Accessibility links

Şəhla Hümbətova: Vəkillər Kollegiyasından necə sifarişlə çıxarılmışdımsa, eyni qaydada da bərpa olundum


Şəhla Hümbətova
Şəhla Hümbətova

Azərbaycan Vəlillər Kollegiyası vəkil Şəhla Hümbətovaya qarşı məhkəmədə qaldırdığı iddiasını geri götürüb. Bununla yanaşı kollegiya həmçinin vəkillər İradə Cavadova və Türkel Süleymanlının səlahiyyətlərinin bərpasını təsdiqləyib.

Bu, ABŞ Dövlət katibi Entoni Blinkenin vəkilin müdafiəsi ilə bağlı bəyanatından sonraya təsadüf edir.

Hümbətovanın sözlərinə görə, mayın 5-də Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclası keçirilib.

"İclasda mənim vəkillik fəaliyyətimə xitam verilməsi haqqında iddia ərizəsinin geri götürülməsi ilə bağlı qərar qəbul olunub. Mənə bildirilib ki, sabahdan vəkillik fəaliyyətimi davam etdirə bilərəm."

Vəkillər Kollegiyası Şəhla Hümbətovanın vəkillik fəaliyyətinin bərpası ilə bağlı məlumatı təsdiqləyib.

Şəhla Hümbətova Amerikanın Səsinə müsahibəsində bildirib ki, Vəkillər Kollegiyasının qərarına münasibəti birmənalı deyil.

“Bir tərəfdən sevinməliyəm ki, mənim fəaliyyətim bərpa olunub, işimi davam etdirəcəm. Digər tərəfdən mənim üçün sevinməli də deyil. Çünki bir daha əmin oldum ki, ölkəmin qanunlarlı deyil, beynəlxalq təşkilatların, başqa bir ölkənin hökumətinin təzyiqi altında bu, baş verir. Əlbəttə, ona görə, bu, sevindirici hal deyil,” o qeyd edib.

Vəkil Hümbətova onu müdafiə etdiyinə görə ABŞ Dövlət katibinə və çoxsaylı beynəlxalq təşkilatlara minnətdarlıq edib.

“Amma, bunu da deməliyəm ki, mənim üçün məyusedici haldır ki, ölkə daxilində qanunlarımız işləmədiyinə görə xarici hökumətlərin, beynəlxalq təşkilatların bəyanat verməsinə zərurət yaranır ki, ədalət bərpa olunsun.”

Hümbətovanın fikrincə, ölkədə vəkillik fəaliyyətinin durumu onun və digər vəkillərin fəaliyyətinə münasibətlə bəlli olur.

“Yalçın İmanov, Xalid Bağırov kimi vəkil, digər vəkillər Vəkillər Kollegiyasından kənarda qalıbsa, bu, o deməkdir ki, müstəqil mövqeyi olan, öz işini qanunla, ədalətlə və vicdanla həyata keçirən vəkillərə sadəcə kollegiyada yer yoxdur. Azərbaycanda vəkilliyin müstəqilliyindən söhbət gedə bilməz. Mənim vəziyyətim də ona bir misaldır. Yəni, məni necə sifarişlə Vəkillər Kollegiyasından çıxarmışdılarsa, eyni qaydada sifarişlə kollegiyaya bərpa olundum. Yəni, burada nə məhkəmə bir rol oynayır, nə də ki, bir qayda-qanun. Ona görə də vəkillər də bu prinsiplə işləməyə məcburdurlar. Ya vicdanla insan hüquqlarını, qanunları müdafiə edib özlərini riskə atırlar, vəkillikdən çıxarılma riski ilə işləyirlər. Yaxud da sakitcə heç bir riskli işlərə qoşulmayıb, siyasi səbəblərdən təqib olunan insanları müdafiə etməyib öz təhlükəsizliklərini təmin edirlər.”

O hesab edir ki, ölkədə vəkilliyin Avropa standartlarına cavab verməsi üçün müstəqilliyi təmin edilməlidir.

