Accessibility links

Zakir Qaralov: Elşad Abdullayev gəlib Gülər Əhmədova ilə üzləşməlidir


Baş prokuror Zakir Qaralov
Baş prokuror Zakir Qaralov

Baş Prokuror Beynəlxalq Universitetin rektorunun deputatlıq uğrunda rüşvət qalmaqalı olan video barədə danışıb. Cinayət işi ölkə prezidentinin nəzarətindədir.

Azərbaycanın baş prokuroru Zakir Qaralov Gülər Əhmədova ilə bağlı yayılmış videofilm əsasında fakt üzrə qaldırılmış cinayət işi barədə jurnalistlərin suallarına cavab verib.

“Heç bir siyasi qüvvə Milli Məclisin deputatı Gülər Əhmədova barədə yayılmış videoçəkilişlə bağlı açılan cinayət işinin materiallarını siyasiləşdirməməlidir. Cinayət işi birbaşa prezident İlham Əliyevin nəzarəti altındadır. Bu cinayət işini siyasiləşdirmək olmaz”, o qeyd edib.

Baş prokurorun dediyinə görə, yayılmış videomateriallarla bağlı müxtəlif ekspertizalar təyin olunub.

“Baş Prokurorluğun əməkdaşları Azərbaycan Beynəlxalq Universitetində olub, videoçəkiliş aparılan otağa baxış keçirib. Onların rəyindən sonra biz deyə biləcəyik ki, bu çəkilişlər hansı avadanlıq və hansı məqsədlə aparılıb".

Cənab Qaralov bildirib ki, Gülər Əhmədova istintaqa kömək etmək üçün könüllü olaraq deputat mandatından imtina edib. O Elşad Abdullayevin də istintaqa ifadə verməsinin vacibliyini qeyd edib.

“Elşad Abdullayev Gülər Əhmədova ilə üzləşdirilməlidir. Bu cinayət işi ilə bağlı bir çox suallar var və suallardan biri də odur ki, nəyə görə Elşad Abdullayev 7 il ərzində bu görüntüləri özündə saxlayıb. Yalnız, ölkəni tərk edəndən sonra onları ictimailəşdirməyə başlayıb. Əgər o, korrupsiya ilə mübarizə aparan şəxs idisə, deputatlığa namizədliyini irəli sürən dövrdə ona edilən təklif barədə hüquq mühafizə orqanlarına müraciət etməli idi. Nə həmin dövrdə, nə də sonra bununla bağlı müraciət etməyib", - o deyib.

Baş prokuror həmçinin Elşad Abdullayev və onun rəhbərlik etdiyi universitetlə bağlı xeyli miqdarda korrupsiya faktları olduğunu da diqqətə çatdırıb.

"2010-cu ildə ABU-nun tabeçiliyindəki klinikada orqan transplantasiyası ilə bağlı 10 fakt müəyyən olunub. Həmin cinayət işi bu gün Ukrayna məhkəmələrində yekunlaşmaq üzrədir. Klinikanın rəhbəri Dilarə İsmayılova məlumat verir ki, bütün bu hərəkətlər Elşad Abdullayevin şəxsi göstərişi ilə həyata keçirilib və transplantasiya nəticəsində əldə edilən 100 min ABŞ dolları Elşad Abdullayevə çatdırılıb".

Baş prokuror hesab edir ki, Elşad Abdullayev gəlib bu suallara cavab verməlidir.

“Beynəlxalq Universitetdə oxuyan tələbələr və valideynləri diplomlarla bağlı prokurorluğa müraciətlər edib. Düşünürük ki, videoların indi yayılması, Abdullayevin guya, korrupsiya ilə mübarizə aparması və xarici ölkədə sığınacaq almaq məqsədi daşıyır. O, bilməlidir ki, hamı qanun qarşısında bərabərdir və hər kəs törətdiyi cinayətə görə məsuliyyətə cəlb olunacaq", Qaralov qeyd edib.

Baş Prokuror Elşad Abdullayevin göndərdiyi videoların hazırda araşdırmasının davam etdirildiyini bildirib.

Cənab Qaralov rektorun qardaşı Mahir Abdullayevin itkin düşməsi ilə bağlı aparılan istintaq-axtarış işləri ilə bağlı da məlumat verib.

O deyib ki, E.Abdullayevin qardaşı, Milli Təhlükəsizlik Nazirliyinin keçmiş əməkdaşı Mahir Abdullayevin itkin düşməsi ilə bağlı son 1 il 4 ayda onun ailəsi istintaqla əməkdaşlıq etməyib.

“İstintaq dövründə həmin şəxslər daim müxtəlif kriminal ünsürlərlə əlaqə yaradıblar ki, guya qardaşları oğurlanıb. Amma, istintaq nə onun qətlini, nə də oğurlanmasını sübuta yetirib. Bir daha bildirirəm ki, həmin işin istintaqı bu gün də davam etdirilir. Elşad Abdullayevin bildirdiyinə görə, guya əvvəlki dövrlərdə o qardaşının buraxılması üçün müxtəlif insanlara pullar verib, bütün bunlarla bağlı onda materiallar var. Həmin videoları da o istintaqa təqdim edib, onlar da araşdırılır”, - Qaralov bildirib.

Baş prokuror deyib ki, Mahir Abdullayevin tapılması üçün Baş Prokurorluq, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri lazımı tədbirlər həyata keçirir.

Bu il sentyabrın sonlarında sosial şəbəkələrdə Milli Məclisin deputatı Gülər Əhmədova ilə bağlı yayılan videolarla bağlı fakt üzrə Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb.

Elşad Abdullayevin qardaşı Mahir Abdullayev 2003-cü ildə itkin düşüb və indiyədək onun barəsində hər hansı məlumat yoxdur.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG