Bloq: Fin əsgəri

  • Əsgər Möhsümoğlu

1939-cu il, 30 noyabrda 450,000 sovet əsgəri sərhədi keçərək hücum edəndə Finlandiyanın uduzmaq üçün hər bir bəhanəsi var idi. Sovetlərin üç dəfə çox əsgəri qüvvəsi, üç dəfə artıq təyyarəsi və yüzlərlə əlavə tankı var idi. Cəmi 3.5 milyon əhalisi olan Finlandiya on milyonlarla vətəndaşı olan nəhəng Sovet İmperiyası ilə təkbətək qalmışdı. Fin xalqına Qərbdə çoxları simpatiya bəsləyirdi, amma kömək edən yox idi. Finlər vuruşdular. Müharibəni udmadılar. Amma sovetlərə sərt müqavimət göstərərək müstəqilliklərini qoruyub saxladılar. Və dünyaya göstərdilər ki, azad, nizam-intizamlı azlıq bəzən iradədən məhrum edilmiş çoxluqdan daha effektiv olur.

Sovet İttifaqının Finlandiyaya hücumunun rəsmi səbəbi bu idi ki, Sovet-Finlandiya sərhədi 1918-ci ildə Bolşevik İnqilabından sonra Rusiyanın ən zəif vaxtında müəyyən edilmişdi. Rusların ikinci ən iri şəhəri olan Leninqrad (indiki Sankt-Peterburq) Finlandiya sərhədindən cəmi 40 kilometr aralıda yerləşirdi ki, bu da onu hərbi baxımdan müdafiə üçün əlverişsiz duruma salmışdı. Həqiqi səbəb isə bundan ibarət idi ki, Rus-Sovet dövləti tarixi ənənələrinə sadiq qalaraq kiçik qonşularını hədə-qorxu ilə sıxışdırır və ələ imkan düşdükcə onlardan torpaq qoparmağa çalışırdı. Ruslar bu oyunu onlarla sərhəd paylaşan bir çox millətlərin başına gətirmişdilər və sonradan gətirəcəkdilər. Bundan əlavə, bir il öncə Adolf Hitlerlə pakt bağlamış və nasistlərin “blitzkrieg” strategiyasından ilham almış İosif Stalin hesab edirdi ki, özündən qat-qat kiçik Finlandiyaya hücum etməklə SSRİ dünyaya güc nümayiş etdirəcək. Əslində isə çox şey əksinə oldu.

Finlər Mannerhaym xəttində savaşırlar

Təqribən 1000 kilometrlik cəbhə boyu hücuma keçən sovetlər finlər üzərində mütləq tank üstünlüyünə malik idilər. “Kəmiyyət özü bir keyfiyyətdir” prinsipinə əsaslanan sovetlərin taktikası sadə idi. Onlar say və təchizat üstünlüyündən istifadə edib qısa vaxt kəsiyində bacardıqca çox ərazi tutmağa və düşmənin iradəsini qırmağa çalışırdılar. Finlər isə nəhəng rəqiblə mübarizədə mürəkkəb taktikalara üz tutmalı idilər.

Müdafiə strategiyasının özəyində Mannerhaym müdafiə xətti dayanırdı. Bütün döyüş əməliyyatlarının məqsədi sovet qoşunlarını bu xəttə cəlb etmək və burada onlara həlledici döyüş verməkdən ibarət idi. Finlərin anti-tank silahları yox səviyyəsində idi. Orduya cəlb olunanların böyük əksəriyyətini hətta uniforması da olmayan, silahı çatışmayan könüllülər təşkil edirdi. Amma finlərin nəhəng bir üstünlüyü var idi: Onlar vətənləri uğrunda vuruşurdular, əsarətdə olan müxtəlif millətlərin nümayəndələrini təmsil edən sovet əsgərləri isə Stalinin imperialist ambisiyaları uğrunda.

Fin ordusu rütbəcə ən aşağı səviyyədə belə müstəqil qərar vermə qabiliyyətinə yiyələnmiş, təlimli, effektiv və nəhayət vətənpərvər hərbçilərdən ibarət idi. Sovet ordusu isə iradəsi qırılmış, hər şey üçün hərbi komandirin əmrini gözləyən və nəticədə, çox vaxt döyüş meydanında özünü itirən, manevr imkanları məhdud, təşəbbüs hissindən büsbütün xali adam yığınağı idi.


Finlərin başqa üstünlükləri də var idi. 1930-cu illərdə 30,000-ə yaxın yüksək rübtəli sovet zabiti repressiyanın qurbanı olmuşdu. Sovet ordusu elə sovet cəmiyyətinin özü kimi Stalinin dəmir yumruğu altında iflic vəziyyətə düşmüşdü. Nəhayət coğrafiya və havalar da finlərin tərəfində idi. Sovet-Fin sərhədi dünyanın ən keçilməz meşələri və relyefi ilə tanınır. 1940-cı ilin qışı isə son illərin ən soyuq, ən sərt qışı idi. Məhz bu səbəbdən tarixdə Sovet-Fin müharibəsinə çox vaxt “Qış Müharibəsi” kimi istinad olunur.

