Suriya müxalifəti mühacirət hökuməti yaradır

Suriyanın dağınıq müxalifəti Qatar paytaxtı Dohada danışıqlara başlayıb. Toplantının başlıca məqsədi Suriya müxalifətini bir araya gətirməklə beynəlxalq ictimaiyyət tərəfindən tanınmaq və prezident Bəşar əl-Əsədi devirmək şanslarını artırmaqdır.

Görüşün ilk dörd günü ölkədən kənarda ən iri müxalifət qruplaşması olan Suriya Milli Şurasının (SMŞ) mühacirətdə olan hökumətə çevrilməsinə həsr olunacaq. SMŞ-nın rəhbərləri qrupun 200-dən 400-ə genişlənəcəyini bildirirlər.

Dohada ayrıca və daha geniş formatda görüşən müxalifət qüvvələri Suriya daxilindəki üsyançı döyüşçüləri siyasi liderlərlə bir araya gətirəcək vahid koalisiya qurmaq amacındadır.

Nüfuzlu müxalifət lideri Riad Seif üsyançı Azad Suriya Ordusunun yerli mülki qurumlar və müxalifət xadimləri ilə bir strukturda inteqrasiya olunması təklifi ilə çıxış edib.

Qərbli diplomat ABŞ, Britaniya Fransa, Qatar,Türkiyə və bir sıra başqa ərəb dövlətlərinin Sefin təklifini dəstəklədiklərini bildirib. ABŞ hökuməti ötən həftə Suriya Milli Şurasında islahatlara çağıraraq cəbhə xəttində həyatlarını risk qoyanların siyasi prosesə qoşulmasına çağırıb.