Accessibility links

Müxalifət Azərbaycan hökumətinin koronavirusa qarşı ölçülərini tənqid edir


"Koronavirus ehtimalı ilə guya karantinə götürülmüş vətəndaşlarımızın xəstəxanalarda yaşadığı antisanitariya vəziyyəti, baxımsızlıq, aclıq, bir sözlə, müsibət hətta məni şoka saldı,” deyə AXCP rəhbəri Əli Kərimli sosial mediada Azərbaycan hökumətinin koronavirusa qarşı götürdüyü ölçüləri tənqid edib.

“Bəli, mən bu hakimiyyətin ən pis sifətini görmüşəm, nə qədər bacarıqsız, şərçi və məsuliyyətsiz olduğunu da bildiyimi güman edirdim. Ancaq etiraf edirəm ki, yanılmışam. Hakimiyyətdən bu qədər bacarıqsızlığı, məsuliyyətsizliyi, anti-insani münasibəti mən belə təsəvvür etmirdim."

Fevralın 28-də Nazirlər Kabinetinin yanında operativ qərargah Azərbaycanda ilk koronavirus faktını təsdiqlədi. Verilən məlumatda bildirilirdi ki, xəstələnən şəxs Rusiya Federasiyasının vətəndaşıdır. O, İran İslam Respublikasından Azərbaycana daxil olarkən onda xəstəliyin əlamətləri müəyyən olunub. Gün ərzində yayılan ikinci bir açıqlamada isə hazırda Azərbaycanda 224 nəfərin koronavirus şübhəsi ilə nəzarət altına alındığı bilirildi.

Qonşu İranda xəstəlyin geniş vüsət alması nəticəsində İrandan səfər edən bir sıra şəxslərdə virus aşkarlanmağa başlayıb. Bu səbəbdən də bir neçə ölkə İranla sərhədlərini bağlayıb. Lakin Azərbaycan tərəfi hələ ki, sərhədi bağlamaq barəsində məlumat vermir.

Məsələni şərh edən Cəmil Həsənli bildirir ki, koronavirus təhlükəsinə qarşı ən müdafiəsiz vəziyyətə Azərbaycan əhalisi düşüb. Onun sözlərinə görə, baş verənlərin ciddiliyini anlamayan Azərbaycan rəsmilərinin virusa qarşı hazırlığı qeyri-adekvatdır.

"Təsəvvür edin ki, öz ölkəsində virusa yoluxmuş İran vətəndaşı Azərbaycan ərazisindən təxminən 800-900 km yolu dolanaraq öz Gürcüstana gedir və sərhəddi keçən kimi məlum olur ki, adam koronavirusun daşıyıcısıdır. Gürcüstan səhiyyə, sərhəd və digər əlaqədar qurumlarının 10-15 dəqiqəyə müəyyən etdiyi qorxulu virusu niyə Azərbaycanın müvafiq qurumları aşağı yuxarı 30-40 saat ərzində müəyyən edə bilməyib."

Sərhədə yaxın bölgələrdə virusun aşkar edilməsi üçün İrandan gələn şəxslər Astara şəhər xəstəxanasına yerləşdirildiryi bildirlir. Lakin son günlərdə sosial mediada yayılan və xəstəxanada çəkilmiş videolarda xəstəxanada şəraitsizliyin höküm sürdüyü bildirilir. Eləcədə bu gün digər videoda əraziyə daxili qoşunların yeridildiyi görünür.

Bundan daha əvvəl isə İrandan Azərbaycana, Azərbaycandan Gürcüstana keçən Gürcüstan vətəndaşında da virus aşkar edilmişdi. Həmin şəxsin virusa yolduğunu Gürcüstan sərhədçiləri elan etmişdi.

Hazırda virus səbəbi ilə dünya fond birjaları 2008-ci ildəki qlobal maliyyə böhranından bəri ən pis həftəni yaşayır. Beləki, qlobal bazar, dəyərindən təxminən 6 trilyon dolları sildikdən sonra dünya birjaları ardıcıl altıncı gün yenidən kəskin şəkildə aşağı düşdüb. Bu hadisə qlobal iqtisadiyyata zərər verəcək bir təhdiddir.

