Misirin birinci xanımı Nəclə Əli Mahmud missiyasını xalqa xidmət etməkdə görür

Nəclə Əli Mahmud ölkənin gələcyi, həyat yoldaşı Məhəmməd Mursi və Müsəlman Qardaşları haqda danışır
Misirdə prezident seçilmiş Məhəmməd Mursinin həyat yoldaşı Nəclə Əli Mahmud birinci xanım kimi çağırılmaq deyil, xalqa xidmət etmək ideyasına üstünlük verdiyini deyir.

Nəclə Əli Mahmud xalq üsyanı nəticəsində hakimiyyətdən devrilmiş prezident Hüsnü Mübarəkin xanımı Süzan Mübarəklə kəskin təzad təşkil edir. Hər iki qadın çox gənc yaşlarında gələcək prezidentlə ailə həyatı qurmuşdur. Lakin xanım Mübarəkin Qərb stili bir çox misirliyə yad olduğu halda, ənənəvi müsəlman geyimində olan xanım Mahmudun həyat tərzi ölkədə çoxlarına yaxındır.

Qərb ölkələrinin mətbuatına çox nadir müsahibə verən xanım Mahmud Amerikanın səsinin Qahirə bürösunun direktoru Elizabet Arrotla Mursinin prezident kampaniyasını keçirdiyi dogma şəhəri Edvada görüşüb söhbət edib. Müsahibə zamanı Nəclə xanımın həyat yoldaşı evin yuxarı, nəvələri isə aşağı mərtəbəsində olublar. Nəclə Əli Mahmud erkən yaşlarında ailə qurması, “Müsəlman Qardaşları “ təşkilatı və ölkənin gələcəyi ilə bağlı fikirlərilə bölüşüb. O, söhbətə evliliyin ilk illərində Kaliforniyada yaşadıqları zamanı özünün dediyi kimi, doktor Mursinin “Müsəlman Qardaşları “ təşkilatına qoşulmasından başlayıb.

“Doktor Mursi “Müsəlman Qardaşları “ təşkilatına 31 il bundan əvvəl, biz Los-Anjelesdə yaşadığımız zaman qoşulub. “Müsəlman Qardaşları “ səmimi bir şəkildə qarşıdakı həyatda həbslərin ola biləcəyi və ən mühümü həyat yoldaşının belə bir həyatla razılaşmalı olduğunu izah etdi. Bizim üçün, “Müsəlman Qardaşları“ üçün ailə olduqca mühümdür. Buna görə də əgər qadın bunlarla razılaşa bilmirsə, o azad edilir. Doktor Mursi gəlib mənə dedi ki, həbs edilə və işini itirə bilər. Bütün bunlar biz hələ Amerikada olanda idi. Mən də ona dedim ki, heç bir problem yoxdur. Bu yolla gedək, İnşaallah.”

Nəclə Əli Mahmudun Misirdə qipti xristianlara mesajı:

“Demək istəyirəm ki, bizim vətənimiz birdir, hamımız birik. İslam müsəlman və xristian arasında fərq qoymur. Əksinə, biz islamdan müsəlman və xristianların bir vətəndə eyni hüquqlara malik olduğunu öyrənmişik. Onlar da, biz də eyni vəzifələrə sahibik. Mənim şəxsən tanıdığım xristian qadın və kişilər var və Allaha şükür onlarla münasibətlərim yaxşıdır.”

Nəclə Əli Mahmud birinci xanım və prezidentin rolunu xalqa xidmətdə görür.
“Müsəlman Qardaşları “ təşkilatında buna birinci xidmətçi kimi baxırıq, çünki respublikanın prezidenti Misirə xidmət edən birinci adam olmalıdır”-deyə o bildirir.

Həyat yoldaşı haqda danışarkən Nəclə Əli Mahmud onu olduqca balanslı və ciddi bir insan kimi təsvir edir. Amma əlavə edir ki, 32 ilə yaxındır ailə qurduğu cənab Mursi gözəl yumor hissinə malikdir.