Accessibility links

Putin Qərbin Ukraynaya qoşun göndərəcəyi təqdirdə nüvə müharibəsi ilə bağlı xəbərdarlıq edib


Rusiya prezidenti Vladimir Putin ölkəsinin Qərbdəki hədəfləri vurmaq üçün silaha malik olduğunu bildirərək, Qərb dövlətlərinin Ukraynaya qoşun yeritməsinin “faciəli” nəticələri və barədə xəbərdarlıq edib.

"[Qərb dövlətləri] başa düşməlidirlər ki, bizim də onların ərazisindəki hədəfləri vura biləcək silahlarımız var. Bütün bunlar həqiqətən də nüvə silahından istifadə edilməsi ilə münaqişə və sivilizasiyanın məhvi təhlükəsini yaradır. Onlar bunu başa düşmürlərmi?" Putin cümə axşamı illik müraciəti zamanı deyib.

Fransa prezidenti Emmanuel Makron bu həftənin əvvəlində bildirib ki, Qərb qoşunlarının Ukraynaya döyüşmək üçün göndərilməsi planı olmasa da, bu ehtimal qalmaqdadır.

"Bu gün rəsmi, təsdiq olunmuş şəkildə yerlərə qoşunların göndərilməsi ilə bağlı konsensus yoxdur. Amma dinamika baxımından heç nəyi istisna etmək olmaz," Makron mətbuat konfransında deyib.

Avropanın bir sıra liderləri ABŞ kimi Makronun ideyasına qarşı çıxıb.

Bu arada, Ukrayna prezidenti Volodimir Zelenski çərşənbə günü deyib ki, Avropanın bir neçə nəsil boyu keçəcəyi yol indi Rusiyanın onun ölkəsinə təcavüz etdiyi bir mühitdə müəyyənləşir.

"Biz əvvəllər də başqasının başqa bir ölkənin taleyini necə müəyyənləşdirməyə çalışdığını görmüşük. Bu, Balkanlarda, Şərqi Avropada və Avropanın başqa yerlərində baş verib. İndi [Rusiya prezidenti Vladimir] Putin də eyni şeyi etmək istəyir" - deyə, Zelenski Albaniyada keçirilən Cənub-Şərqi Avropa liderlərinin sammitində bildirib.

Zelenski deyib ki, Putinin müharibədə məğlub olması "bütün azad ölkələr üçün vacibdir" və Rusiya liderinin uğursuzluqları "bizim təhlükəsizliyimizdir".

Zelenski həmçinin Ukrayna qüvvələrinə çox ehtiyac duyulan sursatların tədarükü üçün Çex Respublikasının rəhbərlik etdiyi təşəbbüsdə iştirak etmək öhdəliyinə görə Belçikanı tərifləyib.

Belçikanın baş naziri Aleksander De Kroo Belçikanın bu səylərə 216 milyon dollar maliyyə ayıracağını bildirib.

"Biz Ukraynanın hər gün etdiyi fədakarlığı heç vaxt edə bilmərik. Lakin biz prezident Zelenskiyə istədiyini - Rusiyanın təcavüzünün qarşısını almaq üçün daha çox sursat verə bilərik," De Kroo deyib.

Zelenski bildirib ki, o, müttəfiqlərin Ukraynanın müdafiə ehtiyaclarının aktuallığını başa düşməsini yüksək qiymətləndirir.

"Belə qətiyyətli və vaxtında atılan addımlar Ukraynada və bütün Avropada azadlığı müdafiə etmək üçün bizə lazım olan şeydir" - deyə, o, X səhifəsində bildirib.

Ukrayna ordusu çərşənbə günü bildirib ki, Rusiya keçən gecə hücumlarını 10 pilotsuz təyyarə və qeyri-müəyyən sayda idarə olunan raketlərlə davam etdirib.

Ukrayna Hərbi Hava Qüvvələri Odesa və Mikolayiv vilayətləri üzərində 10 pilotsuz uçüş aparatın hamısının məhv edildiyini bildirib.

Forum

XS
SM
MD
LG