Accessibility links

Elşad Abdullayev baş prokurora cavab verib


Elşad Abdullayev
Elşad Abdullayev

“2003-cü ildə Hacı Məmmədovun Rövşən Əliyevi qətlə yetirməsi barədə məlumat verən Rəna Nəsibovanı qəbul etmişdiniz, bir il keçməmiş onu qətlə yetirdilər”

Vəkil Adil İsmayılov fəaliyyəti dayandırılmış Beynəlxalq Universitetin rektoru Elşad Abdullayevin xahişi ilə onun baş prokuror Zakir Qaralovun bu günki açıqlamasına cavabını yayıb.

Adil İsmayılovun Facebook səhifəsində yaydığı cavab belədir:

“Sual belə idi ki, Elşad Abdullayev Bakıya gəlsin və cavab versin ki, nəyə görə indiyə kimi 7 il ərzində bu məsələ barədə məlumat verməyib və yalnız ölkəni tərk edəndən sonra danışmaq qərarına gəlib?

Elşad Abdullayevin cavabı: “Hörmətli cənab baş prokuror bu işin istintaqını Eldar Əhmədov aparır, istintaqa nəzarəti sizin birinci müavininiz Rüstəm Usubov həyata keçirir. Onların da böyüyü sizsiniz. Bu həmin müqəddəs üçlükdür ki, Hacı Məmmədov kim olduqlarını artıq göstərib.

Siz və Rüstəm Usubov 2003-cü ildə Hacı Məmmədovun Rövşən Əliyevi qətlə yetirməsi barədə məlumat verən Rəna Nəsibovanı qəbul etmişdiniz, bir il keçməmiş onu qətlə yetirdilər. Onun ölümünü siz ört-basdır edəndən sonra Hacı Məmmədov Fətulla Hüseynovu qətlə yetirdi və Zamirə Hacıyevanı oğurladı.

Bu həmin Eldar Əhmədovdur ki, Hacı Məmmədov Zamirə Hacıyevanı məhz onun kabinetindən çıxandan sonra oğurlamışdı. Yəqin sualınıza dolğun cavab verdim. Qalan suallarınıza Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə yazdığım müraciətdə cavab vermişəm", - deyə Elşad Abdullayev bildirib.

Xatırladaq ki, bu il sentyabrın sonlarında sosial şəbəkələrdə fəaliyyəti dayandırılmış Beynəlxalq Universitetin rektoru Elşad Abdullayevin deputat olması üçün Milli Məclisin deputatı Gülər Əhmədova vasitəsi ilə yüksək vəzifəl dövlət məmuruna rüşvət göndərməsi ilə bağlı yayılan videolarla bağlı fakt üzrə Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb.

Həmçinin Elşad Abdullayevin qardaşı Milli Təhlükəsizlik Nazirliyinin keçmiş əməkdaşı Mahir Abdullayev 2003-cü ildə itkin düşüb və indiyədək onun barəsində hər hansı məlumat yoxdur. Elşad Abdullayev qardaşınınn geri qaytarılamsı üçün də çoxsaylı vəzifəli şəxslərə rüşvət verməsi barədə KİV-lərdə məlumat yayıb.

Bu gün baş prokuror Zakir Qaralov bildirib ki, Gülər Əhmədova istintaqa kömək etmək üçün könüllü olaraq deputat mandatından imtina edib. O Elşad Abdullayevin də istintaqa ifadə verməsinin vacibliyini qeyd edib.

“Elşad Abdullayev Gülər Əhmədova ilə üzləşdirilməlidir. Bu cinayət işi ilə bağlı bir çox suallar var və suallardan biri də odur ki, nəyə görə Elşad Abdullayev 7 il ərzində bu görüntüləri özündə saxlayıb. Yalnız, ölkəni tərk edəndən sonra onları ictimailəşdirməyə başlayıb. Əgər o, korrupsiya ilə mübarizə aparan şəxs idisə, deputatlığa namizədliyini irəli sürən dövrdə ona edilən təklif barədə hüquq mühafizə orqanlarına müraciət etməli idi. Nə həmin dövrdə, nə də sonra bununla bağlı müraciət etməyib", - o deyib.

Baş prokuror həmçinin Elşad Abdullayev və onun rəhbərlik etdiyi universitetlə bağlı xeyli miqdarda korrupsiya faktları olduğunu da diqqətə çatdırıb.

"2010-cu ildə ABU-nun tabeçiliyindəki klinikada orqan transplantasiyası ilə bağlı 10 fakt müəyyən olunub. Həmin cinayət işi bu gün Ukrayna məhkəmələrində yekunlaşmaq üzrədir. Klinikanın rəhbəri Dilarə İsmayılova məlumat verir ki, bütün bu hərəkətlər Elşad Abdullayevin şəxsi göstərişi ilə həyata keçirilib və transplantasiya nəticəsində əldə edilən 100 min ABŞ dolları Elşad Abdullayevə çatdırılıb".

Baş prokuror hesab edir ki, Elşad Abdullayev gəlib bu suallara cavab verməlidir.

“Beynəlxalq Universitetdə oxuyan tələbələr və valideynləri diplomlarla bağlı prokurorluğa müraciətlər edib. Düşünürük ki, videoların indi yayılması, Abdullayevin guya, korrupsiya ilə mübarizə aparması və xarici ölkədə sığınacaq almaq məqsədi daşıyır. O, bilməlidir ki, hamı qanun qarşısında bərabərdir və hər kəs törətdiyi cinayətə görə məsuliyyətə cəlb olunacaq", Qaralov qeyd edib.

Baş Prokuror Elşad Abdullayevin göndərdiyi videoların hazırda araşdırmasının davam etdirildiyini bildirib.

Cənab Qaralov rektorun qardaşı Mahir Abdullayevin itkin düşməsi ilə bağlı aparılan istintaq-axtarış işləri ilə bağlı da məlumat verib.

O deyib ki, E.Abdullayevin qardaşı, Milli Təhlükəsizlik Nazirliyinin keçmiş əməkdaşı Mahir Abdullayevin itkin düşməsi ilə bağlı son 1 il 4 ayda onun ailəsi istintaqla əməkdaşlıq etməyib.

“İstintaq dövründə həmin şəxslər daim müxtəlif kriminal ünsürlərlə əlaqə yaradıblar ki, guya qardaşları oğurlanıb. Amma, istintaq nə onun qətlini, nə də oğurlanmasını sübuta yetirib. Bir daha bildirirəm ki, həmin işin istintaqı bu gün də davam etdirilir. Elşad Abdullayevin bildirdiyinə görə, guya əvvəlki dövrlərdə o qardaşının buraxılması üçün müxtəlif insanlara pullar verib, bütün bunlarla bağlı onda materiallar var. Həmin videoları da o istintaqa təqdim edib, onlar da araşdırılır”, - Qaralov bildirib.

Baş prokuror deyib ki, Mahir Abdullayevin tapılması üçün Baş Prokurorluq, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri lazımı tədbirlər həyata keçirir.
XS
SM
MD
LG