Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Amerikanın Səsinə müsahibəsində ölkənin maliyyə bazarındakı mövcud durum, pul-kredit siyasəti, insanların banklarda rastlaşdığı problemlərdən danışıb.
Amerikanın Səsi: Azərbaycanda aparılan pul-kredit siyasəti iqtisadiyyatın və biznesin inkişafı baxımından sərfəlidirmi?
Azərbaycanda aparılan pul-kredit siyasətinin mahiyyəti ondan ibarətdir ki, dövriyyədə olan manatın həcmi az olsun.
Əkrəm Həsənov: Xeyr, mən hesab edirəm ki, sərfəli deyil. Çünki, bu gün Azərbaycanda aparılan pul-kredit siyasətinin mahiyyəti ondan ibarətdir ki, dövriyyədə olan manatın həcmi az olsun. Buna görə də ilk növbədə Mərkəzi Bank banklara az kredit verir. Hətta belə bir məsəl də var ki, bütün banklar kredit vermir. Yəni, bütövlükdə Mərkəzi Bank banklara nə qədər az kredit verirsə, təbii ki, dövriyyədə olan manat həcmi də çox olmur, azalır. Digər tərəfdən də Mərkəzi Bankın müəyyən etdiyi uçot dərəcəsi nisbətən az olsa da, son dövrlərdə 6 faizdən yüksəkdir, amma Mərkəzi Bank bütün banklara o faizlə kredit vermir. Bu da bazarda faizlərin enməsinə gətirib çıxarmır. Son nəticədə, əlbəttə ki, Mərkəzi Bankın siyasətini niyə belə aparması aydın məsələdir. Yəni, bu inflyasiya ilə mübarizə nöqteyi nəzərindən həyata keçirilir. Həm də milli valyutanın devalvasiyasının qarşısını almaq və milli valyutanın məzənnəsinin qorunması, valyuta ehtiyatlarının çox sərf edilməməsi üçün edilir. Amma, son nəticədə bu, iqtisadi aktivliyin azalmasına gətirir. Özü də, xüsusən pandemiya dövründə, bu gün, əksər ölkələrin Mərkəzi Bankları əskinə, pul siyasətini yumşaldır. Yəni faizləri aşağı salırlar, banklara daha çox kredit verirlər ki, iqtisadi aktivlik çoxalsın. Yəni sahibkarlar banklardan daha çox kredit götürsünlər. Amma, təəssüf ki, bizdə belə deyil.
Amerikanın Səsi: Davamlı inkişafın əsas şərtlərindən biri də ümumdaxili məhsulun milli valyutaya olan nisbətidir. Azərbaycanda ümumdaxili məhsulun milli valyutaya nisbəti necədir?
Əkrəm Həsənov: Məndə bu barədə təəssüf ki, son statistika yoxdur. Amma, prinsip etibarı ilə indiyədək olan göstəricilər kifayət qədər qənaətbəxş olub. Əgər, əlbəttə rəsmi statistikaya etibar etsək.
Amerikanın Səsi: Bank sektorunda hazırda insanları narahat edən əsas problemlər nədir?
İnsanlarımız və sahibkarlarımız banklardan ucuz kredit ala bilmirlər.
Əkrəm Həsənov: Hesab edirəm ki, iki məsələ insanları daha çox narahat edir. Birinci banklardan ucuz kredit almaq, yəni kreditlərlə bağlı olan məsələlərdir. İnsanlarımız və sahibkarlarımız banklardan ucuz kredit ala bilmirlər. Digər tərəfdən də banklara olan borclarını ödəməkdə çətinlik çəkirlər. Bu da həm sahibkarlara, həm də vətəndaşlara aiddir. Düzdür, 2019-cu ildə devalvasiya ilə bağlı verilən fərmandan sonra problemli kreditlər nisbətən azalıb. Amma, pandemiya dövründə yenidən artıb. Bu, yalnız Azərbaycanda belə deyil. Prinsipcə bütün dünyada hazırda bunu müşahidə edirik. Nəhayət, digər məsələ, bank əmanətlərinin qorunması, bağlanan banklarda qalan pulların qaytarılmasıdır. Burada hətta vətəndaşların vəziyyəti prinsipcə qənatəbəxşdir. Çünki əmanətləri bu gün tam qorunur. Tam qorunmasa da 100 min manat həddində qorunur. Bu, prinsipcə orta maddi durumu olan insan üçün normal rəqəmdir. Amma, sahibkarların bağlanan banklarda təəssüf ki, pulları batır. Buna görə də sahibkarlar daha çox iri banklara üz tutmağa üstünlük verir. Bu da bazarın inhisarlaşmasına aparır.
Amerikanın Səsi: Hazırda Azərbaycanda kredit faizləri nə qədərdir? Bu Amerika, Avropa bankları ilə müqayisədə nə qədərdir?
Bu gün banklarımız milli valyutada qorunan əmanətləri belə 12 faizlə qəbul edirlər. Halbuki, inkişaf etmiş ölkələrdə bu 1-2 faizdir.
