Son zamanlar İran Azərbaycanında sosial məhdudiyyətlərə rəqslə qeyri-adi etiraz kampaniyasının mərkəzində duran əsas məsələlərdən biri Urmiyə gölünün quruması ilə bağlı idi. İranda yaşayan Azərbaycan türkləri Tehran hökumətinin gölün qurumasının qarşısının alınması üçün kifayət qədər səy göstərmədiyini bildirir. Jurnalist Əli Hacızadə Urmiyə gölünün xilas edilməsi üçün göstərilən beynəlxalq səylər və İran azərbaycanlıların milli-mədəni hüquqları uğrunda mübarizə ilə bağlı məqalələrin müəllifidir. Əli Hacızadə Amerikanın Səsinin Amerika icmalı proqramında Urmiyə gölündə yaranmış ekoloji fəlakət və azərbaycanlıların siyasi rolundan danışıb.
Amerikanın Səsi: İranda durum bu günlər dünya ictimaiyyətinin diqqət mərkəzində olsa da, İranda etnik azlıqlar məsələsinin müzakirəsi gündəmə tez-tez çıxmır. Bunun səbəbini nə ilə izah edə bilərdiniz?
Gölün qurumasının qarşısını almaq üçün faktiki heç bir iş görülməyib.
Əli Hacızadə: Bilirsiniz, bunun müxtəlif səbəbləri var. Birincisi qeyd edək ki, azərbaycanlılar İranda farslardan sonra ikinci böyük xalqdırlar. Amma azərbaycanlılardan savayı kürdlər də var, bəluclər var, ərəblər var və sairə. Bu xalqların hər biri müxtəlif dərəcədə bu yaranmış vəziyyətdən əziyyət çəkir. Kimsə daha çox, kimsə nisbətən az. Bu, çox zaman dünya mediasının, dünya siyasətçilərinin gündəminə gəlmir. Bəzən hətta fikir versək, bu, Avropada, ya da ABŞ olan araşdırma mərkəzlərinin hesabatlarına baxsaq, biz görərik ki, orada da məsələnin üstündən ya ötəri keçirlər, ya da ki heç ümumiyyətlə vurğulamırlar. Ya da ki böyük bir report aça bilərsiniz İranla bağlı, etnik azlıqlarla bağlı cəmisi iki-üç cümlə verilib. Bu, məncə, həm də məsələyə qeyri-professional yanaşmadır. Amma bunun çox asan izahı var. Çox zaman bu reportları hazırlayan insanlar, siyasətçilərə İran barəsində məlumat təqdim edən insanlar, bu proqramları hazırlayan insanlar və s. bunlar İran rejiminə qarşı olsalar da, İran hökumətinə, rejiminə qarşı olsalar da, etnik azlıqlar məsələsində onlar çox zaman tamamilə başqa bir mövqe sərgiləmiş olurlar və rejimlə bir mövqedən çıxış edirlər. Əfsuslar olsun ki, bu gün belə bir faktorun şahidi oluruq. Mən məsələn, hansısa bir tədbirdə iştirak edəndə və orada İrandan, yəni əslən İran kökənli olan, fəqət Qərbdə fəaliyyət göstərən çox adlı-sanlı insanlar çıxış edəndə mən görürəm ki, onlar etniklər barədə heç bir şey demirlər. Sanki İranda 30 milyon ətrafında azərbaycanlı yoxdur və onların heç bir problemi yoxdur. Və mən və yaxud da digər Güneydən olan azərbaycanlılar bu məsələni qaldıranda onlar deyirlər ki, `belə bir şey yoxdur, onlar hər şeydən razıdır, siz yalan danışırsınız`.
Amerikanın Səsi: Son günlər İran azərbaycanlılarının apardığı etiraz kampaniyasının diqqət mərkəzində Urmiya gölünün quruması məsələsi dururdu. Göldə yaranmış ekoloji fəlakət beynəlxalq səviyyədə də müzakirələrə çıxarılıb. Hazırda vəziyyət necədir?
