Ukrayna prezidenti Volodimir Zelenksi iyulun 9-da sərəncamlar imzalayaraq, Ukraynanın beş ölkədə, o cümlədən Almaniyadakı səfirini və bir neçə başqa ölkədəki nümayəndələrini vəzifələrindən azad edib.
Sərəncamlarda səfirlərin istefaya göndərilmələrinin səbəbləri izah olunmayıb. İşdən çıxarılanlar arasında Almaniya, Macarıstan, Norveç, Çex Respublikası və Hindistanın səfirləri yer alıb.
Bundan əlavə sərəncamlarda Maldiv, Nepal, Şri Lanka və Banqladeşdəki nümayəndələrin də vəzifələrindən azad edildikləri bildirilib.
Sərəncamlarda işdən çıxarılan elçilərə Ukrayna hökuməti daxilində başqa vəzifə verilib-verilməyəcəyi bildirilməyib.
Vəzifələrindən azad olunanlar arasında Ukraynanın Almaniyadakı mübahisəli səfiri Adriy Melnik də var.
Almaniyanın Bild və Sueddeutsche Zeitung qəzetləri bu həftənin əvvəlində Melnikin Berlini tərk edərək, Kyivdı Xarici İşlər Nazirliyində başqa vəzifəyə keçəcəyini yazmışdı.
Melnik Berlindən xüsusən də Almaniyadan silah ixracı formasında daha çox yardım tələb edib.
Melnik Rusiyanın fevralın 24-də Ukraynaya hərbi müdaxiləsindən öncə Reuters-ə verdiyi müsahibədə Berlinin Moskva ilə danışıqlardakı qətiyyətini tənqid edib və “indiyə qədər, Rusiya ilə, təssüf ki, nəticəsiz qalan çoxlu dialoq olub, ancaq kifayət qədər sərtlik yoxdur,” deyib.
Melnik bu yaxınlarda 20-ci əsrin ortalarında mübahisəli millətçi lider olan Stepan Banderanı müdafiə etdiyinə görə təzyiqlərə məruz qalıb.
Bandera bir çox ukraynalı tərəfindən Sovet İttifaqı əleyhinə müstəqillik hərəkatının siyasi qanadına rəhbərlik etdiyinə görə qəhrəman kimi hörmətlə qarşılanır.
Hərəkatın hərbi qanadı – Ukrayna Üsyançı Ordusu İkinci Dünya Müharibəsi zamanı və sonra partizan müharibəsi aparıb.
Ancaq 1959-cu ildə Münhendə sovet qatil tərəfindən qətlə yetirilən Bandera sovet qüvvələrinə qarşı üsyançı müharibəyə rəhbərlik və nasist Almaniyası ilə əməkdaşlıq etdiyinə görə başqaları tərəfindən xain olaraq görülür. Onun qüvvələri həmçinin müharibə vaxtı zaman-zaman nasistlərə qarşı vuruşub və polyaklara və yəhudilərə qarşı qanlı kampaniyalar aparmaqda ittiham olunur.
Kyivin Almaniiya ilə münasibətləri Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən bəri xüsusilə çətinləşib.
Berlin Ukraynanı siyasi və hərbi yardımla təmin etsə də, Kyiv Almaniya kansleri Olaf Şoltsu daha çox şey etməyə çağırıb.
Almaniya Rusiyanın enerji təchizatından çox asılıdır və Berlində bəziləri ölkədə artan enerji qiymətləri ilə bağlı narahatlıqlarını ifadə ediblər.
Şolts Rusiyanı enerjidən silah kimi istifadə etməkdə ittiham edir və deyib ki, Almaniya çox uzun zaman Rusiyanın enerji təchizatından asılı olub.
Moskvanın Ukraynaya hərbi müdaxiləsindən sonra Almaniya Rusiyaynı cəzalandırmaq üçün 11 milyard dollarlıq Şimal Axını 2 qaz layihəsini dayandırıb.
Yarısı Avropanın enerji şirkətləri ilə konsorsium çərçivəsində Rusiyanın dövlət qaz şirkəti Qazproma məxsus Şimal Axını 2 layihəsi Rusiya qazının Almaniyaya tədarükünü ikiqat artırmaq üçün nəzərdə tutulmuşdu.
Ukrayna həmçinin Almaniyadan Şimal Axını 1 boru kəməri ilə təbii qaz axının ya tamamilə dayandırmağı ya da ciddi şəkildə azartmağı tələb edib və onları alternativ təchizat yolları ilə təmin edə biləcəyini deyib.