Accessibility links

Əfqan Muxtarlınin işi yenə yoxa çıxıb


Hazırda həbsdə olan jurnalist Əfqan Muxtarlı və müxalif siyasətçi Nemət Pənahlının işləri üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilən şikayətlər ünvana çatmayıb.

Bu barədə vəkil Elçin Sadıqov Facebook səhifəsində yazıb.

Elçin Sadıqov bildirib ki, məktublar bir aydan çoxdur Mərkəzi Poçt vasitəsilə göndərilib.

"Bununla şikayətlərin Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilməsinin qarşısını almaq istəyirlər. Bu hərəkət Avropa İnsan Hüquqları Konvensiyasının 34-cü maddəsini pozur."

Bir şikayət 2018-ci il yanvarın 12-si Balakən Rayon Məhkəməsinin jurnalist Əfqan Muxtarlının 6 il azadlıqdan məhrum edilməsi qərarından verilib. Digər şikayət isə 2018-ci il oktyabrın 12-də Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının inzibati qaydada 30 sutka həbsi ilə bağlıdır.

Vəkil əlavə edib ki, bununla bağlı "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyətə (MMC) rəsmi şikayət ünvanlayıb.

"Azərpoçt" MMC isə məsələnin araşdırılacağını bildirir.

Qurumdan bildiriblər ki, təqdim edilmiş izlənmə kodları üzrə axtarış sistemində məktublar tapılmayıb.

"Vətəndaş göndərdiyi poçt şöbəsinə yaxınlaşaraq məktubların yerini öyrənmək üçün sorğu göndərsin. Bunun araşdırılması ancaq göndəriş olan poçt vasitəsilə olur. Sorğu göndəriləcək və onun əsasında araşdırma aparılacaq," "Azərpoçt"-dan deyiblər.

Azərbaycanda bir sıra müxalif siyasətçilərin və jurnalistlərin işi ilə bağlı bundan öncə də oxşar şikayətlər eşidilib. Onda da bəzi vəkillər vurğulayıblar ki, Avropa İnsan Hüquqları Məhkəməsinə göndərdikləri bir sıra məktublar yetişməyib.

Vəkillər hesab edirlər ki, hökumət şikayət məktublarının Avropa məhkəməsinə yetişməsinə bilərəkdən mane olur. Rəsmi qurumlar isə belə iddiaları qəbul etmir.

Jurnalist Əfqan Muxtarlı 2017-ci il mayın 29-da oturum izni aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir.

Onun dediyinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib, üstəlik, cibinə 10 min avro pul qoyulub.

Bakıdakı rəsmi qurumlarsa onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlandığını, bu zaman hüquq-mühafizə əməkdaşlarına müqavimət göstərdiyini bəyan ediblər.

Əfqan Muxtarlı hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə, sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham olunaraq 6 il həbs cəzası alıb.

Gürcüstan baş naziri və daxili işlər naziri də Əfqan Muxtarlı olayında yerli hüquq-mühafizə orqanlarının iştirakını təkzib edib.

XS
SM
MD
LG