Bu insanların elementar hüququ, məsələn, ana dilində təhsil almaq hüququ, öz övladına milli adları vermək hüququ yoxdursa, bunların milli ruhunun qalxması, buralarda millətçiliyin qalxması və təbii separatçılığın da qalxması və son nəticə olaraq siyasi fəallığının da artması labüddür.
Əli Hacızadə: Qısa xülasəsini vermək istəyərdim bunun. Çünki bu məsələ 90-cı illərin sonundan, hətta 90-cı illərin ortalarından başlayıb. Yəni Urmiya görülünün quruması 5 il və yaxud 10 il bundan əvvəl başlamayıb. Yəni İran hökuməti istəsəydi kifayət qədər vaxtı var idi ki, bu qurumanın, bu ekoloji fəlakətin qarşısını alsın. Bu son “Səni deyirlər” mahnısında da bu Urmiya gölü də vurğulanır. Bir müddət öncə İran tərəfdən, `fake news` (saxta xəbər-red.), `fake xəbər` yayılmışdı ki, gölün səviyyəsi artıb. Əslində bu yalan olsa da, bir az gerçək xəbər idi. Çünki xəbər yazda yayılmışdı. Yazda bilirsiniz ki, dağlarda ki qarlar əriyir və yağışlar olur və sairə. Onun sayəsində gölün səviyyəsində bir neçə santimetrlik müvəqqəti bir dəyişiklik olur. Və bunlar bunu belə təqdim etmişdilər ki, `bizim gördüyümüz tərbidlərin nəticəsidir ki, göldə suyun səviyyəsi artıb`. Əslində isə bu, doğru deyil. NASA-nın (ABŞ-ın Milli Aeronavtika və Fəza Agentliyi-red.) da kosmosdan əldə etdiyi görüntülər bunu göstərir. Bir çox reportlar var bu barədə ki kifayət qədər ciddi elmi quruluşların verdiyi reportlardır. Və İranın özündə də fəaliyyət göstərən istər azərbaycanlı, istərsə Tehrandan olan ekoloqların reportlarında, yazılarında, çıxışlarında biz görürük ki, xeyr, vəziyyət dəyişmir, əksinə vəziyyət pisləşir. Gölün qurumasının qarşısını almaq üçün faktiki heç bir iş görülməyib. Çünki gölün qurumasının əsas iki səbəbi var. Bir səbəb bu ekoloji səbəbdir ki, İranda olan quraqlıqla bağlıdır. Amma bu əsas səbəb deyil. İkinci səbəb kənd təsərrüfatının fəaliyyətidir. Və kənd təsərrüfatının fəaliyyəti nəticəsində suyun kortəbii şəkildə istifadəsidir. Yəni burada qrunt sularından söhbət gedir, çünki bir tək yağış suyu ilə, çay suyu ilə deyil, həm də qrunt suları ilə qidalanır. Bu artezian quyularının qazılması və suyun kortəbii şəkildə istifadəsi və gölə gedən şirin suların, çünki göl quru olsa da ora axan xeyli şirin sular var idi, onun qarşısının alınması dambalar vasitəsilə və onun yönəldilməsi. Maraqlı cəhət-gölün suyundan istifadə edən əsasən 5-6 iri təsərrüfat var, və bu 5-6 iri təsərrüfat müxtəlif güc strukturlarının rəhbərləri ilə bağlı olan, onlara bağlı olan insanlardır. Bu insanlar dövlətdən vaxtı ilə çox böyük güzəştlərlə bu fermaların yaradılması üçün, təsərrüfatların yaradılması üçün kreditlər alıblar. Bu insanlara heç kim gəlib bir söz deyə bilmir.
Amerikanın Səsi: Əli bəy, siz İranda əsas etnik qruplar və onların tələblərinə toxunmusunuz. Azərbaycan türklərinin siyasi rolu haqda nə söyləmək olar? Onların rolunun artacağı gözlənilə bilərmi?
Əli Hacızadə: Onların rolunun artacağı labüddür ki indi də artır. Bu özü-özünə olmur. Bunu səciyyələndirən bir neçə faktor var. Həmçinin 91-ci ildə Azərbaycanın şimalında Azərbaycan Respublikasının müstəqilliyinin bərpa etməsi faktoru da var. Azərbaycanlıların arasında, yəni İranda yaşayan azərbaycanlıların arasında, Güney Azərbaycanda yaşayan insanların arasında milli özünü-dərk prosesi son 5,7, 10 ildə bundan əvvəl 10 ilə nisbətən daha sürətlə gedir. Və siz bilirsiniz, 79-cu il inqilabından sonra ki, bu inqilab da azərbaycanlıların aktiv iştirakı nəticəsində baş verdi. Bunu da vurğulamaq lazımdır. Yəni İranın ən aktiv regionu 79-ci il hadisələrində məhz Güney Azərbaycan idi və onlar düşünürdülər ki, bunun müqabilində onlara bir muxtariyyət veriləcək, amma heç nə verilmədi və sonra 80-ci il Təbriz üsyanı oldu və o da qan bahasına basdırıldı. Yəni bu insanlar vilayəti fəqih (İranda hakim siyasi quruluş olan teokratik hakimiyyət-red.) guya qurmaq istəyirdilər İranda və milli özünü-dərki, milli kimliyi müxtəlif, İran ümumi kimliyi ilə və o da bir şiə kimliyi ilə qarışmış, yəni amorf bir kimliklə əvəz etmək istəyirdilər. Necə ki SSRİ-də sovet xalqı yaratmaq istəyirdilər, amma bu eksperimentin nə ilə nəticələndiyini biz bilirik. Və İranda da belə bir eksperiment keçirdirlər. Təbii ki nə kürdlər, nə bəluclar, nə ərəblər, nə güney azərbaycanlılar böyük çoxluqda öz milli kimliyindən imtina etmək istəmirlər. İndi internet var. 20 il bundan əvvəl biz bilirik ki, belə imkanlar yox idi. Və İran dövləti hər nə qədər senzura tətbiq etsə də, hər nə qədər bilərəkdən ölkədə zəif internet saxlasa da, buna rağmən insanlar məlumat almaq və məlumat yaymaq, internet vasitəsilə müəyyən dayanışma yaratmaq imkanına malikdirlər. Onlar bilirlər ki, belə düşünən onlar tək deyillər və bu da onları ruhlandırır. Ona görə də təbii ki, 30 milyon ətrafında insan yaşayırsa, siz düşünün, Norveç, Finlandiya və İsveç əhalisindən daha çox insandan biz danışırıq. Amma bu insanların elementar hüququ, məsələn, ana dilində təhsil almaq hüququ, öz övladına milli adları vermək hüququ yoxdursa, bunların milli ruhunun qalxması, buralarda millətçiliyin qalxması və təbii separatçılığın da qalxması və son nəticə olaraq siyasi fəallığının da qalxması labüddür. Və biz bu gün bu prosesi görürük. Yəni biz 10 il bundan əvvələ baxsaq və 15 il bundan əvvələ baxsaq, biz görərik ki, bu insanların, belə deyək, öz milli məsuliyyətini dərk etmiş insanların və öz gələcəyini artıq İranla bağlamayan və İranda görməyən insanların sayı qat-qat artmaqdadır. Və İrandakı bu son iqtisadi çətinliklər də bunun artmasına təsir göstərir.
Amerikanın Səsi: Əli bəy, Birləşmiş Ştatlar da İranla sazişdən çıxdı və sanksiyalar yenidən bərpa oldu. Sizcə, irana qarşı beynəlxalq təzyiqlərin artması Tehran hökumətinin də azlıqlar və xüsusilə də ən böyük və fəal etnik azlıq olan azərbaycanlılara qarşı təzyiqləri artıracağı ilə nəticələnə bilərmi?
Öz milli məsuliyyətini dərk etmiş insanların və öz gələcəyini artıq İranla bağlamayan və İranda görməyən insanların sayı qat-qat artmaqdadır.
