Accessibility links

Əfqan Muxtarlı: Məni bir şərtlə buraxdılar ki, Azərbaycanda qalmayacam


Əfqan Muxtarlı: Məni bir şərtlə buraxdılar ki, Azərbaycanda qalmayacaqsan
please wait

No media source currently available

0:00 0:30:57 0:00

Jurnalist Əfqan Muxtarlı martın 17-də həbsdən azad edilib və Almaniyaya göndərilib. Hazırda ailəsi ilə birlikdə Almaniyada olan Əfqan Muxtarlı Amerikanın Səsinin suallarını cavablandırıb. Onunla müsahibənin əsas məqamlarını diqqətinizə çatdırırıq.

Səhhətim hazırda normaldır

Hazırda ciddi sıxıntım yoxdur səhhətimlə bağlı. Bilirsiniz ki, həbsdən əvvəl də mən şəkər xəstəliyindən əziyyət çəkirdim. Həbsdə olduğum müddətdə təzyiqimlə bağlı problemlər yaranıb. Amma özümü başqa ciddi narahat hiss etmirəm, amma həbs müddətində hər hansı xəstəlik qazanıb-qazanmadığım yəqin ki, müayinələrdən sonra bilinəcək. Amma indiki bu hala qədər heç bir problemim yoxdur.

Məni bir şərtlə buraxdılar ki, Azərbaycanda qalmamalıyam

Əslində mənim azadlığa buraxılmağımla bağlı proses uzun müddətdir ki gedirdi. Bir ildən artıqdır ki, müxtəlif beynəlxalq təşkilatlar, Almaniya səfirliyi, ayrı-ayrı siyasətçlər, tanınmış jurnalistlər mənim azadlığa çıxmağım üçün Azərbaycan hakimiyyətinə müraciətlər ediblər, amma son 6 ay ərzində Almaniya hökuməti məndə olan məlumata görə, daha ciddi addımlar atıb. Eyni zamanda, Avropa Şurasının deputatı mənimlə görüşüb.

Azərbaycan hökuməti bir şərtlə məni azadlığa buraxır ki, mən ailəmin yanına gedəcəm Almaniyaya və Azərbaycanda yaşamayacam.

6 ay əvvəl ilk dəfə olaraq mənə rəsmi şəkildə bildirdilər ki, məni azadlığa buraxmaq istəyirlər. Həbsdə olduğum müddət ərzində mənə ümumvətəndaş pasportu verildi. Və həmin ümumvətəndaş pasportu verilərkən mənə deyilməmişdi səni azadlığa buraxmaq istəyirik. Amma bu pasport veriləndə başa düşdük ki, artıq məsələ ciddiləşib. Ondan sonra mənə bildirildi ki, mən azadlığa buraxılacam məhkəmənin qərarı ilə olacaq, ancaq Azərbaycanda yaşaya bilməyəcəm. Azərbaycan hökuməti bir şərtlə məni azadlığa buraxır ki, mən ailəmin yanına gedəcəm Almaniyaya və Azərbaycanda yaşamayacam. Dekabr ayında məsələ sürətlənmişdi. Hətta bir neçə məhkəmə prosesi də oldu. O zaman buna qərar verilmədi. Məhkəmə prosesləri dayandırıldı. Bir də hardasa ayın 10-u təxminən 12-i bu ərəfələrdə mənə yenidən məhkəməyə müraciət etməyi xahiş elədilər. Həbsxana rəhbərliyi dedi ki, sən buraxılmalısan. Amma bu proses bir neçə dəfə olduğuna görə mən inanmırdım. Heç kəsə də bildirmədim ki, mən məhkəməyə müraciət etmişəm azadlığa buraxılmağım haqda. Həbsxanada mənimlə birlikdə olan yoldaşlarıma, dostlarıma da deməmişdim ki, məhkəmə olacaq, məni azadlığa buraxacaqlar. Çünki bunlar elə bir neçə dəfə olmuşdu, bu özünü doğrultmamışdı. Elə məhkəmə ərizəmdə də bircə cümlə qeyd eləmişdim ki, həbs növünün dəyişdirilməsini xahiş edirəm. Mənim həbsdən azad olunmağım cinayət məcəlləsinin 77-ci maddəsi ilə baş tutdu. Ayın 17-si bildirdilər ki, məhkəmədir, hakim gəldi, prokuror gəldi, dvlət tərəfindən təyin olunmuş vəkil gəldi. Mənim vəkillərimin heç birinə xəbər verilməmişdi. Orada da o məsələ hətta məhkəmənin inzibati binasından da bütün əməkdaşlar çıxarılmışdı. Həmin ərazidə cəmi beş nəfət əməkdaş var idi. Onlar da yazılı iltizam vermişdilər ki, mənim azadlığa çıxmağım barədə heç kəsə məlumat verməyəcəklər. Tam inanılmış adamlar idi. Məhkəmə prosesi oldu. 15 dəqiqədən sonra mən cəzaçəkmə müəssisəsini tərk elədim. Maşına mindirib, dövlət təhlükəsizlik xidmətinin maşınına, yüksək rütbəli DTX əməkdaşının maşınında mən çıxarıldım. Hava limanına aparıldım. Orada Almaniya səfirliyinin nümayəndələri qarşıladılar məni. Bildirdilər ki, artıq gedə bilərsən Almaniyaya, yolun açıqdı. Moskvaya, Moskvadan da Berlinə gəldim. Mən təyyarəyə minəndən sonra ailəmə xəbər veriblər, çünki Almaniya səfirliyinin orda gözləyən nümayəndələri də heç dəqiq bilmirdi ki, mən məhkəmə ilə buxarılmışam, yoxsa buraxılmamışam.