Əkrəm Həsənov: Bu mövzuya toxunanda deməzdim ki, kredit faizlərinə baxaq. Ümumiyyətlə bank fazilərinə baxaq. Yəni, gəlin həm də əmanət faizlərinə baxaq. Bu gün banklarımız milli valyutada qorunan əmanətləri belə 12 faizlə qəbul edirlər. Halbuki, inkişaf etmiş ölkələrdə bu 1-2 faizdir. Yəni, təbii ki, yüksək faizlə əmanət qəbul edən bank öz növbəsində krediti də daha yüksək faizlə verməli olur. Bu baxımdan bu gün bazarda kredit faziləri 20 faizdən çoxdur. Əlbəttə, bu da inkişaf etmiş ölkələrin standartlarına cavab vermir. Bizdə bunun səbəblərindən biri əmanət faizlərinin yükdək olmasıdır, bankların Mərkəzi Bankdan ucuz kredit ala bilməməsidir. Nəhayət, üçüncü səbəb də məhkəmə sistemində olan problemlərdir ki, banklar bilirlər ki, verdiyi kreditdə problem yaranarsa sabah onu qaytarmaq üçün həm rəsmi, həm də qeyri-rəsmi xərcləri var.
Amerikanın Səsi: Ümumlikdə ölkənin maliyyə bazarında durum necədir? Xarici banklar ölkənin maliyyə bazarında iştirakçı ola bilirmi?
İnanmıram ki, bizdə məhkəmə sistemində, biznes mühitində olan problemlər fonunda hansısa xarici bank Azərbaycana gəlsin.
Əkrəm Həsənov: Belə deyək, ümumən pandemiyanı, karantinin sərt rejimini nəzərə alsaq, prinsipcə, maliyyə durumunu qənatəbəxş hesab etmək olar. Amma, bu qənaətbəxşliyi daha çox durğunluq kimi səciyyələndirərdim. Yəni, inkişaf da yoxdur. Bəli, müəyyən problemlər dondurulub, həll olunub. Amma, buna baxmayaraq bank sistemində inkişaf yoxdur, inhisarlaşma var. Bank fəaliyyətinə nəzarət də qənaətbəxş deyil. O ki, qaldı Azərbaycana xarici bankların daxil olmasına, əsasən buna icazə verilməyib. Buna baxmayaraq, Rusiyanın, Türkiyənin, Avropanın da bəzi bankları Azərbaycanda prinsipcə indi də fəaliyyət göstərir. Amma, buna baxmayaraq, hətta icazə verilsə belə, indiki dövrdə, həm gəlirliliyin aşağı düşməsi, həm də pandemiya şəraitində inanmıram ki, bizdə məhkəmə sistemində, biznes mühitində olan problemlər fonunda hansısa xarici bank Azərbaycana gəlsin.
Amerikanın Səsi: Bank sektorunda aparılan islahatlar Avropa bank sisteminə inteqrasiya üçün bəs edirmi?
Mərkəzi Bankın üzərində heç bir nəzarət yoxdur.
Əkrəm Həsənov: Xeyr, ilk növbədə qeyd etməliyəm ki, bizim bank qanunvericiliyimiz Avropa Birliyinin, ayrı-ayrı Avropa dövlətlərinin bank qanunvericiliyinə qətiyyən uyğun deyil. Bu həm, yəni Mərkəzi Bank səviyyəsindədir ki, bizdə Mərkəzi Bankın üzərində heç bir nəzarət yoxdur. Mərkəzi Bankın qəbul etdiyi qərarlar qanunda birmənalı şəkildə tənzimlənmir. Digər tərəfdən də bank nəzarəti bizdə olduqca zəifdir və son illərdə bağlanan banklarda bunu gördük ki, onların üzərində bank nəzarəti qənatəbəxş olmayıb. Həm də istehlakçıların hüquqlarının müdafiəsi baxımından, o cümlədən maliyyə bazarı, bank sistemi bu aparıcı standartlara qətiyyən cavab vermir. Hətta, təsadüfi deyil ki, dövlət başçısı da 2004-cü ildə və 2014-cü ildə iki dəfə tapşırıq verib ki, “Bank Məcəlləsi” hazırlansın. Yəni bu məcəllə aparıcı standartlara cavab verməklə hazırlanmalıdır. İndiyə kimi həmin məcəllə hazırlanmayıb. Yəni, birinci göstərişdən artıq 17 il keçib, ikinci göstərişdən isə 7 il keçib. Hətta, Azərbaycanda bunun analoqu olmayıb, prezident bir məsələni iki dəfə sərəncamla tapşırsın, amma indiyədək icra olunmasın. Onu demək istəyirəm ki, dövlət rəhbərliyi səviyyəsində bu problem başa düşülür ki, bizim qanunvericilik sistemi standartlara cavab vermir. Amma, təəssüf ki, məsələni icra edən qurumlar indiyədək icra etmir.