Əli Hacızadə: Təbii ki, bu faktor hər zaman var. Bir söz var, deyirlər, `keçinin kəsilmə vaxtı gələndə buynuzunu çobanın çomağına sürtər`. Təbii ki, müxtəlif rejimlər, mən yenə də sovetdən misal gətirə bilərəm. Biz xatırlasaq, 89-90-cı illərdə Sovet İttifaqı dağılmağının qarşısını almaq üçün nə edirdi? Tbilisidə qırğın təşkil etdi, Vilnyüsdə, Bakıda, Riqada, Qazaxıstanda hadisələr oldu. Rejim çalışırdı ki, özünü qorusun. Amma nəticəsi nə oldu? Mümkün olmadı. Burada da, bəli, təzyiqlərin artması labbüddür və biz bu gün bunu artıq görürük. Xatırlayın, Bəz qalasına yürüş zamanı nə olmuşdu. 60-70 ətrafında bunlar aktivisti həbs etmişdilər və hesab edirdilər ki, bununla onlar Bəz qalası yürüşünün qarşısını ala biləcəklər. Amma qarşısını ala bilmədilər. Çünki bunlar fikirləşirdilər ki, bu insanları təşkilatlandıran bu aktivistlərdir. Aktivistlər olmasa bir şey edə bilməzlər. Amma gördülər ki, yox, insanlar özləri təşkilatlana bilirlər. ABŞ-ın nüvə sazişindən çıxması məncə, hətta bir az gecikmiş qərardır. Daha öncə edilməli idi. Çünki nüvə sazişi öncədən uğursuz bir saziş idi. Niyə? Çünki İran məsələsini kökündən həll etmirdi. Sadəcə nüvə məsələsinə guya bir çözüm gətirilirdi. Amma İranın bütün başqa fəaliyyətləri-istər terrora dəstək olsun, istər regionda müxtəlif ölkələri qarışdırmaq olsun, İraq, Yəmən, Suriya və s.-bunu həll etmirdi. Təbii ki, ABŞ-a qarşı, Avropaya qarşı fəaliyyətini həll etmirdi. İndi əsas məsələ odur ki, İran rejiminin oksigeni mümkün olduğu qədər kəsilsin, mümkün olduğu qədər azaldılsın, onların ölkə daxilində və ölkə xaricində fəaliyyət imkanları məhdudlaşdırılsın, ora gələn valyuta məhdudlaşdırılsın. Əfsuslar olsun ki, biz bu gün görürük ki, bəzi region ölkələri ikili oyun oynamaq istəyirlər, həm ABŞ-la və ya Qərblə yaxşı münasibət saxlamaq istəyirlər, həm altdan İrana kömək edirlər. Məncə, bu ilk növbədə onların özünə ziyandır və yaxın 3-5 ildə onlar bu ziyanı görəcəklər. Təbii ki, Avropanın da burada mövqeyi bir az onlar tərəfindən anlaşılandır, amma İran tərəfdən baxanda bir az ədalətli mövqe deyil. Çnüki onlar istəyirlər ki, bilirsiniz, İranla ticarət etsinlər, mallarını satsınlar. Amma İranda insan haqları pozulur, İran Amnesty International-ın hesabatına görə dünyada ölüm hökmünə görə birinci yerdədir, hətta Çin birinci yerdə deyil, İran birinci yerdədir, çünki dünyada olan ölüm hökmlərinin 50 faizindən çoxu İranda olunur. Buna rağmən digər ölkələrdə insan hüquqları məsələsində çox aktiv olan, çox prinsipial olan Avropa Birliyi İranla ticarətin və biznes əlaqələrinin tərəfdarıdır. Hətta xüsusi qanunlar qəbul edirlər, bilirsiniz ki, bu ABŞ sanksiyaları onlara, onların şirkətlərinə təsir etməsin. Məncə, bu ölkələrlə də, bu quruluşlarla da çox ciddi işləmək lazımdır.