İran xarici işlər naziri Məhəömməd Cavad Zərif ölkəsinin gərginliklərin artmasını istəmədəyini deyib.
Çərşənbə günü baş nazir Şinzo Abe ilə danışıqlar aparmaq üçün Yaponiyaya səfəri zamanı danışan Zərif bildirib ki, İran “hər bir ölkənin beynəlxalq qanunla öz hüquqlarından istifadə etməsinə imkan verilməsinə” inanır.
Şinzo Abe İran və Birləşmiş Ştatlar arasında vasitəçi kimi çıxış etmək üçün bu ilin əvvəli Tehrana səfər edib.
Bu həftə ABŞ prezidenti Donald Tramp Tehranın nüvə proqramının məhdudlaşdırılması məqsədilə 2015-ci ildə əldə edilmiş razılaşmanın əvəzinə yeni razılaşmanı müzakirə etmək üçün İran prezidenti Həsən Ruhani ilə görüşə biləcəyinə “yaxşı bir imkanın” olduğunu deyib. ABŞ İran və dünya qüdrətləri arasında 2015-ci ildə imzalanmış beynəlxalq razılaşmadan keçən il çıxıb.
Lakin Ruhani bildirib ki, əgər Tramp danışıqlar aparmaq istəyirsə, “ilk addımı o atmalıdır” və İrana qarşı qoyulan bütün sanksiyaları aradan qaldırmalıdır. İran prezidenti sanksiyaları "qanunsuz, haqsız və ədalətsiz" adlandırıb.
Lakin Tramp prezident Həsən Ruhani ilə görüş üçün öz şərtlərini irəli sürüb. O deyib ki, İran hərbi irəliləyişlər və hücumlar vasitəsilə xaricdə gərginlik yaratmamalıdır. Tramp həmçinin yeni razılaşma ilə İranın nüvə silahı və ballistik raket sınaqlarına qadağa qoyulmalı və bunun 2015-ci il sazişindəki 10 ildən daha çox müddəti əhatə etməli olduğunu deyib.
ABŞ lideri bu açıqlamaları Böyük Yeddilik ölkələrinin Fransada zirvə görüşü zamanı verib.
Fransa prezidenti Emmanuel Makron ABŞ və İran arasında danışıqlara vasitəçilik səyləri çərçivəsində bazar günü Zərifi sammitin keçirildiyi Biarrtis şəhərinə dəvət edib.
Makron bazar ertəsi günü bildirib ki, Tramp və Ruhani arasında görüşün baş tutduğu təqdirdə, Vaşinqton və Tehranın razılığa gələ biləcəyi haqda “çox ehtiyatlı bir nəticəyə” gəlib. O bildirib ki, danışıqlar baş tutsa, Fransa 2015-ci il sazişinə imza atan Britaniya, Çin, Almaniya, Rusiya və Avropa İttifaqı ilə birlikdə “rol oynaya bilər”.