ABŞ səfirliyi Eynulla Fətullayevi təkzib edib

HaqqinŞaz saytı

NDİ-nin ünvanına ittihamlar əsassızdır
ABŞ səfirliyi Milli Demokratiya İnstitutunun (NDİ) ünvanına səslənən guya sosial şəbəkələr vasitəsilə Azərbaycanda rəngli inqilab hazırlamaq ittihamlarını təkzib edib. Bu fikir jurnalist Eynulla Fətullayevin martın 10-da haqqin.az saytında “Azərbaycanda “facebook” inqilabı üçün 2 milyon dollar” başlıqlı məqaləsində yer alıb.

Səfirliyin Turan-ın sorğusuna cavabında deyilir:

“Bu məqalədəki ittihamlar əsassızdır. Milli Demokratiya İnstitutu və onun direktoru Azərbaycanda vətəndaş cəmiyyətinin dəstəklənməsi və ölkənin demokratik inkişafı istiqamətində işləyir. NDİ 1995-ci ildən etibarən Azərbaycan hökuməti qarşısında fəaliyyəti ilə bağlı tamamilə şəffafdır, onun fəaliyyəti isə Ədliyyə Nazirliyi tərəfindən qeydiyyat haqqında saziş çərçivəsində həyata keçirilir”, deyə səfirliyin cavabında bildirilir.

Xatırladaq ki, yuxarıda sözügedən məqalədə NDİ nümayəndəsinin Azərbaycanın gənclər təşkilatları ilə digər postsovet ölkələrində həyata keçirilmiş “rəngli inqilablar” ssenarisi üzrə inqilablar hazırlamaq istiqamətində işlədiyi bildirilir. NDİ-nin bu məqsədlə böyük məbləğdə nağd pul vəsaitindən istifadə etdiyi iddia olunur.