Accessibility links

Zelenski: Bəndin dağılması içməli suya çıxışı əngəlləyir


Xerson, Ukrayna. 7 iyun, 2023.
Xerson, Ukrayna. 7 iyun, 2023.

Ukraynada müharibədə son baş verənlər:

  • Çinin xarici işlər nazirliyi Ukraynanın cənubunda bəndin dağılmasının humanitar, iqtisadi və ekoloji nəticələri ilə bağlı narahatlığını ifadə edib.
  • İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı bildirir ki, qlobal iqtisadiyyat yaxşılaşmağa başlayıb, ancaq bərpa üçün risklər var və Ukraynadakı müharibənin təsirləri “əsas narahatlıq olaraq qalır”.

Ukrayna Prezidenti Volodimir Zelenski çərşənbə günü bildirib ki, Ukraynanın cənubunda Kaxova bəndinin partlamasından bir gün sonra yüz minlərlə insanın “içməli suya normal çıxışı yoxdur.”

Zelenski Twitter-də yazıb ki, bəndin dağıdılması “tamamilə qəsdən” edilib və Rusiya qüvvələrini günahlandıraraq, Rusiyanı indi Rusiya nəzarətində olan ərazilərdə yaşayan insanları daşqının təsirlərindən qurtulmaq üçün yardım etməməkdə günahlandırıb.

Ukrayna rəsmiləri bildirib ki, Dnipro çayı ətrafındakı ərazilərdən 17 mindən çox insan evakuasiya edilir və Ukraynanın nəzarətində olan ərazilərdə 40 şəhər və kənddə daşqın olub.

Rusiyanın işğal etidiyi ərazilərdən 900-dən çox insan evakuasiya edilib.

“Bəndin quruluşu, böyük ehtimalla, növbəti bir neçə gün ərzində daha da pisləşəcək və əlavə daşqınlara səbəb olacaq” , Britaniyanın Müdafiə Nazirliyi çərşənbə günü gündəlik hesabatında bildirib.

İki tərəf Ukraynanın bir ildən çoxdur Rusiyanın nəzarətində olan hissəsində Xersondan təxminən 70 kilometr şərqdə yerləşən bəndin dağıdılmasına görə bir-birini günahlandırb.

Vaşinqtonda Ağ Ev çərşənbə axşamı böyük bəndin dağılmasına qəti şəkildə nəyin səbəb olduğunu deyə bilməyəcəyini, amma partlayışa Rusiyanın səbəb olduğuna dair xəbərləri nəzərdən keçirdiyini bildirib.

BMT Baş katibi Antonio Quterreş deyib ki, mülki vətəndaşlara və mülki infrastruktura hücumlar durdurulmalıdır.

“Bugünkü faciə müharibənin insanlara dəhşətli təsirinin bir başqa nümunəsidir,” o müxbirlərə deyib. “Bir ildən artıqdır ki, əzab-əziyyət aşıb-daşır. Buna son qoyulmalıdır.”

Həm Ukrayna, həm də Rusiya BMT Təhlükəsizlik Şurasını fövqəladə iclas keçirməyə çağırıb və hər iki tərəf dağıntılara görə bir-birini günahlandırıb.

BMT-nin humanitar məsələlər üzrə rəhbəri Martin Qriffit iclasda deyib ki, fəlakətin miqyası növbəti günlərdə bəlli olacaq, amma onun Ukraynanın cənub cəbhə xəttinin hər iki tərəfində evlərini, həyatlarını və təhlükəsiz içməli suya çıxışı itirən minlərlə insan üçün “ağır və genişmiqyaslı fəsadları” olacaq.

“Kaxova su elektrik stansiyasının bəndinin dağılması bəlkə də Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya hərbi müdaxiləsi başlayandan bəri mülki infrastruktura ziyan vuran ən əhəmiyyətli hadisədir” , Qriffit şura üzvlərinə deyib.

O bir daha tərar edib ki, beynəlxalq humanitar qanun bəndlər kimi qurğuları müdafiə edir, çünki onların dağılması mülki əhali üçün ciddi itkilərə səbəb ola bilər.

Qriffit, həmçinin daşqının minaları hərəkət etdirməsi və ya partlayıcı silahlardan çirklənmənin yayılması və bununla da mülki əhalini daha da təhlükə altına atmaq riskindən narahatlığını ifadə edib.

XS
SM
MD
LG