Accessibility links

Yens Stoltenberq: “Azərbaycan NATO-nun yaxın tərəfdaşıdır”


Yens Stoltenberq
Yens Stoltenberq

Azərbaycan NATO-nun yaxın tərəfdaşıdır, beynəlxalq sülh və təhlükəsizliyin bərqərar olunmasında alyans ilə sıx əməkdaşlıq edir.

Bu barədə NATO baş katibi Yens Stoltenberq Vaşinqtonda NATO-nun təsis olunmasının 70-ci ildönümü münasibətilə NATO xarici işlər nazirlərinin iclası çərçivəsində mətbuat üçün açıqlamasında deyib.

O, NATO-nun rəhbərliyi altında Əfqanıstanda həyata keçirilən "Qətiyyətli dəstək" missiyasına Azərbaycanın əhəmiyyətli hərbi qüvvə və multimodal tranzit töhfəsi verdiyini diqqətə çatdırıb.

Bundan əlavə, NATO baş katibinin sözlərinə görə, 2017-ci ildə fəaliyyətə başlamış Bakı-Tbilisi-Qars dəmir yolu NATO-ya üzv dövlətlər tərəfindən Əfqanıstana və geriyə daşımalar zamanı istifadə olunur.

Yens Stoltenberqin bəyanatı ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinin şərhində deyilir ki, Azərbaycanla NATO arasında tərəfdaşlığın əsası 1994-cü ilin mayında Sülh Naminə Tərəfdaşlıq çərçivə sənədinin imzalanması ilə qoyulub.

2003-cü ildən Azərbaycan NATO-nun Əfqanıstanda həyata keçirilən əməliyyatına töhfə verir. Hazırda Azərbaycanın 6 nəfər qərargah zabiti və 2 nəfər hərbi həkim olmaqla 120 nəfərlik heyəti Alyansın Əfqanıstandakı "Qətiyyətli dəstək" missiyasının tərkibində xidmət edir.

2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun işə salınması ilə Əfqanıstana multimodal daşımalar üçün geniş imkanlar yaranıb. Bu yol Lapis-Lazuli nəqliyyat dəhlizinin əsas hissəsini təşkil edir və NATO dövlətlərindən Əfqanıstana fasiləsiz və təhlükəsiz daşımalara mühüm töhfə verir, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti qeyd edib.

XS
SM
MD
LG