Azərbaycan fəalları Gürcüstanda daim izlənilirdi

Gürcüstandan oğurlanıb Azərbaycana gətirilməyim 2017-ci il may ayının 29-da baş verib. Amma bu, baş verməzdən əvvəl mən Amerikanın Səsinə Azərbaycan tərəfinə təhil verilcəyimlə bağlı müsahibə vermişəm. Müsahibə yəqin ki, indi də durur. Buna qədər biz ətrafımızda baş verən hadisələrdən belə bir bir nəticə çıxarmışdıq ki, nətiəcəyə gəlmişdik ki, bizi təhvil verəcəklər.

Eyni zamanda, Gürcüstan hökumətində olan bizim dostlarımız da bizi xəbərdar etmişdilər ki, Gürcüstanı tərk edək. Gürcüstan hökuməti, Gürcüstanda ayrı-ayrı şəxslər bizim Azərbaycana təhvil verilməyimiz, Azərbaycana deportasiya olunmağımızla bağlı cəhdlər edirdilər. O barədə məlumatımız var idi bizim. Həmin dövrdə Azərbaycanın xüsusi xidmət orqanları mənim və dostlarım və eyni zamanda Gürcüstanda yaşayan azərbaycanlı fəalların daimi izlənməsini həyata keçirirdilər. Çox böyük bir qrup idi, yəni bir neçə nəfər deyildi. Burda söhbət 20 nəfərdən, 30 nəfərdən artıq bir qrupdan gedirdi ki, Tiflisdə yaşayan fəallar mütəmadi olaraq 24 saat ərzində izlənilirdi. Biz həmin adamların çoxlu fotolarını çəkmişik. Bəzi videolarını çəkmişik. Biz o adamları artıq bizim həyatımıza girən adamlar kimi tanıyırdıq. Biz onları çayxanada, yolda görməyəndə narahat olurduq ki, bunlar xəstələniblər, yoxsa başlarına bir iş gəlib. Daim nəzarət altında idik.

