Accessibility links

Çindən Azərbaycana növbəti 500 min doza vaksin gətirilib


Aprelin 1-də Çindən Azərbaycana növbəti vaksin partiyası “Sinovac”şirkətinin istehsalı olan “Coronavac” 500 min doza gətirilib.

Bu doza Çinlə Azərbaycan arasında 5 milyon doza vaksin alınmasına dair müqavilə əsasında gətirilib.

Vaksini gətirən təyyarəni Azərbaycan xarici işlər nazirinin müavini Ramiz Həsənov, Çinin Bakıdakı səfiri Qo Min və digər rəsmilər qarşılayıb.

Çinin Azərbaycandakı səfirinin sözlərinə görə, Azərbaycana koronavirusa qarşı növbəti partiya vaksinlərin aprel ayının sonunda gətirilməsi nəzərdə tutulub.

Bundan əlavə səfir Çin hökumətinin yaxın zamanda təmənnasız 150 min doza vaksin göndərmək barədə qərar qəbul edildiyini deyib.

Yanvarın 18-dən Azərbaycanda Çinin “SinoVac” şirkətinin istehsal etdiyi “CoronoVAC” aşısı ilə COVID-19-a qarşı vaksinasiya prosesinə başlanılıb. Peyvəndləmə könüllü və dövlət hesabına aparılır.

Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata əsasən, indiyədək 547 541 nəfərə aşı vurulub.

Aprelin 5-də Koreyadan Azərbaycana 84000 doza “Vaxzevria” (əvvəlki adı “AstraZeneca”) vaksini gətiriləcək. Ümumilikdə mayın sonuna qədər Azərbaycana 432000 doza “Vaxzevria” vaksinin idxalı nəzərdə tutulub. Peyvəndi İngiltərə-İsveç birgə şirkəti istehsal edib. Eləcə də 8 həftə ərzində Azərbaycana 218790 doza “Pfizer-BioNTech” vaksini gətiriləcək.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, iki mərhələdən ibarət olan vaksinasiya prosesinin birinci mərhələsi fevralın 1-də başa çatıb. Martın 22-dən yaşı 40-dan yuxarı olan şəxslərin koronavirusa qarşı vaksinasiyasına başlanılıb.

Azərbaycana indiyədək 1,5 milyona yaxın doza “Coronavac" vaksini gətirilib.

Azərbaycan səhiyyə nazirinin müavini Viktor Qasımov bu gün deyib ki, aprelin 5-də ilkin mərhələdə Koreyadan “AztraZeneca” şirkətinə məxsus 84000 doza vaksin də Azərbaycana göndəriləcək. Vaksinin təqribən 5-6 gün ərzində ölkəyə gətirilməsi təmin olunacaq.

“Eləcə də 8 həftə ərzində Azərbaycana 218790 doza “Pfizer-BioNTech” vaksinləri ayrılacaq,” Qasımov qeyd edib.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi iyunun 1-dək davam edəcək. Həftəsonu istirahət günləri və bayram günlərində ölkənin bütün ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılır.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir.

XS
SM
MD
LG