Accessibility links

İsrail Qəzzanın ikinci ən böyük şəhərində təxliyə əmri verib


İsrail ordusu HƏMAS militantlarını hədəf alan yerdən və havadan hücumlar həyata keçirdiyi vaxt İsrail bazar ertəsi Qəzza zolağının ikinci böyük şəhərinin bir hissəsində yaşayan insanları ərazidən təxliyə olunmağa çağırıb.

İsrail hərbi qüvvələri Xan Yunusun şimal-şərq hissəsindəki məhəllələrdə yaşayan insanlara öz təhlükəsizlikləri üçün daha cənuba doğru getmələrini tövsiyə edib.

İsrail anklavın şimal hissəsində HƏMAS-a qarşı kampaniyaya başladıqda çox sayda mülki vətəndaş Qəzzanın cənubunda olan Xan Yunusa qaçıb.

İsrail insanlara sonradan hücuma məruz qalan əraziləri tərk etmək üçün bir neçə dəfə xəbərdarlıq etsə də, Qəzzada elektrik enerjisi və internetin etibarsız olması səbəbindən insanların məlumat əldə etmələrinin çətinləşdiyini deyən BMT rəsmilərinin tənqidi ilə üzləşib.

Almaniya bazar ertəsi bəyan edib ki, İsraildən insanları təkcə Qəzzanın təhlükəli ərazilərini tərk etmək barədə məlumatlandırmasını deyil, həm də onların "başqa yerlərdə təhlükəsiz sığınacaq tapmaq üçün real imkanı olmasını" təmin etməsini gözləyir.

BMT həmçinin Qəzzada humanitar vəziyyətlə bağlı xəbərdarlıq edib. Qəzzada əhalinin təqribən 80%-i evlərini tərk edib və çoxları insanla dolu sığınacaqlarda qalır.

İsrailin hərbi əməliyyatlarını mülki əhalinin əvvəllər sığınacaq axtardığı bölgələrə doğru genişləndirməsi ilə yanaşı, Qəzzanın cənubunda daha intensiv döyüşlərin başlaması Misirlə cənub sərhəddən gələn humanitar yardım axınına təsiri ilə bağlı narahatlıqlar da mövcuddur.

İsrail ordusu bazar ertəsi Qəzzanın şimalında məktəblərin daxilində yerləşən hərbi obyektləri dağıtmaqla yanaşı, gecə ərzində HƏMAS-ın 200 hədəfinə hücum etdiyini bildirib.

İsrail HƏMAS-ı xəstəxanalara və digər mülki ərazilərə sızmaqda və mülki əhalini hava hücumları ərəfəsində İsrailin evakuasiya xəbərdarlığına məhəl qoymamağa çağıraraq, onlardan canlı qalxan kimi istifadə etməkdə ittiham edib. HƏMAS bu ittihamı rədd edib.

İsrail üç əsgərin öldüyünü açıqlayıb, iki əsgərin bazar günü Qəzzanın şimalında, digərinin isə Qəzzanın mərkəzindəki döyüşlərdə öldüyünü bildirib.

HƏMAS-ın idarə etdiyi Qəzzanın Səhiyyə Nazirliyinin məlumatına görə, cümə günü səhər saatlarında, İsrail və HƏMAS arasında bir həftə davam edən atəşkəsin dayanmasından bəri azı 300 fələstinli həlak olub. Bununla HƏMAS-ın oktyabr ayında hücumundan sonra Qəzzada ölənlərin sayı 15 min 200-dən, yaralananların sayı isə 40 mindən artıq nəfərə çatıb. Nazirlik bildirir ki, qurbanların 70%-i qadın və uşaqlardır.

Forum

XS
SM
MD
LG