Səməd Purmusəvi: Milli hərəkat müstəqil siyasi varlığa çevrilib [Audio]

Səməd Purmusəvi

9 May “Güney Azərbaycan Öyrənci Günü” və İran Azərbaycanında tələbə hərəkatı haqda Amerikanın Səsinə müsahibə verən sabiq tələbə fəal Səməd Purmusəvi 1990-cı illərdə Təbrizdə baş qaldıran tələbə etirazları, həmin etirazların kökləri, İran hökümətinin öyrənci hərəkatını nəzarət altına alma cəhdləri, milli hərəkatın siyasi fazaya keçməsi və tələbə hərəkatlarının xüsusiyyətlərini şərh edib.

Your browser doesn’t support HTML5

Səməd Purmusəvi öyrənci hərəkatı barədə danışır



İranda azərbaycanlı öyrəncilərin (İran Azərbaycanında “tələbə” dedikdə əsasən mədrəsə şagirdi anlanılır, red.) Qarabağın işqalına qarşı və Xocalı faciə isə bağlı təşkil etdikləri kütləvi aksiyalar, habelə Təbriz və Urmiyə şəhərlərində İranın rəsmi radio və telviziya qurumu tərəfindən yayılan və tələbələrin anti-türk və irqçi olaraq qiymətləndirdiyi anketə qarşı aksiyalar bir çox milli fəal tərəfindən milli hərəkatın yeni dalğasının başlanğıcı və mühüm dönüş nöqtəsi olaraq qəbul edilir. 1995-ci il, mayın 9-da Təbrizdə radio və televizyon qurumuna qarşı anti-irqçi şüarlala həyata keçirilən kütləvi etirazlar “Güney Azərbaycan Öyrənci Günü”-nün təməli olub.

1945-46-cı illərdəki Azərbaycan Milli Höküməti yıxıldıqdan sonra güneydə ağır bir səssizlik var idi. Sonralar Varlıq dərgisinin nəşri və şəhərlərdə bəzi qrupların təşkil etdiyi şeir və musiqi gecələri fazanı bir az dəyişdirmişdi.
Hazırda Kanadanın Toronto şəhərində qopuz ifası və Azərbaycan rəqsi müəllimliyi kimi incəsənət fəaliyyətləri ilə məşqul olan cənab Purmusəvi Təbriz Universitetində təhsil aldığı illərdə öyrənci hərəkatlarında aktiv iştirakçı olub. O, siyasi fəaliyyətləri üzündən həbs və işgəncəyə məruz qalıb. Təbriz Universiteti tələbələrinin həmin dövrdə təşkil etdiyi bir çox aksiyaya qatılan Səməd Purmusəvi həmçinin güneyli şair Lalə Cavanşirlə birlikdə universitetdə Bayquş adlı türkcə ədəbiyat dərgisi nəşr edib.
1995 etirazlarına qatılan tələbələrin irqçilik əleyhinə şuarlar səsləndirdiklərini bildirən Səməd Purmusəvi “elə buna görə də o etirazlar çox əhəmiyyətli idi. İranda tanınmamış və illərlə gizli qalmış irqçilik üzə çıxarılmışdı,”deyə əlavə edir.

Təbriz Universitetinin memarlıq bölümü məzununun sözlərinə görə, 1990-cı illərdən sonra milli hərəkat müstəqil bir siyasi varlıq kimi ortaya çıxdı: “1945-46-cı illərdəki Azərbaycan Milli Höküməti yıxıldıqdan sonra güneydə ağır bir səssizlik var idi. Sonralar Varlıq dərgisinin nəşri və şəhərlərdə bəzi qrupların təşkil etdiyi şeir və musiqi gecələri fazanı bir az dəyişdirmişdi ... Ancaq indi gördüyümüz faza başqa şeydir. Məncə 1990-cı illərdan bəri milli hərəkat müstəqil siyasi varlıq kimi ortaya çıxıb.
Hərəkatın özünün ana çizgiləri və siyasi yol-yöndəmi vardır. Bu, artıq bir neçə ziyalının məsələsi deyil, həm də millətin və ən çox da ali təhsilli və oxumuş gəncliyin tələbidir.”

O, Azərbaycan Respublikasının yenidən müstəqilliyini əldə etməsinin yeni dalğanın başlanmasında əhəmiyyətli rol oynadığını vurğulayıb.

Sabiq tələbə fəalının dediklərinə görə, İran höküməti öyrənci hərəkatını öz nəzarəti altında tutmaq ya onları susdurmaq üçün öz adamlarını tələbə qurumlarına sızdırıb ya küçə etirazları zamanı aksiyaları şiddətə sövq etmək kimi yollardan istifadə edir.

Məncə öyrənci ilk başda öz hüquqlarını tanımalıdır. Həm yaşadığı ölkənin qanunları həm də dünya miqyasında müəyyənləşən öyrənci haqlarını öyrənib, elə bu əsasda öz siyasi məhbuslarını da müdafiə etməlidir.
Səməd Purmusəvi həmçinin günümüzdəki öyrənci hərəkatının hansı fəaliyyətlərlə ayaqda qalıb və cəmiyyətdəki təsirini qoruya bilməsi ilə bağlı fikirlərini Amerikanın Səsi ilə paylaşıb.

“Məncə öyrənci ilk başda öz hüquqlarını tanımalıdır. Həm yaşadığı ölkənin qanunları həm də dünya miqyasında müəyyənləşən öyrənci haqlarını öyrənib, elə bu əsasda öz siyasi məhbuslarını da müdafiə etməlidir,”- deyə o, söyləyib.

Onun sözlərinə görə, tələbə qurumları həmçinin dövlətin siyasətləri, ölkədə baş verən hadisələr və başqa ölkələrdə bənzər tələbləri olan öyrənci qruplarının fəaliyyətləri ilə bağlı məlumat əldə edib və o təcrübələrdən istifadə etməlidir.

“Güney Azərbaycan öyrənci hərəkatı heç zaman insanlığı unutmamalıdır. Dünyanın hər yerində öyrənci hərəkəti öz saflığı, cəsurluğu, öncüllüyü və zirəkliyi ilə tanınır. O, bu dəyərləri özündə qoruyub saxlamalı və heç zaman öz ümidini itirməməlidir.”