Accessibility links

“Troika plus” nümayəndələri Əfqanıstandakı iqtisadi vəziyyəti müzakirə edib


Cümə axşamı ABŞ, Çin, Rusiya və Taliban nümayəndələrinin İslamabadda keçirdiyi görüşü zamanı Pakistanın xarici işlər naziri deyib ki, Əfqanıstan "iqtisadi çöküşün astanasındadır" və beynəlxalq ictimaiyyət təcili olaraq maliyyələşdirməni bərpa etməli və humanitar yardım göstərməlidir.

Şah Mahmud Qureşi ABŞ-ın Əfqanıstan üzrə yeni xüsusi elçisi Tomas Vestin də daxil olduğu “Troika plus” (Üç üstəgəl) adlı toplantının açılışında çıxış edib. Nümayəndə heyəti cümə axşamı Talibanın xarici işlər naziri Əmir Xan Müttəqi ilə də görüşüb.

“Bu gün Əfqanıstan iqtisadi çöküşün astanasındadır” deyən Qureşi onu da əlavə edib ki, daha bir böhran yeni Taliban hökumətinin ölkəni idarə etmək imkanlarını “ciddi şəkildə məhdudlaşdıracaq”.

“Buna görə də beynəlxalq ictimaiyyətin təcili olaraq humanitar yardım göstərilməsinə dəstəyi zəruridir” - deyə, o bildirib.

O əlavə edib ki, buraya avqust ayında Əfqanıstanın nəzarətinin Talibanın əlinə keçməsindən sonra qərb donorları tərəfindən dondurulmuş vəsaitlərə çıxış da daxildir.

Qureşinin dediyinə görə, maliyyə axınının bərpası "bizim səylərimizlə birlikdə Əfqanıstan iqtisadiyyatında sabitliyin və davamlılığın bərpası" deməkdir.

Daha sonra dövlət mediasına verdiyi açıqlamasında o, bunun qərb ölkələrinə də faydası olacağını iddia edib.

“Əgər siz uzaqda olduğunuzu, Avropanın təhlükədə olmadığını və bəzi bölgələrin terrordan təsirlənməyəcəyini düşünürsünüzsə, tarixi unutmayın. Biz tarixdən dərs almışıq və keçmişdə edilən səhvləri təkrarlamaq istəmirik” - deyə, bildirib.

Birləşmiş Millətlər Təşkilatı Əfqanıstanın dünyanın ən ağır humanitar böhranı astanasında olduğu, ölkə əhalisinin yarıdan çoxunun “kəskin” ərzaq qıtlığı ilə üzləşdiyi və qarşıdan gələn qış aylarında milyonlarla insanın miqrasiya və aclıq arasında seçim etməyə məcbur olacağı barədə dəfələrlə xəbərdarlıq edib.

XS
SM
MD
LG