Şərqi Azərbaycan vilayətinin valiliyinə təyin olunan İslam İnqilabı Qvardiyasının komandirlərindən olan general Zeynəlabidin Rəzəvi Xürrəmə təqdimat mərasimində inaqurasiya çıxışı zamanı hücuma məruz qalıb.
Tasnim xəbər agentliyinin yaydığı məlumata görə, Şərqi Azərbaycanın yeni valisi təqdimat mərasimində çıxış edərkən mərasimdə iştirak edən bir şəxs, səhnəyə çıxaraq, Zeynəlabidin Rəzəvi Xürrəmin “üzünə sərt bir şillə” vurub. Həmin şəxs yeni təyin olunmuş valiyə sillə vurduqdan sonra onu itələyib.
Hadisədən dərhal sonra mərasimin təhlükəsizlik məmurları valiyə hücum edən şəxsi səhnədən uzaqlaşdırıb. Hadisə oktyabrın 23-də Şərqi Azərbaycanın yeni valisinin təqdimat mərasimi zamanı İmam Xomeyni Müsəllasında baş verib.
Hücum edən şəxsin çıxarılmasının ardından zalda atmosferin gərginləşməsinə baxmayaraq, general Zeynəlabidin Xürrəm çıxışına davam etməyə çalışıb. Mərasimdə İranın Daxili İşlər naziri və vilayətin digər rəsmiləri iştirak edib.
YJC və İRNA xəbər agentliklərinin yaydığı məlumata görə, Təbriz İslam İnqilabının Baş Prokuroru Babək Məhbub Əlilu valiyə hücum edən şəxsin kimliyinin müəyyən edildiyini və hadisənin araşdırılması üçün təcili göstəriş verdiyini bildirib. Həmin xəbərə görə, valiyə hücum edən şəxs İslam İnqilabı Qvardiyasının Aşura 31 diviziyasının polkovnik rütbəsində bir hərbi qulluqçusu olduğu bildirilir.
Sehpah-a yaxınlığı ilə bilinən Tasnim xəbər agentliyi valiyə şillə vuran şəxsin adını Əyyub Əlizadə olaraq açıqlayıb. İran mediası həmin şəxsin motivini "şəxsi düşmənçilik" olaraq xarakterizə edib.
İran İslam Respublikasının yeni prezidenti İbrahim Rəisinin hökumətində İslam İnqilabı Qvardiyasının hərbi qulluqçularının siyasi və ali siyasi vəzifələrdə mövcudluğunun artırıldığı müşahidə edilir.