Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-un yeni variantını "maraq doğuran variant" olaraq təyin edib.
Qlobal sağlamlıq agentliyi çərşənbə axşamı həftəlik açıqlamasında elmi adı B.1.621 olan və Mu kimi tanınan variantın ilk dəfə yanvar ayında Kolumbiyada təsbit edildiyi vaxtdan bəri Cənubi Amerika və Avropada aşkarlandığını bildirib.
ÜST-nın bildirdiyinə görə, Mu variantı peyvəndlərə qarşı davamlı olan bir neçə xüsusiyyətə malikdir və onun necə işlədiyini tam başa düşmək üçün daha çox araşdırmanın aparılması gərəkdir.
ÜST-nın Mu kimi təyin etdiyi "maraq doğuran" variantı koronavirusun beşinci variantıdır. Bundan əvvəl 193 ölkədə aşkar edilən Alfa və 170 ölkədə mövcud olan və dünya miqyasında yeni infeksiyaların artmasına səbəb olan Delta da daxil olmaqla, digər dörd variant "narahatlıq verici variantlar" olaraq təyin edilmişdi.
Cənubi Afrika alimləri bu həftənin əvvəlində C.1.2 kimi təyin edilmiş yeni bir COVID-19 variantı aşkar etdiklərini elan edib. Bu variant ilk dəfə may ayında Cənubi Afrikada aşkar edilməzdən əvvəl Afrika boyu, Asiya, Avropa və Sakit Okeanın cənub bölgəsinə yayılıb.
C.1.2 variantı ÜST tərəfindən nə maraq, nə də narahatlıq doğuran variant olaraq təyin edilməyib.
ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin direktoru doktor Roşell Valenski çərşənbə axşamı COVID-19 peyvəndi edilməyən amerikalıları yeni infeksiyaların və ölümlərin artması səbəbindən qarşıdan gələn Əmək Günü tətilində səyahət etməməyə çağırıb.
Florida, Mississippi və Vaşinqton ştatlarında yeni yoluxma və xəstəxanalara yerləşdirilmə hallarının rekord səviyyəyə çatdığı ABŞ-da COVID-19-a gündə 100,000-dən çox yeni yoluxma halı qeydə alınır.