İslam Dövləti qrupu Yəmənin paytaxtı Sana şəhərində baş vermiş dörd bomba partlayışının məsuliyyətini üzərinə götürüb. Hadisə zamanı 31 adam həlak olub, 20-yə yaxını isə yaralanıb.
Militantlar bildirib ki, partlayış İranın dəstəklədiyi şiə Huti üsyançılarından qisas almaq məqsədilə törədilib.
Partlayışlar üç məscid və Hutilərin siyasi ofisində törədilib.
İslam Dövləti qrupu Yəməndə öz nüfuzunu artırmağa çalışır. Huti üsyançıları isə militant qruplara və qəbilə milislərinə qarşıdırlar. Hər iki tərəf ölkədə hakimiyyətlərini gücləndirməyə çalışırlar.
Huti üsyançı qrupu keçən il paytaxtı ələ keçirdikdən sonra beynəlxalq ictimaiyyət tərəfindən tanınan prezident Abdu Rabu Mansour Hadi Səudiyyə Ərəbistanına qaçıb.
Səudiyyənin başçılıq etdiyi ərəb koalisiyası Yəmən hökumətinə dəstək olaraq Huti üsyançılarına qarşı hava hücumları həyata keçirir.