Barak Obama: "ABŞ 2014-cü ilin sonunadək Əfqanıstanda başlıca məqsədinə çatacaq!"

ABŞ prezidenti Barak Obama həftəlik müraciətində deyib ki, ABŞ Əfqanıstanda müharibəyə başlayarkən qarşısına qoyduğu başlıca hədəfə çatmaq üzrədir.

Prezidentin sözlərinə görə, Əl-Qaidənin Əfqanıstan ərazisindən istifadə edərək bir daha Amerikaya qarşı hücumlar həyata keçirə bilməməsi məqsədinə və Əfqanıstanda müharibənin başa çatmasına gələn ilin sonunadək nail olunacaq.

Dünən cənab Obama ABŞ-ın Əfqanıstanda gələcək rolu məsələsini müzakirə etmək üçün Ağ Evdə prezident Həmid Karzayla görüşüb. İki lider görüşdən sonra mətbuat konfransı keçirib.

Cənab Obama deyib ki, o və əfqan həmkarı ABŞ-ın hərbi missiyasının bu ilin yazında dəstək roluna dəyişdirilməsi barədə razılığa gəlib. Bu, əvvəl planlaşdırıldığından erkən dəyişiklik olacaq.