Yunanlar yeni xilas paketi müqabilində əlavə ixtisarların həyata keçirilməsi planın əleyhinə səsverəndən sonra Yunanıstanın maliyə naziri Yanis Varufakis istefa verib. Cənab Varufakis vətəndaşların ixtisarların lehinə səs verdiyi təqdirdə istefaya gedəcəyini bildirdiyi üçün onun istefası gözlənilməz olub.
Lakin Varufakis bildirib ki, o, avro zonasına daxil olan bəzi ölkələrin nümayəndələrinin onun maliyyə nazirlərinin iclasında iştirak etməməsinə üstünlük verdiyi haqda məlumatlandırılıb. O deyib ki, iclaslarda iştirak etməməsi Yunanıstanın kreditorları ilə razılığın əldə olunmasında baş nazir üçün faydalı ola bilər.
Son aylar Yanis Varufakisin kreditorlarla tez-tez toqquşduğu müşahidə edilib. Bir neçə gün öncə isə o, Avropa İttifaqını yunanları qurumun istədiyi kimi səsverməyə məcbur etdiyinə görə “terrorçuluqda” ittiham edib.
Yunanıstan hökümətinin sözçüsü Qabriel Sakellaridis bəyanatda bildirib ki, baş nazir Aleksis Tsipras ”çox ağır şərtlər altında ölkənin mövqeyini və yunan xalqının maraqlarını davamlı şəkildə təbliğ etdiyi üçün” Varufakisə təşəkkürünü bildirib.
O, Yanis Varufakisi əvəz edəcək şəxsin adının bazar ertəsi günün sonuna qədər açıqlanacağını deyib.
Referendumun nəticələri seçicilərin 61 faizinin Avropa liderlərinin ixtisar əleyhinə səsvermənin ölkəni 19 ölkədən ibarət valyuta blokundan çıxaracağına dair xəbərdarlıqları rədd etdiyini göstərir.
Vətəndaşları ixtisarların əleyhinə səsverməyə çağıran baş nazir Tsipras referendumdan sonra deyib: “Bu gün biz demokratiyanın qələbəsini qeyd edirik.” Cənab Tsipras Afinanın danışıqlara yenidən başlamağa hazır olduğunu və ictimai mandatın ona kreditorlarla danışıqlarda daha böyük üstünlük verəcəyini deyib. Baş nazir seçicilərin “çox cəsur” seçim etdiklərini deyib.
Bu gün biz demokratiyanın qələbəsini qeyd edirikAleksis Tsipras
Müxalifət cənab Tsiprası ölkənin Avropa İttifaqına üzvlüyünü təhlükə altına almaqda günahlandırır. Yeni Demokratiya Partiyası referendumda ixtisarların leyhinə səsverilməsini təbliğ edəndən sonra, partiyanın lideri Antonis Samaras istefa verib.
Kreditorların ixtisar tələblərini geri çəkib, Yunanıstana daha çox xilas paketi verəcəyi naməlumdur. Ötən həftə Afina Beynəlxalq Valyuta Fonduna 1.8 milyard dollarlıq ödəmə edə bilməməsindən sonra, Avropa liderləri mənfi səsvermə nəticələrinin Yunanıstanın Avropa Birliyindən çıxmaq və siyasi baxımdan Avropadan ayrılmaq istədiyinə işarə olacağını bildiriblər.
Bazar günü minlərlə yunan Afinanın əsas meydanında toplaşaraq referendumun nəticələrini alqışlayıb.
Referendumda səs vermək üçün təxminən 10 milyon insan qeydiyyatdan keçib. Rəsmilər isə onların 62 faizinin səsvermədə iştirak etdiyini deyirlər.
Avrozona maliyyə nazirlərinin başçısı Ceron Dicselblom deyib ki, Yunanıstan iqtisadiyyatının bərpa olunması üçün “çətin tədbirlərin görülməsi və islahatların aparılması qaçılmazdır.”
Referendumda ixtisarların leyhinə səsverməni dəstəkləyənlər Yunanıstanın Avropadan başqa gələcək seçimi olmadığını deyir.
Avrozonadan çıxarılsa Yunanıstan yenidən öz valyutası olan draxmadan istifadə etməyə başlayacaq. Yunanıstandan başqa digər ölkələrin isə bu valyutanı qəbul etməkdən imtina edəcəyi gözlənilir.
Referendumdan öncəki həftə yunanlar üçün çox ağır keçib.
Hökümət pulun bitməsinin qarşısını almaq üçün insanların banklardan çıxara biləcəkləri pula limit qoyulub. Supermarketlərdə ərzaq bitmək üzrədir.
Avropa liderləri Afinanı iqtisadi islahatları rədd etməkdə ittiham edirlər. Yunanlar isə fədakırlıqlar göstərildiyini və özlərini artıq kreditorların qulları kimi hiss etdiklərini deyir.