Accessibility links

Yunanıstanda Ali Məhkəmənin hakimi ilk qadın prezident olacaq


Ali Məhkəmə hakimi Katerina Sakellaropolu
Ali Məhkəmə hakimi Katerina Sakellaropolu

Yunanıstanda Ali Məhkəmənin hakimi Katerina Sakellaropolunun ölkənin ilk qadın prezidenti olacağı gözlənilir. Mərkəz-sağçı hakimiyyətin namizədi olan Sakellaropolunu daha iki müxalifət partiyası da dəstəkləyib.

63 yaşlı Katerina Sakellaropolu son 15 ay ərzində ən yüksək instansiyalı inzibati məhkəmə olan Dövlət Şurasının prezidenti vəzifəsini icra edib.

Hökumət sözçüsü Stelios Petsas çərşənbə axşamı bildirib ki, Sakellaropolu çərşənbə günü 300 yerlik parlamentdə keçiriləcək səsvermədə seçilməsi üçün lazım olan 200 səsdən "daha çox" səs toplayacaq.

İki mərkəz-solçu müxalifət partiyası da Sakellaropolunun namizədliyini dəstəkləyib. Bununla da Sakellaropolunu dəstəklədiyini bildirən qanunvericilərin ümumi sayı 266-ya çatıb.

Yunanıstan siyasətində yüksək vəzifələrdə çalışan qadınların sayı tarixən az olub. Hazırki kabinetdə 18 yüksək vəzifədən yalnız birini qadın icra edir. Yunanıstanda prezidentlik simvolik vəzifədir, vəzifə müddəti isə beş ildir.

Sakellaropolu seçiləcəyi təqdirdə 69 yaşlı mühafizəkar siyasətçi və akademik olan Prezident Prokopis Pavlopolosu əvəzləyəcək.

XS
SM
MD
LG