Ukraynanın cənub-şərqindəki rəsmilərin bazar ertəsi bildirdiyinə görə, Rusiyanın Zaporijye şəhərinə havadan endirdiyi zərbələr nəticəsində azı 16 nəfər yaralanıb.
Zaporijye vilayətinin qubernatoru İvan Fyodorov Telegram kanalında hücumlar nəticəsində həmçinin 13 yaşayış binasına, təhsil müəssisəsinə, avtomobillərə, qarajlara və şəxsi yaşayış evlərinə ziyan dəydiyini bildirib.
Ukrayna hərbçilərinin dediyinə görə, Rusiya keçən gecə ölkəyə dörd pilotsuz təyyarə və iki idarə olunan raketlə hücum edib.
Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri Rusiyanın dörd pilotsuz təyyarəsindən üçünü vurub.
Rusiya Müdafiə Nazirliyi bazar ertəsi bildirib ki, Ukraynanın dörd pilotsuz təyyarəsini Belqorod vilayəti, daha dördünü isə Kursk vilayəti üzərində ələ keçirib.
Belqorod qubernatoru Vyaçeslav Qladkov bir dronun bir neçə avtomobilə və iki mənzilə, digər ikisinin isə sənaye binasının damına və uşaq meydançasına ziyan vurduğunu deyib.
Son döyüşlər Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiyanın 2022-ci ildə başladığı hərbi müxadiləni dayandırmaq üçün ölkəsinə dəstək məqsədi ilə ABŞ-a səfəri zamanı baş verib.
Zelenski bazar günü Pensilvaniya ştatında Ukrayna ordusuna göndərilən sursatların bir hissəsini istehsal edən zavodu gəzib.
"Mən işçilərin fədakarlığını vurğuladım. Bu, həqiqətən də ruhlandırır. Onlar Ukraynaya azadlıq uğrunda mübarizəmizdə güclü durmağa yardım edir" - deyə, Zelenski bazar ertəsi səhər X-də bildirib.
Zelenski bu həftə Birləşmiş Millətlər Təşkilatında çıxış edəcək və ABŞ prezidenti Co Baydenlə görüşəcək.
Forum