Accessibility links

Əhməd Obalı: İran Azərbaycanının demək olar hər yerində etirazlar olub


Əhməd Obalı: İran Azərbaycanının demək olar hər yerində etirazlar olub
please wait

No media source currently available

0:00 0:09:36 0:00

Yerli müşahidəçilər və insan haqları müdafiəçiləri Iranda yanacaq qiymətlərinin artırılmasının ardınca başlamış etiraz nümayişlərində İran Azərbaycanı sakinləri arasında ölənlərlə bağlı məlumat verib. Beynəlxalq hüquq müdafiə təşkilatları son etirazlar zamanı 140-dan çox insanın həyatını itirdiyini bildirir. Çikaqoda Günaz televiziyasının təsisçisi Əhməd Obalı Amerikanın Səsinə müsahibəsində İranda son etirazlar zamanı ölüm halları ilə bağlı son məlumatlar, nümayişlərdə azərbaycanlıların iştirakı, hökumətin etirazlara reaksiyası və İran Azərbaycanında iqtisadi durum haqda danışıb.

Əhməd Obalı noyabrın 15-də benzinin artılmasına etiraz olaraq İranın bir çox şəhərlərində keçirilən nümayişlər zamanı Azərbaycan şəhərlərində etirazlara qoşulanlar arasında ölənlərlə bağlı onların ailələrindən məlumat verildiyini bildirib. “İndi internet açılıb, getdikcə bilgilər gəlir. Bu məlumalatların bir hissəsi yas mərasimlərindir. Məsələn, ölənlərin adları şəkilləri ilə birlikdə məsciddə elan olunub, onlara mərasim tutulub. Bir qismi ordan məlum olur. Ailələrin tərəfindən məlumatlar gəlir.”

Beynəlxalq Amnesty International təşkilatı İranda etiraz nümayişlərində 143 nəfərin öldüyünü bildirib. Əhməd Obalı ölənlərin sayının bundan daha çox olduğunu deyib. “İndi ki internet açılıb, getdikcə bunlar bəlli olacaq və əminəm ki, yüzləri keçibdir”, o bildirib.

Əgər İranda iqtisadi durum pisdirsə, İranın Azərbaycan məntəqələrində daha da pisdir.

Əhməd Obalı Təbriz və Urmiyə şəhərlərində etiraz nümayişlərinin daha geniş vüsət aldığını, ölənlər və yaralananların olduğunu deyib.“Təbrizdə daha çox ağır olub, Urmiyədə olub, Mərənddə və Zəncanda olub. Zəncanda da şəhid vardır, Urmiyədə şəhid yoxdur hələ bildiyimiz qədər. Amma Tehranın türklərin oturduğu məhəllələrinin demək olar hamısında nümayişlər olub...Yəni bu nümayişlər İranın hər yerində olduğu kimi, demək olar ki, Azərbaycanın da hər yerində olub.”

Hökumətin yanacaq qiymətlərini artırmasının ardınca başlayan nümayişlər zamanı insanlar hazırkı iqtisadi durumla bağlı etirazlarını bildiriblər. Birləşmiş Ştatların Tehrana qarşı nüvə proqramı ilə əlaqədar olaraq tətbiq etdiyi sanksiyalar İran iqtisadiyyatının daha da zəifləməsinə gətirib çıxarıb. Əhməd Obalı İran Azərbaycanının bölgərində iqtisadi durumun xüsusilə ağır olduğunu qeyd edib. “Əgər İranda iqtisadi durum pisdirsə, Güneydə, yəni, İranın Azərbaycan məntəqələrində daha da pisdir. Yəni fars məntəqəsində pisdirsə, bizim tərəflərdə ondan da pisdir. Onun üçün İrana qarşı tətbiq edilən bu sanksiyaların əlbəttə ki, çox ağır təsiri var elə bu benzinin bahalanması ilə bağlı. Elə İranın öz iqtisadçılarının dediyinə görə, 14 faizə yaxın inflyasya artıb. Azərbaycanlıların durumu farslardan geri olduğuna görə, fəlakət daha dərindir.”

İran dövləti hər hansı bir islahata, yeniliyə imkan vermək istəmir, verə bilmir. Onun üçün də dəyişiklikdən başqa, dövlət dəyişikliyindən başqa bir yol qalmır.

İran hakimiyyəti etiraz nümayişlərində xarici qüvvələri, xüsusilə də Amerika Birləşmiş Ştatlarını günahlandırıb. Lakin insanlar son etiraz nümayişlərində İran hökuməti əleyhinə şüarlar səsləndirib və hazırkı iqtisadi duruma görə ölkə rəsmilərinin məsuliyyət daşıdığını bildirib. Əhməd Obalının sözlərinə görə, insanlar hazırkı durum, repressiyalara etiraz ediblər. “Bunların əksəriyyəti məişətlə bağlı, azadlıqla bağlı, bu repressiyalarla bağlı etiraz ediblər. Odur ki, İran dövləti əlbəttə ki, deməyəcək `mənim millətim mənim əleyhimə qalxıbdır`. Əlbəttə ki, deməlidir ki, bunu ayrı dövlətlər qızışdırıb və ayrı dövlətlərin agentləridir. Şah zamanında da belə idi, indi də belədir. Diktator ölkələrin hamısında belədir. Deyirlər ki, `xaricilər bizim milətimizi qızışdırırlar.”

Əhməd Obalının bildirdiyinə görə, İranda etirazların son illərdə daha qısa fasilələrlə baş qaldırması insanların hökumətdən dərin narazılığının ifadəsidir. “Getdikcə son 15 ildə görürük ki, etirazlar arasında fasilələr azalıb, etirazlar daha da mürəkkəbləşir, radikallaşır. Hər iki tərəfdən, həm dövlət tərəfindən, həm millət tərəfindən. Onun üçün də dəyişiklikdən, inqilabdan başqa bir yol qalmayıb. Həm də İran dövləti sabit eləyib ki, hər hansı bir islahata, yeniliyə bir imkanı yoxdur, imkan vermək istəmir, verə bilmir. Onun üçün də dəyişiklikdən başqa, dövlət dəyişikliyindən başqa bir yol qalmır. Millət acından ölə bilməz, məcburdur etiraz edə, dövlət də hamını qıra bilməz. Onun üçün dövlətin getməsi artıq görünür.”

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG