Accessibility links

Zəlimxan Məmmədli: Gürcüstan hakimiyyət orqanlarında azərbaycanlıların təmsilçiliyi zəifdir


Zəlimxan Məmmədli: Gürcüstan hakimiyyət orqanlarında azərbaycanlıların təmsilçiliyi zəifdir
Zəlimxan Məmmədli: Gürcüstan hakimiyyət orqanlarında azərbaycanlıların təmsilçiliyi zəifdir

Onun fikrincə, Gürcüstanda azərbaycanlıların əsas problemləri təhsil, dövlət və hökumət qurumlarında, eləcə də seçkili orqanlarda təmsilçiliyinin az olması ilə bağlıdır. O, torpaqla bağlı problemlər olduğunu da bildirib.

Borçalı Cəmiyyətinin rəhbəri Zəlimxan Məmmədli Amerikanın Səsi radiosuna müsahibəsində Gürcüstanda yaşayan azərbaycanlıların problemlərindən danışıb. Onun fikrincə, Gürcüstanda azərbaycanlıların əsas problemləri təhsil, dövlət və hökumət qurumlarında, eləcə də seçkili orqanlarda təmsilçiliyinin az olması ilə bağlıdır. O, torpaqla bağlı problemlər olduğunu da bildirib.

Sual: Gürcüstanda yaşayan azərbaycanlıların mövcud problemləri nədir?

Cavab: Bəzən, yanlış olaraq inteqrasiya problemini qabardırlar. Bu süni şəkildə qabardılır. Çünki, eyni ərazidə min illik yaşam tarixi olan bir toplumun gürcü cəmiyyəti ilə inteqrasiya problemi ola bilməz. Azərbaycanlılar buraya heç yerdən gəlməyib, tarixi aborgen toplumdur. Təhsillə bağlı ciddi problemlər var. Milli təhsil sisteminin qorunması, inkişafı, onun modernləşdirilməsi, yeni şəraitə uyğunlaşdırılması ən ciddi məsələlərdən biridir. İkinci ciddi məsələ, Borçalı zonasında elm ocaqlarının inkişafıdır. Nəzərə almalıyıq ki, Gürcüstan və Azərbaycan Avropaya nə qədər inteqrasiya etsə də, fər qliliklər var, xüsusi ilə təhsil sistemində xeyli fərqlər mövcuddur. Artıq, Azərbaycan təhsil sistemi Gürcüstanda pedaqoji kadrların hazırlanması üçün əhəmiyyətini itirməkdədir. Düşünürük ki, Borçalıda ali təhsil ocaqlarının yaradılması, bu regionun inkişafının əsasını təşkil edə bilər.

Vaxtı ilə ciddi problemlərdən biri də torpaq mülkiyyətinin məhdudlaşdırılması və torpaq islahatı məsələsi idi. Hazırda müəyyən məsələlər həll edilib. Amma, problemlər də var. Məsələn, 2010-cu ildə Qardabani rayonunda azərbaycanlı əhaliyə məxsus 920 hektar torpaq sahəsi bir iş adamına satılıb. Bu yaxınlarda, biz Gürcüstan quberniyasında məsələni rəhbərlərin diqqətinə çatdırdıq. Bildirdik ki, inqilabi ənənədə torpağın kəndliyə paylanması təcrübəsi var, torpağın kəndlidən alınması təcrübəsi isə ümumiyyətlə mövcud deyil. Onlar bu məntiqin qarşısında söz deyə bilmədirlər və problemin həllinə çalışacaqlarını bildirdilər.

Problemlərdən biri də Gürcü dili ilə Azərbaycan dilinin işlənməsi ilə bağlı qızıl ortanın hələ tapılmamasıdır. Biz, sərhədləri tapmalıyıq və ana dilimizi gürcü dilinin öyrənilməsinə qurban verməməliyik. Bəzi hallarda Azərbaycan dilli məktəblərdə əsas olmadan gürcü şöbələri açılır və burada oxuyanlara yüksək imtiyazlar vəd edilir. Hansı ki, həmin məntəqədə bir nəfər gürcü yaşamır.

Toponimlərlə bağlı problemlər neçə illərdir yaşanmaqdadır. 1992-1993-cü illərdə Azərbaycan toponimləri dəyişdirilib. Hesab edirik ki, toponimlər qaytarılmalıdır və bunun vaxta ehtiyacı var. Gürcüstan hakimiyyəti söz verir, amma ölkədə ictimai-siyasi durum ağır olduğundan bunun reallaşdırlması hələ çətindir.

Sual: Azərbaycan və Gürcüstan dövlət rəsmiləri səviyyəsində bu ölkədə yaşayan azərbaycanlıların problemləri ilə bağlı müzakirələr yerli azərbaycanlıları razı salırmı?

Cavab: Hesab edirik ki, təhsillə və orta təbəqənin inkişafı ilə bağlı siyasət yanlışdır. Bu siyasətdən Borçalıda yaşayan azərbaycanlılar narazıdır. Bəzi hallarda, rəsmilərin səfərləri daha çox dekorativ xarakteri daşıyır və problemlər ciddiliyi ilə müzakirəyə çıxarılmır.

Sual: Gürcüstan cəmiyyətinin inkişafında və dövlətin idarə edilməsində azərbaycanlıların təmsilçiliyi necədir?

Cavab: Təbii ki, çox zəifdir. Yerli idarəetmə orqanları olan bələdiyyələr, ayrı-ayrı nazirliklər, parlament və quberniyalar səviyyəsində statistik hesablamalar aparanda bunun yetərincə olmadığı açıq görünür. Əgər, azərbaycanlılar Gürcüstanda say tərkibinə görə ikinci toplumdursa, qonşu Azərbaycan və Türkiyə faktorunu da nəzərə alsaq azərbaycanlılar parlamentdə üç deyil, on iki deputatla təmsil olunmalıdır. Quberniyada bir müavin yox, azı birinci müavin azərbaycanlı olmalıdır. Bələdiyyələrə seçkilər kifayət qədər şəffaflaşdırılmalıdır. Təəssüflər olsun ki, bu seçkilər şəffaf deyil.

XS
SM
MD
LG