Finlandiya mövqelərinə başıpozuq şəkildə hücum edən sovetlər az qala hər hücumda minə yaxın itki verir, döyüş meydanında donmuş cəsədlər qoyub geri çəkilirdilər. Kiçik taqımlara bölünmüş və manevr müstəqilliyinə malik finlər fürsət ələ düşən kimi sovetləri pusquya salıb neytrallaşdırırdılar. Bu günədək istifadəsi geniş yayılmış “Molotov kokteyli" də imkanları məhdud olan finlərin ixtirası idi. Onlar müəyyən etmişdilər ki, içərisinə yanacaq doldurulmuş butulkaya sadəcə fitil qoyub onu tanka vuranda əsl bomba effekti alınır və tank sıradan çıxır.

Sovetlərdən fərqli olaraq əsgərlərinin qayğısına qalan fin hökuməti döyüşçüləri imkan daxilində qış üçün tələb olunan xizəklər, normal qida, hətta bəzi hallarda sauna ilə təchiz etmişdi. Finləri sovetlərə qarşı amansız və effektiv edən həm də qəzəb faktor idi – paytaxt Helsinkinin sovet təyyarələri tərəfindən aramsız bombalanması finlərə müharibəni udmaq üçün çox zaman labüd olan mənəvi üstünlük vermişdi. "Molotov kokteyli" adı məhz həmin viranedici bombardmanla əlaqədar Sovet xarici işləri naziri Vyaçeslav Molotovun yalanlarının ifşa olunmasına hesablanmış cavab idi. Belə ki, Finlandiyanın bombardman edilməsi ilə bağlı suallarla üzləşən Molotov sovetlərin guya ki, Finlandiyaya bomba yox, havadan "humanitar ərzaq yardımı" atdıqlarıını söyləmişdi. Sovetlərin özünəməxsus dezinformasiya kampaniyasını ələ salan finlər də öz bombalarlına "kokteyl" adı qoymuşdular.

Fin əsgərlərinin üzərlərində gəzidridkləri Molotov kokteylləri sovet tanklarına və hərbi maşınlarına qarşı effektiv idi.

Bayaqları deyildiyi kimi, finlər müharibəni udmadılar. 12 martda – döyüş əməliyyatları başlanandan üç ay yarım sonra saysız-hesabsız canlı qüvvə təchizatına malik rəqiblə meydanda tək qalmış finlər sülhə getməyə məcbur oldular. Finlandiya ərazisinin əhəmiyyətli kəsimi sovetlər tərəfindən ilhaq olundu. Amma bu üç ayda finlər çox şeyə nail oldular. Onlar sovetlərin yüz minlərlə canlı qüvvəsini məhv etdilər. Cəmi 20-30 tank itirən finlər 3500 sovet tankını sıradan çıxardılar. Düşmənin 500-ə yaxın təyyarəsi vurulub salındı. Ən mühümü isə, finlər dünyaya sübut etdilər ki, vətənini sevən və yüksək əhval-ruhiyyəyə malik əsgər məhdud resursla hansı şücaətlərə qadirdir.

Qış Müharibəsi bu baxımdan həm də siyasi mədəniyyətlər arasındakı təzadları əks etdirirdi. Finlərdən fərqli olaraq sovetlər öz gəncinə hərbi təlimə, qayğıya ehtiyacı olan döyüşçü kimi yox, əlinə silah verilmiş hüquqsuz kölə kimi baxırdılar. Fin ordusu rütbəcə ən aşağı səviyyədə belə müstəqil qərar vermə qabiliyyətinə yiyələnmiş, təlimli, effektiv və nəhayət vətənpərvər hərbçilərdən ibarət idi. Sovet ordusu isə iradəsi qırılmış, hər şey üçün hərbi komandirin əmrini gözləyən və nəticədə, çox vaxt döyüş meydanında özünü itirən, manevr imkanları məhdud, təşəbbüs hissindən büsbütün xali adam yığınağı idi (Hərbi ənənələr arasındakı oxşar kontrastı rejissor Zack Snyder 300 filmində əks etdirməyə çalışır). Bir tərəfdə insanına ən dəyərli sərvəti kimi baxan millət, o biri tərəfdə isə əsgərini tükənməz xammal kimi güdaza verən diktatura var idi. Bəlkə də bu üzdən SSRİ-nin Finlandiya üzərində qazandığı qələbə də Pirr qələbəsinə çevrildi. Sovetlərin nə dərəcədə zəif olduğunu görən Almaniya diktatoru Adolf Hitler dərhal SSRİ-yə hücum etmək planını işə saldı. Qarşıda sovet əsarətində olan xalqları milyonlarla itkilər gözləyirdi.