Müsavat Partiyasının gənc fəalının işi üzrə məhkəmə istintaqı başa çatıb

Bu gün Abşeron rayon məhkəməsində Müsavat Partiyasının gənc fəalı Nigar Yaqublunun işi üzrə məhkəmə istintaqı başa çatıb. O, avqustun 25-də baş vermiş YNH işi üzrə təqsirləndirilir. Hadisə nəticəsində Müsavat Partiyasının məclis üzvü Aydın Acalov həlak olub.

Prosesdə mərhumun oğlunun YNH-nin ehtiyatsızlıqdan törədildiyi üçün şikayəti olmaması barədə ifadələri təsdiq edilsə də, prokuror məhkəmədən Yaqublunun 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.


Vəkillər yekun sözə hazırlıq üçün vaxt istəyiblər və proses dekabrın 19-na təyin edilib.


Vəkillər Nemət Kərimli və Adil İsmayılov Turan-a bildiriblər ki, məhkəmə Yaqublunun təqsirini sübuta yetirməyib. Xüsusən, qəzada VAZ 2106 və VAZ 2107 markalı digər iki avtomobilin rolu araşdırılmayıb və avto-texniki ekspertiza həyata keçirilməyib.