Zimbabvenin yeni prezidenti Nazirlər Kabineti üzvlərinin andiçmə mərasimində iştirak edib.
Bu, son 37 ildə Robert Muqabesiz keçirilən ilk mərasimdir.
Mən zimbabveliləri birliyə çağırıram.
“Yeni kabinet sabiq prezidentin erasına son qoyur. Bu, çox tələsik oldu. Mən inanıram ki, komandam bütün çətinliklərə sinə gərəcək. Mən zimbabveliləri birliyə çağırıram. Biz iqtisadiyyatımızı inkişaf etdirməliyik,” prezident Emmerson Mnanqaqua bildirib.
75 yaşlı prezident mərasimdən sonra bəzi sualları cavablandırıb.
Müxalifət nümayəndələri 22 nəfərlik kabinetdə yer almayıb və bununla Robert Muqabenin istefasından sonra yeni iqtidarın daha inklüsiv siyasi mühit yaradacağına ümidli olanları məyus edib.
Afrikanın cənub ölkəsinə 37 il müddətində rəhbərlik etmiş 93 yaşlı Muqabe keçən həftə təzyiqlər nəticəsində istefa verib.
Hakimiyyətin hərbçilərin nəzarətinə keçdiyini və Muqabenin ev dustağı olduğunu televiziyadan elan edən ordu generalı yeni xarici işlər naziridir.
Hava qüvvələri komandanı Perens Şiri isə Torpaq və Kənd Təsərrüfatı Naziri təyin edilib. Şirinin Muqabe hakimiyyəti dövründə Ndebele icmasına qarşı 20,000 insanın ölümü ilə nəticələnən qətliamın icrasında əli olduğu hesab edilir.
Muqabenin hakimiyyətə gətirən “azadlıq döyüşçüləri” qrupu da daxil olan nüfuzlu müharibə veteranları assosiasiyasının lideri Kris Mutsvanqa yeni informasiya naziridir.
Yeni kabinet üzvlərinin əksəriyyəti Muqabe hökümətində aparıcı vəzifələr tutan şəxslərdir.