Bunun fonunda virusun Azərbaycan iqtisadiyyatına vura biləcəyi mümkün zərər barədə iqtisadçı ekpert Natiq Cəfərli bildirir ki, yaxın vaxtlarda ölkədə ciddi qiymət artımı gözləmək olar.

"Azərbaycana 2019-cu ildə idxal $13 mlrd. 667 mln. dollar təşkil edib. Çindən təqribən $1,5 mlrd, İrandan isə $500 mln. dollara yaxın mal-məhsul idxal etmişik. İrandan sərhədyanı rayonların əl çantaları ilə daşıdıqları ərzaq, dərman bu statistikaya daxil deyil, amma sərhədyanı rayonlarımızın əhalisinin dolanışığına təsir edən əsas amillərdən biridir. Çin və İrandan ölkəyə əsasən elektrotexnika, paltar, ərzaq, aksesuarlar, tikinti materialları idxal olunur. Dəyər olaraq hər iki ölkədən idxal olunan məhsullar $2 mlrd. dollar olsa da, çeşidi çox və bazar payı yüksəkdir. Koronavirusla bağlı hər iki ölkədən gətirilən məhsullara məhdudiyyət tədbiq edilib, virusun nə zaman nəzarət altına alınacağı da məlum deyil, deməli hər iki ölkədən gətirilən malların bazarda azalmasını, nəticə olaraq da ölkəmizdə ciddi qiymət artımını gözləmək olar," deyə Natiq Cəfərli neftin qiymətinə də diqqət çəkib.

"Koronavirusun ölkəmizə daha bir təsiri isə neft qiymətləri üzərində olur – məmləkət Nigeriyadan da betər neftdən asılıdır, qiymət 50 dollar və daha aşağı düşüb bir neçə ay həmin səviyyədə qalsa ölkədə devalvasiya, ciddi qiymət artımı, insanların növbəti dəfə kasıblaması baş verəcək. Çünki bu hökumət son 16 ildə ölkənin neftdən asılılığını azalda bilmədi, faiz olaraq hələ də büdcədə, xarici ticarətdə neftin payı 15-16 il necə idisə, indi də eyni qalıb."

Virusun yayılması şiddtləndikcə dünya ölkələri qabaqlayıcı tədbirlər olaraq məktəblər, universitetləri erkən tətilə göndərir, iri tədbirlərin keçirilməsini təxirə salır. Hətta bu il Yaponiyada keçirilməsi planlaşdırılan Tokyo 2020 Yay Olimpiadalarının da təxirə salınması ehtimal olunur.

Bu səbəbdən Azərbaycanda da məktəblərin və digər qurumların tətilə göndərilməsinə diqqət çəkmək məqsədi ilə iqtisadçı alim Qubad İbadoğlu təklif edir ki, “bağça, məktəb və universitetlərdə təshil gələn həftədən Novruz bayramına qədər dayandırılsın.”

O sosial mediadan çağrış edərək bildirib ki, “qanuna görə, fövqəladə hadisələrlə bağlı (hərbi vəziyyət, zəlzələ, daşqın, kütləvi xəstəlik və s.) respublikanın bütün ərazisində tədris ilinin müddətində və tətil günlərində dəyişikliklər Nazirlər Kabinetinin Qərarı, bu və ya digər səbəbdən ayrı-ayrı ümumi təhsil müəssisələrində isə Təhsil Nazirliyinin əmri əsasında həyata keçirilir. Gəlin birlikdə Nazirlər Kabinetinə və Təhsil Nazirliyinə müraciət edək ki, gələn həftədən kütləvi xəstəlik ehtimalının yüksək olması səbəbindən qabaqlayıcı tədbir kimi baxça, məktəb və universitetlərdə təhsil növbəti həftədən Novruz bayramına qədər dayandırsınlar.”

XS
SM
MD
LG