Accessibility links

Çexiya Avropada karantin qaydalarını yumşaltmağa başlayan ilk ölkələrdən biridir


Çexiya hökuməti martın ortalarında koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan ümummilli karantini ləğv etmək qərarına gəlib.

Çexiya Avropada ağır karantin qaydaları tətbiq edən ilk ölkələrdən biri idi.

Aprelin 24-dən etibarən ölkə sakinləri yenidən xaricə gedə, (qayıdandan sonra iki həftəlik karantinə alınmaq şərtilə) ölkə daxilində hərəkət edə biləcəklər (əvvəllər yalnız bir bölgə daxilində hərəkət etmək mümkün idi). Ölkənin sərhədlərinin xarici vətəndaşlara nə vaxt açılacağı bilinmir.

Çexiya hökuməti həmçinin daha öncə digər məhdudlaşdırıcı tədbirlərin yüngülləşdirilməsi ilə bağlı təsdiq olunan sıralamaya yenidən nəzər salıb. 10 nəfərə qədər insanların bir araya toplaşmalarına icazə verilir. Mağazalar və xidmət sahələri müəssisələri gözləniləndən daha erkən açılacaq.

Aprelin 27-də ticarət mərkəzlərində olanlar istisna olmaqla, sahəsi 2500 metrdən az olan mağazalar da açılacaq. Əvvəllər bunun yalnız mayın sonunda baş verəcəyi gözlənilirdi. Fitnes mərkəzləri və zooparklar da fəaliyyətə başlayacaq. Bundan əlavə universitetlər də tələbələri qəbul etməyə başlayacaq.

Mayın 11-də ticarət mərkəzləri, bərbərlər, masaj salonları, muzeylər, 25-də isə kafe və restoranlar açılacaq.

Cümə axşamı Praqadakı məhkəmə bir sıra karantin tədbirlərini qanuna zidd olaraq tətbiq edildiyini etiraf edərək ləğv edib. Qərar aprelin 27-dən qüvvəyə minəcək - hökumət böyük ehtimalla bu tədbirləri o vaxtadək fərqli şəkildə formalaşdıracaq. Qərarların bir hissəsi onsuz da hakimiyyətin son qərarına əsasən ləğv olunacaq.

Son günlər Çexiya Respublikasında koronavirus infeksiyasına yeni yoluxma hallarının sayı azalır. Belə halda sağalmış insanların sayı artmaqda, xəstələrin sayı isə azalmaqdadır. İndi virusa yoluxanların sayı təxminən 5 min nəfərdən azdır. Bütün bu dövr ərzində ölkədə 7 mindən çox insan koronavirusa yoluxmuş, 2 mindən çox insan sağalmış, 210 nəfər isə həyatını itirib. Rəsmi məlumatlara görə, aprelin 23-də ölkədə yalnız 6 yeni COVID-19 hadisəsi qeydə alınıb.

Çexiya Respublikasının qonşu ölkələrində də karantin tədbirləri yüngülləşdirilir. Avstriyada və Almaniyada mağazalar bu həftə yenidən açılıb. Mayın əvvəlində orada ticarət mərkəzləri və xidmət sahələri fəaliyyətlərini bərpa edəcək. Bu ölkələrdə xəstələrin sayı da azalmaqdadır. Sağalanların sayı nisbətən daha çoxdur.

XS
SM
MD
LG