Accessibility links

Zelenskinin G-20-ə dəvət edilməsi Bayden üçün kifayət deyil


Ağ Ev bu il Böyük İyirmilər (G-20) qrupunun prezidenti olan İndoneziyanın Ukraynanı noyabr ayında Balidə keçiriləcək sammitə dəvət etmək qərarının, Rusiya Prezidenti Vladimir Putin iclasdan kənarlaşdırılmadığı təqdirdə, ABŞ Prezidenti Co Baydenin iştirakını təmin etmək üçün kifayət olmadığına işarə edir.

“Bizim anladığımız odur ki (təbii ki, siz bunu indoneziyalılarla da təsdiq edə bilərsiniz, çünki biz onlarla özəl danışmışıq) onlar [Rusiyanı] hərbi müdaxilədən sonra dəvət ediblər…Biz öz düşüncəmizi onlara çatdırdıq ki, biz [Rusiyanın] bunun bir hissəsi olmamalı olduğunu düşünürük,” Ağ Evin mətbuat katibi Cen Psaki cümə günü müxbirlərə deyib.

Bundan öncə cümə günü İndoneziya Prezidenti Coko Vidodo Ukrayna Prezidenti Volodimir Zelenskini iqtisadi forumun sammitinə dəvət etdiyini açıqlayıb.

“Biz anlayırıq ki, Böyük İyirmilər qlobal iqtisadiyyatın bərpasında katalizator rolu oynayır və hazırda qlobal iqtisadiyyatın bərpası haqda danışanda iki mühüm amil var: COVID-19 və Ukraynadakı müharibə,” Vidodo Zelenksiyə dəvətini izah edərkən bildirib.

Vidodo deyib ki, o, dəvəti çərşənbə günü Zelenski ilə telefon danışığı zamanı irəli sürüb. Həmin telefon danışığında Vidodo silah tədarükü tələbini rədd edib, amma Ukraynaya humanitar yardım təklif edib. O deyib ki, cümə axşamı Putinlə danışıb və Rusiya prezidenti sammitdə iştirak edəcəyini bildirib.

“İndoneziya Böyük İyirmiləri birləşdirmək istəyir,” Vidodo deyib. “Sülh və sabitlik qlobal iqtisadiyyatın bərpası və inkişafı üçün mühümdür.”

Bu, Qərb liderlərinin Rusiyanı dünyanın 20 ən böyük iqtisadiyyatından ibarət qrupdan çıxarmaq tələbləri fonunda çətin ola bilər. Bayden, Kanada Baş naziri Castin Trudo, Avstraliyanın Baş naziri Skott Morrison və başqaları Putinin sammitdə iştirakı ilə bağlı narahatlıqlarını ifadə ediblər və Putin orada olsa, sammitə qatılmayacaqlarını bildiriblər.

Diplomatik həll yolu gözlənilmir

Psaki qeyd edib ki, Bayden administrasiyası Cakartanın Ukraynanı dəvət etmək addımını alqışlasa da, Moskvanın G-20 sammitindən öncə müharibəyə diplomatik həll yolunu seçəcəyinə pessimist yanaşır.

“Biz indiyədək Rusiyanın diplomatik danışıqlarda konstruktiv şəkildə iştirak edəcəyinə dair bir əlamət görməmişik,” Psaki deyib. “Biz əlbəttə ki, ümid edirik ki, bu dəyişəcək, çünki aydındır ki, bu münaqişəyə son qoymağın yolu diplomatik danışıqlar və müzakirələrdir. Və Prezident Putin elə sabah və ya elə indi buna son qoya bilər.”

Digər üzvlər Rusiyanın çıxarılması üzərində razılıq əldə etməhiyi halda, Kyivin Böyük İyirmilərin iclaslarına dəvət olunmasını Bayden təklif etmişdi. O, bunu ötən ay Brüsseldə, Putini Böyük İyirmilərdən çıxarmağı müzakirə etdiklərini dediyi NATO üzvləri və Avropa müttəfiqləri ilə görüşdən sonra bildirmişdi.

Təhlilçilər qeyd edir ki, Çin Moskvanın qrupda qalmasını dəstəklədiyi üçün Vidodo çətin vəziyyətdədir və nəticədə onun hökuməti Putinin iştirak etməsi ilə bir neçə Qərb liderinin iştirak etməməsi arasında seçim etməli olacağını deyirlər.

Bayden administrasiyası bu ayın əvvəlində Böyük İyirmilərin Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin beynəlxalq iqtisadi nəticələrini və mümkündür Ukraynanın yenidən qurulmasını müzakirə etməsini istədiyinə işarə etmişdi.

Bu ideyanın iqtisadi forumda əlavə ixtilaflara səbəb ola bilər. Böyük İyirmilər qrupunun Hindistan, Braziliya, Cənubi Afrika, Meksika, Səudiyyə Ərəbistanı kimi orta gücə sahib üzvləri gündəmlərini pandemiyadan sonra iqtisadi bərpa ətrafında cəmləşdiriblər ki, bu, Qərbin Putini təcrid edib, Ukraynaya yardım etmək məqsədi ilə üst-üstə düşmür.

XS
SM
MD
LG