Mənə dedilər ki, səni öldürməyəcəyik

May ayının 27-də evimə gələrkən üç nəfər şəxsin hücumuna məruz qaldım. Bu adamlar Gürcüstan kriminal polisinin geyindikləri formada idi. Yəni orda rəsmi forma geyinmirlər, o, mülki şəxslərin formasına oxşayır, amma bilinir ki, bunlar kriminal polisin əməkdaşlarıdır. Tünd göy rəngdə köynəkləri və ondan bir qədər açıq rəngdə idman stilində şalvarlar. Bu adamlar hamı deyirdi ki, kriminal polisin əməkdaşlarıdır. İlk hücumda mən bunların paltarlarına fikir vermədim, ancaq o vaxt ki biz bir-birimizdən yapışdıq, güləşməyə başladıq o vaxt gördüm ki, bunlar kriminal polisin formasındadırlar. Bunlara müqavimət göstərmədim, hesab elədim ki, mən bunlara müqavimət göstərsəm, məni xırda bir cinayətdə günahlandırıb həbsə atacaqlar, deportasiya edəcəklər Azərbaycana. Özüm əllərimi qaldırdım ki, daha otururam, gedək polis idarəsinə. Ancaq maşına oturduqdan sonra onlar mənə fiziki güc tətbiq elədilər, qolumu burdular, qollarımı plastik qaytanlarla bağladılar və başıma kisə keçiriləndə mən artıq başa düşdüm ki, bu, kriminal polisdir, rəsmi məsələ deyil. Bir müddət getdikdən sonra, Tiflis şəhərinin içində mənim başıma kisə keçirmədilər, qollarımı bağladılar. Tiflis şəhərindən çıxdıqdan sonra artıq başıma kisə keçirdilər. Bu, düyü kisəsi idi, məsaməli idi, mən yolu görə bilirdim...Yolun bir tərəfində meşə, bir tərəfində düzənlik olan bir ərazi var. Orda maşını saldılar həmin əraziyə, başımdakı kisəni çıxartdılar. Fikirləşdim ki, yəqin ki bunlara göstəriş verilib ki, məni öldürsünlər. Amma Gürcüstanda adətən bu soyğunçuluq halları soyuq silahla baş verir. Bıçaqla adamı vururlar, öldürürlər, yaralıyırlar...Fikirləşdim ki, bunlar yəqin belə bir ssenari fikirləşiblər ki, burda vurub öldürəcəklər sonra da telefonu götürəcəklər, kartları götürəcəklər ki, bu, soyğun hadisəsi kimi qələmə veriləcək. Ona görə dedim ki, məni öldürürdünüzsə, bıçaqla yox, tapança ilə öldürün. Və orda bir dəfə mənimlə danışdılar ki, biz səni öldürməyəcəyik. Ondan sonra gözümü bir mayka ilə bağladılar.

Mənim o köhnə pasportum 2015-ci ildə Azərbaycanı tərk etdiyim zaman əlimdə idi. Ondan sonra Azərbaycana gəlməmişəm.

Lagereti rayonunda gömrük keçirmə məntəqəsində məni Azərbaycan sərhəd qoşunlarının nümayəndələrinə təhvil verdilər. Həmin şəxslərin biri Dövlət Sərhəd Xidmətinin rəisinin köməkçisi, digəri general Əsgərov adında bir general var sərhəd xidmətində onun köməkçisidir. Hər ikisi polkovnik leytenant rütbəsindədir. Yüksək rütbəli şəxslərdir. Və əməliyyatın icraçıları rəsmi icraçıları bunları bilirik. Rəsmi bu adamlar iştirak ediblər. Bunlar məhkəmədə mənim üzümə durublar. İstintaqda iştirak ediblər. Bu adamlar təslim prosesində birbaşa iştirak edən və bizim rəsmi şəkildə bildiyimiz şəxslərdir. Və bu proses bundan ibarət olub mənim Azərbaycana gətirilməyimlə.

Üzərimdə heç bir sənədim olmayıb

Mənim heç bir sənədim olmayıb üzərimdə. Həmin pasport Almaniyadadır. Mən ölkəni indi tərk etməyə gələndə belə mənə yeni pasport verdilər. Mənim o köhnə pasportum 2015-ci ildə Azərbaycanı tərk etdiyim zaman əlimdə idi. Ondan sonra Azərbaycana gəlməmişəm. Xeyr. Ümumiyyətlə, mənim üzərimdə bank kartından başqa heç bir sənəd olmayıb. Bax bu köhnə pasportum budur. Hələ də məndədir. Yəni üstümdə olsa idi bu, Azərbaycan hökumətinin istintaq materaillarının üstündə olardı. Pasport budur, burda durur və heç bir sənədsiz məni oğurlayıb aparıblar...Ona görə həm də məni oğurladılar ki, həm də Gürcüstan hakimiyyəti məhkəmələrə tam nəzarət edə bilmir.

