Respublikaçı Alternativ Partiyasının (ReAL) üzvü Zaur Qurbanlı Mərkəzi Seçki Komissiyasını (MSK) məhkəməyə verib. Səbəb ona parlament seçkilərində imza vərəqlərinin verilməsi barədə qərarın ləğvidir.
Zaur Qurbanlı MSK-nın qərarının hüquqi əsasının olmadığını deyib.
Amerikanın Səsi: Zaur bəy, siz Mərkəzi Seçki Komissiyasını məhkəməyə vermisiniz. Sizin bu mövqeyiniz hansı hüquqi əsaslara söykənir?
Zaur Qurbanlı: Mən məhkum olunmuşam, baş verməyən və törətmədiyim cinayətə görə siyasi məhbus hesab olunmuşam. Barəmdə Avropa Məhkəməsinin qərarı çıxıb. Həmin qərarda qeyd olunur ki, mənim həbsim qanunsuzdur. Orada maraqli məqam odur ki, məni Konvensiyanın 18-ci maddəsi (Hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) hüququm tanınıb. Həmin maddə ilə hüquq pozuntusunun tanınması o deməkdir ki, əgər bu iş davam etsə, yəni eyni itthamlarla başqa qərarlar çıxarılarsa bunlar da qanunsuz olacaq. Nəticədə, Avropa Şurası mənim işimi İlqar Məmmədov və digər 7 nəfərin işi kimi xüsusi nəzarətə götürüb. İlqar Məmmədovun qrupu adlandırıb bunu. Baxmayaraq ki, biz fərqli cinayətlərdə ittham olunmuşuq. Bundan sonra bizim hökumət bu məsələdə Avropanın tələblərini yerinə yetirib. Mənim kompensasiyam ödənilib. Bundan başqa Avropa Şurasına bizim hökumətin qanuni nümayəndəsi Çingiz Əsgərov məktub yazıb. Yazıb ki, biz bu qərarı artıq icra eləmişik. Bu anlama gəlir ki, mənim cinayət törətmədiyimi bizim hökumət qəbul edib və yaxud həbsin qanunsuz olduğunu qəbul eləyib. Bu qərar mənim həbsdən əvvəlki vəziyyətimin bərpası restitutsiyanı da nəzərdə tutur. Bizim hökumətin qərarından aydın olur ki, mənim hüquqlarım restitutsiya olunub.
Hesab edirəm ki, üzərimdə məhkumluq yoxdur. Buna görə də mən namizədliyimlə bağlı müraciət eləmişdim. Nəticədə MSK mənim barəmdə Dairə Seçki Komissiyasının verdiyi qanuni qərarı ləğv elədi.
Amerikanın Səsi: Sizi seçkidən kənar qoymaq yalnız hüquqi mülahizələrlə bağlıdır, yoxsa burada başqa səbəblər də ola bilər?
Səbəb aydın məsələdir ki, siyasidir. Mən, Rəsul Cəfərov, İlqar Məmmədov burada əsas məqsəd bizi seçkiyə buraxmamaqdır. Bu siyasi qərardır. Hüquqi mülahizələr bura geyindirilən bir dondur.
Zaur Qurbanlı: Səbəb, aydın məsələdir ki, siyasidir. Mən, Rəsul Cəfərov, İlqar Məmmədov, burada əsas məqsəd bizi seçkiyə buraxmamaqdır. Bu, siyasi qərardır. Hüquqi mülahizələr bura geyindirilən bir dondur. Onlar əsaslanırlar ki, məhkumluğun götürülməsi üçün ayrıca bir qərar olmalıdır. Amma halbuki apellyasiya məhkəməsi olub. Ali Məhkəmə hələ olmayıb. Orada hakimlər də deyirdilər ki, sənin dediklərin haqlıdır. Sadəcə bizə bir qərar lazımdır ki, belə deyək, milli, daxili hökümətin qərarı ki, məhkumluq götürülüb. Halbuki bunu tələb etmək məntiqsizlikdir. Çünki bizim hökümətin məktubu var ki, Avropa Məhkəməsinin qərarı icra olunub.
Amerikanın Səsi: Məhkumluğun götürülməməsi səbəbindən seçkidən kənarda qalan İlqar Məmmədov onun barəsində Avropa Məhkəməsi qərarının icra edilməməsi səbəbindən Azərbaycanın Avropa Şurasındakı fəaliyyətinin dondurulmasını istəyib. Siz də belə bir müraciət edəcəksiniz?
Mən şəxsən belə bir müraciət eləməyi düşünmürəm.
Zaur Qurbanlı: Mən şəxsən belə bir müraciət eləməyi düşünmürəm. İlqar Məmmədovun müraciəti ilə tanışam. Hesab edirəm ki, bu məsələdə o, mərkəzi fiqur olduğuna görə, eləcə də onun şəxsən işini Avropa Şurası xüsusilə Nazirlər Komitəsi daha çox diqqətdə saxlayır. Əgər Avropa Şurası Nazirlər Komitəsinin belə bir prosedur başlamaq niyyəti varsa, hesab edirəm ki, İlqar Məmmədovun müraciəti kifayət olacaq. Təbii ki, bununla bağlı başqa bir tədbir həyata keçirmək ehtiyacı olarsa, həm İlqar Məmmədovun qrupu adlandırılan işdə olan fiqurlardan biri kimi, həm də ReAL Partiyasının üzvü kimi fəaliyyət göstərməyə hazıram. Amma, sırf ayrıca belə bir müraciət imzalayıb və yaxud göndərməyə ehtiyac duymuram.