət nümayəndələrinin əsas şikayətlərindən biri də budur ki, insan haqlarını pozan ölkələrdə rəhbərlik cavabdeh tutulmur, cəzalandırılmır. ABŞ hökuməti Azərbaycan rəhbərliyini müsbət istiqamətə yönəltmək üçün nə kimi addımlar ata bilər?

Cavab: Əvvəla onu qeyd edim ki, Azərbaycanı təkcə ABŞ yox, həmçinin ATƏT, Avropa Şurası və Avropa Birliyi rəsmiləri də tənqid edirlər. Bu təkcə Vaşinqtonda müşahidə olunan problem deyil. Başqaları da buna fikir verirlər. Sanksiyalara gəldikdə, ötən ilin sonunda ABŞ Konqresi Maqnitski qanununu qəbul etdi. Amma bu qanun yalnız Rusiyaya şamil olunur. Bu növ qanunun Azərbaycan kimi ölkələrə tətbiq olunmasına dair də söz-sohbət dolaşır. Ümid edirəm ki, vəziyyət o həddə gəlib çatmayacaq. Əsas məqsəd odur ki, elə alınsın ki, belə bir qanuna ehtiyac yaranmasın. Qanunun qəbulu basqıların qarşısını almaq məqsədi daşıyır. Ümid edirəm ki, situasiya o həddə çatmayacaq.