Ukrayna prezidenti Volodimir Zelenski bazar ertəsi ölkəsinin Rusiyanın şimal-şərqindəki Kursk bölgəsinə şokedici müdaxiləsini müdafiə edib.
Zelenski Telegram sosial media platformasında yayımladığı videoda "Rusiya başqalarına müharibə gətirdi. İndi evinə qayıdır" deyib.
Gecə televiziya ilə çıxışında Zelenski müdaxiləni milli təhlükəsizlik problemi kimi qiymətləndirərək, Rusiya qüvvələrinin Ukraynanın şimal-şərqindəki həmsərhəd Kurskdan Sumı bölgəsinə çox sayda zərbələr endirdiyini bildirib.
Ukrayna ordusunun başçısı Oleksandr Sırski bazar ertəsi Zelenskinin Telegram kanalında yayımlanan videoda Kyivin Kursk bölgəsinin 1000 kvadrat kilometr ərazisinə nəzarət etdiyini deyib.
Ukrayna əməliyyatı ciddi məxfilik şəraitində keçirilir və onun məqsədinin Kyiv qüvvələrinin ərazini əlində saxlamaq və ya reydlər keçirmək olduğu hələ də qaranlıq qalır.
Prezident Zelenski də daxil olmaqla, Kyiv hökuməti avqustun 6-da Ukrayna qüvvələrinin sərhəddən sürətlə keçərək, 10 kilometr aralıda yerləşən Sudja şəhərinə doğru irəliləməsi ilə başlayan hücumla bağlı çox az danışıb. Məlumata görə, qüvvələr hələ də şəhərin qərb hissəsini, mühüm təbii qaz tranzit stansiyasının yerləşdiyi ərazini əlində saxlayır.
Kursk qubernatoru vəzifəsini icra edən Aleksiy Smirnov Rusiya prezidenti Vladimir Putinlə yüksək səviyyəli təhlükəsizlik rəsmiləri və vilayət qubernatorları arasında bazar ertəsi televiziya ilə keçirilən görüşdə Ukrayna qüvvələrinin Kursk şəhərinə doğru azı 12 kilometr irəlilədiyini və 40 kilometrlik cəbhə bölgəsi qurduğunu və təxminən 28 kəndi ələ keçirdiyini deyib. Smirnovun bildirdiyinə görə, 12 mülki şəxs ölüb, 121 nəfər yaralanıb, 121 min nəfər ərazini təxliyə edib, daha 59 min nəfər isə tərk etmək əmri alıb.
Kurska bitişik Belqorod vilayətinin qubernatoru Ukrayna sərhədinə yaxın rayonlardan insanların təxliyə edildiyini bəyan edib.
Rusiya prezidenti Vladimir Putin bazar ertəsi Ukraynanın Kursk bölgəsinə daxil olmasının diqqəti Moskvanın Ukraynanın şərqindəki Donbas bölgəsinə hücumundan yayındırmaq və nəticədə müharibəyə son qoymaq yolundakı danışıqlarda daha yaxşı mövqeyi əldə etmək cəhdi olduğunu deyib.
Putin bildirib ki, Kyiv Rusiyanın cənub-qərbindəki Kursk bölgəsinə hücum edərək, ola bilsin ki, Rusiyada sabitliyi pozmağa çalışıb, lakin buna nail olmayıb. O, Rusiya ordusuna qoşulmaq üçün könüllülərin sayının artdığını bildirib və Rusiyanın hərbi məqsədlərinə çatacağına söz verib.
Ukraynanın müdaxiləsi İkinci Dünya Müharibəsindən sonra Rusiya ərazisinə edilən ən böyük hücumdur.
Forum