Azərbaycan hökuməti isə öz imici barədə fikirləşmir

Gürcüstan hökumətinin imicinə ona görə çox zərbə vuruldu ki, Azərbaycan tərəfi Gürcüstan tərəfini əmin etmişdi ki, Əfqan Muxtarlının oğurlanması heç bir rezonans doğurmayacaq. Əmin etmişdilər ki, heç kəs, bir neçə nəfər ailə üzvləri səs-küy qaldıracaqlar, bununla məsələ bitib gedəcək. Məndən əvvəl tutulan bir neçə nəfərdə belə bir hadisə olmuşdu ki, böyük rezonansa səbəb olmamışdı. Amma bu, rezonansa səbəb oldu. Çünki Azərbaycan tərəfi Gürcüstan tərəfini aldatmışdı və gürcü tərəfi buna inanmışdı Azərbaycan hökumətinə.

Və şübhəsisz ki, bu qanunsuzluqlar cəzasız qalmamalıdır, bu faciələri bizim başımıza gətirən şəxslər cəzalandırılmalıdır. Cəzasızlıq mühiti yeni cinayətlərə səbəb olur.



Azərbaycan hökuməti isə öz imici barədə fikirləşmir. Onun onsuz da yaxşı imici yoxdur. Azərbaycan hökuməti öz imicinə uyğun hərəkət edib. Azərbaycan hökumətinin Avropada, Qərb dairələrində, demokratik dairələrdə imici bundan ibarətdir ki, bu, avtoritar bir rejimdir, diktaturadır və bundan istənilən cinayəti gözləmək olar. Və mən hələ çox şadam ki, hələ məni yolda öldürmədilər, aparıb həbsxanaya salıblar. Məni öldürə bilərdilər. Bunların mahiyyətinə uyğundur. Mənə qədər Elmar Hüseynov öldürülüb, Rafiq Tağı öldürülüb, Rasim Əliyev öldürülüb. Eyni zamanda, Gürcüstanda yaşayan fəal Mehman Qələndərli Azəbaycana qayıtdıqdan sonra həbs olunub və Kürdəxanı həbsxanasında qətlə yetirilib. O bizim fəallardan idi, bizim qrupa daxil idi, bizimlə bərabər aksiyalarda iştirak edirdi. Bizimlə bərabər Azərbaycanda demokratiyanın bərpa olunması istiqamətində öz imkanları daxilində mübarizə aparırdı.

Cəzasızlıq mühiti yeni cinayətlərə səbəb olur.

Bu uzaqlıqdan demokratiyaya dəstəklə mənim təcrübə olmayıb. Əgər imkan olsa, hər şeydən məndən asılı olsa, mən Tiflisə qayıdardım. Həqitətən də bir qrup yaradardım, rəsmi təşkilat yaradardım və daha ciddi işləyərdim. Həbsə qədər səhv etmişəm. Nə qrup yaratmalıydım həqiqətən, təşkilat yaratmalıydım, təşkilatlanmış şəkildə mübarizə aparmalıydıq. Elə olsaydı nə Mehman Qələndərlini öldürə bilərdilər, nə məni oğurlaya bilərdilər, ya da qrupun üzvlərini ordan didərgin sala bilərdilər. Biz onsuz da ölkəmizdən didərgin düşmüş adamlardıq, ikinci dəfə yenə didərgin düşmüşük. Və şübhəsisz ki, bu qanunsuzluqlar cəzasız qalmamalıdır, bu faciələri bizim başımıza gətirən şəxslər cəzalandırılmalıdır. Cəzasızlıq mühiti yeni cinayətlərə səbəb olur.

Xatırlatma

Jurnalist Əfqan Muxtarlı 2017-ci il mayın 29-da oturum izni aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyib.

O, məhkəmədə bildirib ki, Tbilisidə saxlanıb, zor tətbiq edilərək sərhədə gətirilib və Azərbaycan tərəfinə təhvil verilib, üstəlik, cibinə 10 min avro pul qoyulub.

Bakıdakı rəsmi qurumlar isə onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlandığını, bu zaman hüquq-mühafizə əməkdaşlarına müqavimət göstərdiyini bəyan ediblər.

Əfqan Muxtarlı hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə, sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham olunaraq 6 il həbsə məhkum edilmişdi.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG