Sadiq İsabəyli: “Güney Azərbaycana öz müqəddəratını təyin etmə haqqı istəyirik” [Audio]

Sadiq İsabəyli

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) idarə heyətinin üzvü Sadiq İsabəyli Amerikanın Səsinə müsahibədə təmsil etdiyi təşkilatın təsis tarixçəsi, fəaliyyət və hədəflərini şərh edib.

Your browser doesn’t support HTML5

Sadiq İsabəyli GAMAC təşkilatının hədəfləri haqda danışır


Sadiq İsabəyli GAMAC-ın fəaliyyət prinsiplərinin 2009-ci ildə Amsterdamda keçirilən toplantıda bir sıra güneyli siyasi təşkilat və qrupların qəbul etdiyi bəyannamənin 12 maddəsinə əsaslandığını deyir. Amsterdam bəyannaməsində İran İslam Respublikası Azərbaycan türklərinin milli azadlığı yolunda başlıca maneə kimi qiymətləndirilmiş və “Güney Azərbaycanda milli-demokratik dövlət qurmaq” milli hərəkatin hədəfi olaraq müəyyən edilmişdir.

GAMAC-ın idarə heyəti İranda Azərbaycan türklərinin milli, siyasi və insan haqlarının gündəmə gətirilməsi, tarixi abidələr və çevrənin qorunması, lobbiçilik, güneyin digər təşkilatlarıyla birgə fəaliyətlərin həyata keçirilməsi və cəbhənin muxtəlif qolları və komitələrinin gücləndirilməsini Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin qısa müddətli hədəfləri kimi təsvir edib. O, ana dili, Urmiyə Gölü böhrani, insan haqları və siyasi məhbuslar və lobbiçilik kimi məsələlərin xüsusi önəm daşıdığını vurğulayıb.
Uzun müddətli hədəflərimiz irqçi İslam Respublikası rejiminə qarşı mübarizə və Güney Azərbaycanın öz müqəddəratını təyin etmə haqqını əldə etməkdir.

“Uzun müddətli hədəflərimiz isə irqçi İslam Respublikası rejiminə qarşı mübarizə və Güney Azərbaycanın öz müqəddəratını təyin etmə haqqını əldə etməkdir,” deyə o, əlavə edib.

Cənab İsabəylinin sözlərinə görə, GAMAC Çikaqoda fəaliyyət göstərən Günaz TV vasitəsi ilə İranda yaşayan Azərbaycan türklərinin muxtəlif məsələləri haqda televiziya verilişləri yayımlayır. O, əlavə edib ki, təşkilat tamaşaçıların bu verilişlər haqda email yaxud telefon vasitəsi ilə çatdırdıqları fikirlərini qiymətləndirib, təklif edilən mövzular əsasında proqramlar hazırlayır.