Uşaq Hüquqlarının Müdafiə Liqasının sədri Azərbaycanda uşaq hüquqlarının müdafiəsi sahəsindəki problemlərdən danışıb. Yusif Bəkirov ölkədə həddindən artıq problemin mövcudluğunu qeyd edib.
“Azərbaycan Respublikası Uşaq Konvensiyasına qoşulub. Lakin Azərbaycanda 50-yə yaxın problem var. Uşaqların təhsil və səhiyyə hüquqları müntəzəm şəkildə pozulur,” deyə hüquq müdafiəçisi bildirib.
Yusif Bəkirov Azərbaycan Respublikasının inkişaf etmiş Avropa ölkələri səviyyəsində qanunlar qəbul etməsinə baxmayaraq, bu qanunların kağız üzərində qaldığını deyib.
Azərbaycanda uşaqların yaşaması və inkişafı üçün zəruri olan minimum standartları qənaətbəxş hesab etməyən cənab Bəkirov bildirib ki, uşaqlar korrupsiyanın qurbanıdır.
“Hal-hazırda uşaqlar gəlir mənbəyinə çevrilib. Azərbaycanda təhsil yoxdur…Kimin pulu var, oxuyur…Məktəblərdə dərs keçilmir…Pulsuz deyilən təhsil pullu təhsilə çevrilib.”
Uşaq Hüquqlarının Müdafiə Liqasının sədri səhiyyə sahəsindəki problemlərdən danışarkən Azərbaycanda uşaq ölümü hallarının hədsiz dərəcədə artdığını qeyd edib. O bunu sosial vəziyyətin ağırlığı ilə izah edib.
Azərbaycan cəmiyyətində uşaqların hüququ məsələsinə gəlincə isə Yusif Bəkirov deyib ki, onlar yalnız kağız üzərində müdafiə olunur. O, təəssüflə bildirib ki, Azərbaycanda uşaqlara mülkiyyət kimi baxılır, şəxsiyyət kimi deyil.
“Uşaq şəxsiyyət deyil. Şəxsiyyəti tərbiyələndirmək lazımdır. Uşaqlar məktəbdə tərbiyə almalıdır. Təhsil olmayan halda, müəllimlərin uşaqları taladıqları halda Azərbaycanda uşaqlar şəxsiyyət deyil, mülkiyyət kimi formalaşır.”
Məktəblərdə hər şey pul üzərində qurulub. Uşaqlara maarifləndirmənin pul üzərində qurulduğunu qeyd edirlər, bunu belə başa düşürlər.
Yusif Bəkirov deyib ki, “uşaq yerini bilməlidir” keçmişdən qalma bir metodikadır. O, uşağa şəxsiyyət kimi yanaşılmasının, ona hörmət edilməsinin vacibliyini önə çəkib.
“Uşağı “yerini bilməlidir” deyə böyüdürüksə, uşaq öz fikrini söyləyə bilmirsə, biz avtoritar bir rejim qurmuş oluruq.”
Müasir Azərbaycanda bu tendensiyanın güclü olduğunu vurğulayan Bəkirov uşaqların hüquqları haqda maarifləndirmədən də şikayətlənib.
“Məktəblərdə hər şey pul üzərində qurulub. Uşaqlara maarifləndirmənin pul üzərində qurulduğunu qeyd edirlər, bunu belə başa düşürlər.”