“Vəkillik necə ki, formal olaraq müstəqil bir qurumdur, faktiki olaraq da öz müstəqilliyini təmin etməldiir, çəkinmədən, qorxmadan, heç kimin təzyiqi olmadan vəkil öz fəaliyyəini reallaşdırsın. Digər tərəfdən, məhkəmə orqanlarının müstəqilliyi olmalıdır ki, bütün insanların hüquqlarının məhkəmə təyinatı olsun. İnsanlar bilməlidir ki, hüquqları pozulanda məhkəmədə bunu bərpa edəcək. Ancaq bizdə nə məhkəmə, nə də vəkil müstəqildir,” o qeyd edib.

Bu il martın 5-də Bakı İnzibati Məhkəməsi hakim Aytən Orucovanın sədrliyi ilə Vəkillər Kollegiyasının Şəhla Hümbətovanın vəkilliyinə xitam verilməsi ilə bağlı iddiasını təmin edib.

Vəkillər Kollegiyasının iddiasına görə, Şəhla Hümbətova 6 aydan çox üzvlük haqqını ödəməyib və bu səbəbdən məhkəməyə müraciət olunub.

Vəkil Amerikanın Səsinə müsahibəsində məhkəmənin qərarı barədə bildirib ki, anlaşılmazlıq olub.

“500 manat üzvlük haqqı ödəmişəm. Həmin pulu əvvəlki aylara siliblər. Mən də elə bilmişdim gələcək aylar üçün üzvlük haqqı ödəmişəm. Beləliklə, 8 ay üçün 480 manat borc yığılıb. Mənə borcumun olduğu barədə heç zaman xəbərdarlıq edilməyib və ümumiyyətlə bu məsələyə intizam icraatı çərçivəsində baxılmayıb. Mənim borcumun olması barədə izahatım belə alınmayıb. Ancaq, məlumat mediada dərc edildikdən sonra xəbərim olub. Bilən kimi, elə həmin gün borcumu ödəmişəm. Buna baxmayaraq məhkəməyə veriblər,” o, qeyd edib.

Vəkil hesab edib ki, onun kollegiyadan uzaqlaşdırılması ilə bağlı müraciət qeyri-mütənasibdir.

“Mən üzvlük haqqını ödədikdən sonra məhkəməyə müraciət etmələri göstərir ki, onların dərdi heç də üzvlük haqqı deyil. Sadəcə məqsəd məni hansısa bir bəhanə ilə üzvlükdən xaric etməkdir.”

Hümbətova vəkilliyinə xitam verilməsinin səbəbi kimi insan hüquqları sahəsində, siyasi mötivlərlə həbs edilən insanların hüquqlarını müdafiə etməsini göstərib.

Son illər Azərbaycanda hüquq müdafiəçiləri tərəfindən müstəqil vəkil kimi tanınan Namizəd Səfərov, Xalid Bağırov, Aslan İsmayılov, Əlaif Həsənov, Elçin Namazov, Yalçın İmanov, İntiqam Əliyev, Müzəffər Baxışov, Ənnağı Hacıbəyli, Fərhad Mehdiyev, İradə Cavadova və digərlərinin vəkillik fəaliyyətinə xitam verilib. Bir çox vəkillər barəsində isə intizam tədbirləri görülüb.

Vəkillər Kollegiyası bir qayda olaraq vəkillərin kollegiyadan uzaqlaşdırlmasının səbəblərini qanunvericiliyi pomaları ilə izah edir.

Bu il martın 26-da ABŞ Dövlət katibi Entoni Blinken Şəhla Hümbətova ilə bağlı bəyanat verib.

"2020-ci ildə ABŞ-ın Beynəlxalq Cəsarətli Qadınlar mükafatının laureatı Şəhla Hümbətovanın insan haqlarının təbliği və müdafiəsi ilə məşğul olduğuna görə kollegiyadan çıxarılması xəbərindən narahat oldum. Şəhlanın quruma təcili bərpasını tələb edirik, onun yanında olacağıq," Dövlət Katibi qeyd edib.

XS
SM
MD
LG