Güneyli siyasi məhbus Yusuf Kari bu gün martın 31-də Ərdəbil həbsxanasından məzuniyyətə buraxılıb.
İranda insan haqları pozuntuları barədə xəbərlərini yayımlayan HRA agentliyi və İran Azərbaycanında insan hüquqları fəalları bu haqda məlumat açıqlayıb.
Ötən il sentyabrın 3-də təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək, sentyabrın 8-də ailəsi ilə qısa telefon söhbətində Ərdəbil həbsxanasına köçürüldüyünü bildirmişdi.
İlkin məhkəmə iclası dekabrın 10-da Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsində keçirilmiş, 6 il həbs hökmü isə cənab Kariyə dekabrın 17-də bildirilmişdi. O, keçən il fevralın 23-də Ərdəbil vilayətinin apellyasiya məhkəməsinin 13-cü şöbəsi tərəfindən rejimə qarşı təbliğat aparmaq ittihamından bəraət qazanıb, ancaq "milli təhlükəsizliyi pozmaq üçün iclaslarda davamlı iştirak etməklə qondarma etnik sivil qrupuna üzv olmaq" ittihamı ilə suçlanaraq 2 il həbs cəzasına məhkum edilib.
İranda koronavirusun yayılmasından sonra həbsxanalarda insanların yoluxma və ölüm təhlükəsinin daha artıq olması ilə əlaqədar olaraq bəzi siyasi məhbuslar buraxılsa da Abbas Lisani, Doktor Lətif Həsəni və Əlirza Fərşi kimi məhbuslar hələ də azad edilməyiblər.
İran Azərbaycanında 161 jurnalistl, şair, tədqiqatçı, yazar və Azərbaycan vətəndaş fəalı, mart ayının 11-də İran məhkəmə sisteminin rəhbəri İbrahim Rəisiyə məktub ünvanlayaraq, koronavirus təhlükəsi ilə əlaqədar olaraq siyasi məhbusların sərbəst buraxılmasını tələb etmişdilər.
Amnesty İnternational martın 26-da koronavirusun yayılması təhlükəsi ilə bağlı İran həbsxanalarında siyasi məhbusların dərhal və qeydsiz-şərtsiz azad edilməsini tələb edib.