Üsyançılar Hələb şəhərini tutmağa çalışırlar

Mideast Syria

Suriyanın ən sıx məskunlaşmış Hələb şəhərində şiddətli döyüşlər gedir. Üsyançılar üç gün bundan öncə şəhər uğrunda başladıqları hücum əməliyyatını davam etdirirlər.

Britaniyada qərargahlanan Suriya İnsan Haqları Müşahidəçiləri Qrupunun təmsilçisi Mataz Şuheyl Amerikanın Səsinə bildirib ki, döyüşlər Hələbin Arkub və Əziziyyə məhəllələrində cərəyan edir. Şəhərin minamyot atəşinə məruz qalmış qədim mərkəzində üç üsyançı həlak olub.

Üsyançılar cümə axşamı Hələb şəhərinə hücum etdiklərini elan ediblər, amma belə görünür ki, heç bir tərəf hələlik üstünlük qazana bilməyib.

Müşahidəçilər Qrupu bildirir ki, bütün Suriya boyu şənbə günü 45 adam öldürülüb. Ötən ilin mart ayında başlanan üsyandan bəri Suriyada ümumilikdə 31,000 adam həlak olub.