Ərdoğan: "Suriya terrorçu dövlətə çevrilir"

Misir prezidenti deyir ki, Suriya lideri Bəşar Əl-Əsəd “ən son tarix”dən ibrət götürməli və gec olmamış vəzifəsindən istefa verməlidir. Türkiyə baş naziri isə Suriyanın öz əhalisinə qarşısı qətliam həyata keçirərək terrorçu dövlətə çevrildiyini söyləyib.

Misir prezidenti Məhəmməd Mursi Qahirədə keçirilən Ərəb Liqası toplantısında deyib ki, bu böhranla bağlı qətnamənin qəbulu ərəblərin məsuliyyətidir. O, Suriya hökumətinin istefası çağırışını bir daha təkrar edib.

Cənab Mursi dəyişiklik üçün zamanın yetişdiyini və islahatdan danışaraq zaman itirməyə ehtiyac olmadığını dilə gətirib. Misir prezidenti habelə deyib ki, Qəhirə tərəfindən təklif edilən refional dövlətlər kvarteti Suriya böhranını aradan qaldırılması yollarını müzakirə etmək üçün toplantı keçirməyi planlaşdırır. Qrupa Türkiyə, Səudiyyə Ərəbistanı, İran və Misir daxildir.

Digər bir açıqlamada isə Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğan Suriyadakı xaosla bağlı beynəlxalq konsessusun olmamasına dərin təəssüfünü ifadə edib. O, rəhbərlik etdiyi hakim partiyanın Ankaradakı iclasında deyib ki, Türkiyə Suriyada baş verənlərə biganə qala bilməz.