Bu gün, oktyabrın 22-də Prezident İlham Əliyev Şahin Mustafayevi İqtisadiyyat Naziri vəzifəsindən azad edib.
Dövlət başçısının başqa bir sərəncamı ilə Şahin Mustafayev Baş Nazirin müavini təyin edilib.
Şahin Mustafayev 1965-ci ildə Ermənistanda doğulub.
1989-cu ildə N. Voznesenski adına Maliyyə-İqtisad İnstitutunun Bakı filialını bitirib. 1990-1991-ci illərdə Bakı Baş Tikinti İdarəsində baş mühasib işləyib.
O, 2006-2008-ci illərdə Vergilər Nazirinin birinci müavini olub.
Şahin Mustafayev 2008-ci ildən ölkə iqtisadiyyatına cavabdeh şəxs sayılır.
2008-2013-cü illərdə İqtisadi İnkişaf naziri, 2013-2016-cı illərdə isə nazirliyin adı dəyişdiyindən İqtisadiyyat və Sənaye naziri vəzifələrində çalışıb. 2016-cı ildən İqtisadiyyat naziri (nazirliyin adı yenə də dəyişib-red.) təyin edilmişdi.
Prezident İlham Əliyev dünən, oktyabrın 21-də Baş Nazirin müavinləri - Hacıbala Abutalıbov və Əli Həsənovu ərizələrinə əsasən vəzifələrindən çıxarıb.