Misir prezidentinin xalqa müraciəti gözlənilir

Misirdə xristianlar və liberallar tərəfindən boykot olunan bölücü panel Konstitusiya layihəsinə səs verməyə hazırlaşdığı bir vaxt prezident Məhəmməd Mursi bu gün xalqa müraciət etməyi planlaşdırır.

Cənab Mursi Konstitusiyanın yazılıb tam hazırlaması üçün vaxtı dekabrdan fevral ayınadək uzatsa da, şuranın sözçüsü deyib ki, əlavə vaxta ehtiyac yoxdur.

Misirlilər artıq ardıcıl 7-ci gündür Təhrir meydanında prezident Mursi əleyhinə nümayişlər təşkil edərək onu diktator kimi davranmaqda ittiham edir. Daş atan nümayişçilərlə qarşıdurma zamanı polis gözyaşardıcı qazdan istifadə edib. İnsidentlər bütün gecə davam edib.

Prezidentin tərəfdarları şənbə günü nümayiş keçirəcəyini bildirib.

Misirin başlıca məhkəmələri prezidentin sərəncamlarına etiraz əlaməti olaraq tətil edir. Onlar Konstitusiya məhkəməsinin cənab Mursinin özünə toxunulmazlıq hüququ verməsi barədə qərar çıxaranadək fəaliyyətlərini dayandıracaqlarına söz veriblər.

Prezident qərarının dövlət institutlarını qorumaq mahiyyətini daşıdığını bildirib.